525.Az

"Gecikdiyim qatarlar" - Bilal Alarlının şeirləri


 

"Gecikdiyim qatarlar" - <b style="color:red">Bilal Alarlının şeirləri </b>

GECİKDİYİM QATARLAR

Ömür ötüb keçdi yel kimi,
Arzularımı külək apardı.
Sevmədiklərimi dəfn elədim xatirələrimdə,
Sevdiklərim ürəyimdə tufan qopardı.
Əsdim beləcə kiminin üstünə külək kimi,
Kiminin də ömrü-günü üçün əsdim.
Özgələrin yolunda işıq oldum bəzən.
Bəzən də özüm öz yolumu kəsdim.
Bircə günümü qaytara bilsəm geri
Bütün günahlarıma o günü çıraq elərəm.
Çırpıb getdiyim qapılardan təzədən keçərəm,
Keçərəm hamıdan, hamını keçərəm,
özümə gələrəm.
Ötüb keçdi hər şey,
İndi günlərim də sürət qatarıdı elə bil.
Əlində bilet,
perronda gözləyən sərnişin kimiyəm,
Gecikdiyim qatarlar geri dönən deyil.
Gülməyin, siz Allah, bu vurhavurda
Mənimçün qazılmış qəbir yadıma düşmür.
Neyləyim ki, həyat
acılı-şirinli xatirələrsiz ötüşmür.
Yaxşı-yaman yaşadım, demədim,
bu da gün-güzərandımı,
bu da həyatdımı?
Gecikdiyim qatarların dalınca boylanmadım
və soruşmadım heç
bileti əlimdə qalan yerlərdə oturanlar
mənzil başına çatdımı?

ŞEİR

Həmişə aciz olanda,
dərdlərin əlində əsir-yesir qalanda
şeir yazıram.
Qəm zümzümə edir,
kədər nalə çəkir,
ürək sızıldayır,
həzin-həzin nəğmə deyir,
yazıram.
Qınayıram özüm özümü,
hərdən ürəyim bulanır,
amma qaytarmıram,
çiy yeyirəm sözümü,
dilimi zəhərləyən həb kimi
çeynəyirəm sözümü.
Və utanıram
əlimi-qolumu ölçə-ölçə
şeir deməyə,
şişirtmələrdən,
bənzətmələrdən,
boyamalardan
xəcalət çəkirəm.
Hünər meydanında
dilimə güc verdiyimə görə
ət tökürəm.
İncimə, şeirim,
əlim hər yerdən üzüləndə
səni həmdəm bilirəm özümə.
Nə yaxşı ki,
ətalətə boyun əymirəm,
Tanrı önündə dua edirmiş kimi
səcdəyə gəlirəm
sözümə.

YUXU

Hamı yatanda
yola çıxmaq çətindir,
üstümə hürən itlərin
arasından keçib gedirəm.
Gündoğana
doğuram Günəş kimi,
keçdiyim yolları
nura qərq edirəm.
Di gəl ki
işığımı görmür
qaranlıq adamlar.
Bilirsən, yolumun üstündə
nə qədər
qaranlıq adam var?!
Məni uzaqlara,
lap uzaqlara aparan
öz ayağımla açdığım cığırlarda
tək olduğumu görürəm.
Sonra da deyirlər,
adama yovuşmuram,
sərgərdan bir ömür sürürəm.
Yovuşmaq necə olur,
atam balası,
bu yolun yolçuluğunu
yolu başa vurmamış
atımmı?
Mən də gedib
hamı kimi
başımı atıb
yatımmı?

NƏĞMƏ

Sən oxuma, bülbül,
Qoy mən oxuyum,
Mənim dərdim daha böyükdü.
Səni oxudan güllər, çiçəklərdi,
Mənim nəğməmə
sənin dərdin də yükdü.
Sən uçursan budaqdan-budağa,
Mənim ürəyim uçur
Sənin qanad çaldığın yerə.
Sən özünü göylərin övladı sanırsan,
Mənim ruhum həsrətdi göylərə.
Sən oxuma, bülbül,
Qoy mən oxuyum
Sənin vətən bildiyin
Torpağın dərdlərini.
Sən də tanı
Bir "Şikəstə"nin
ağlatdığı elin
Mərdlərini,
namərdlərini.
Sənə nə var?
Oxuyub gedəcəksən.
Bəlkə də özünü
bir nəğməyə qurban edəcəksən.
Mənsə
İçimdə boğulan səslə
Qovrula-qovrula qalmışam.
Öz boyumca deyiləm,
Mən çox qısalmışam,
Çox qısalmışam.

SON DUAM

Ulu Tanrı, mərhəmətinə sığınıram,
Səndən
mənə verdiklərindən özgə
heç nə istəmirəm.
Hüzurunda çox səhvə yol vermişəm,
günahımdan keçmə, istəmirəm.
Nə var həvəskarıyam,
nə də dövlət,
İştahım da həddini aşmır.
Bu dünyanın malına-mülkünə boyun əymək
mənə yaraşmır.
Nə veribsən, bəsimdi,
nə verərsən, özün bilərsən,
uzun ömür də yaşamaq keçmir ürəyimdən.
Razıyam "kasıb" süfrəmdən,
süfrəmi bəzəyən duzumdan-çörəyimdən.
Ruzi diləmişəm həmişə,
bolluğa meylim olmayıb.
Bilirəm,
elə də çox ömrüm qalmayıb.
Bir diləyim var səndən, Ulu Tanrı,
son duamı eşit,
mənə ləyaqətli bir həyat vermisən,
ləyaqətlə yetir
bu ömrü
son ana da.
Ömrümün sonunda
məni möhtac eləmə
boynunda haqqım olan
insana da.

 





14.01.2020    çap et  çap et