525.Az

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr - Telman Orucovdan yeni silsilə


 

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr - <b style="color:red">Telman Orucovdan yeni silsilə </b>

Giriş 

Beynəlxalq aləm təlatümlü dənizə bənzəyir. Təhlükəli münaqişə dalğaları daha qorxulu hadisələri gündəliyə gətirmək üçün aram vermədən bir-birinin ardınca gəlir, müharibələr qəzəb ilahəsi Furiya kimi öz iyrənc fəaliyyətindən əl çəkmək istəmir. Bəşəriyyət, dəhşətləri ilə yadda qalan XX əsrlə vidalaşdıqda güman edirdi ki, yeni əsr ona ən azı sakit həyat, sosial-ictimai sabitlik gətirəcək, atəş səsləri körpələrin rahatlığına xələl gətirməyəcəkdir.

Lakin XXI əsr ona bəslənən ümidləri doğrultmadı, yeni bəla simvolu olan iri miqyaslı terrorizmi meydana gətirdi. Terrorizmlə mübarizə pərdəsi altında isə yeni silahlı münaqişə, məhvedici müharibə hadisələri baş verdi. Əsrin lap əvvəlində, 2001-ci ilin 11 sentyabrında Üsamə ben Ladenin başçılıq etdiyi terrorist qrupu, sonralar onun böyük şəbəkəyə malik olduğu məlum oldu, Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki möhtəşəm binasına - "twin" adlanan 110 mərtəbəli göydələnlərə ələ keçirdiyi iri sərnişin təyyarələrini çırpdı, hər iki bina görünməmiş həmləyə davam gətirməyib, çökdü. Üç min nəfərə qədər insan həlak oldu, şəhərə, ölkəyə dəyən maddi ziyan isə heç bir ölçüyə sığmırdı.

Dünyanın hərbi, iqtisadi, elmi, texnoloji cəhətdən ən qüdrətli dövlətinə, onun ürəyi sayılan Nyu-Yorka ağır zərbə vurmuşdu. Özü də CNN-in birbaşa translyasiyası hesabına bütün dünya bu fəlakətli hadisəni, faciəni izləmişdi. ABŞ prezidenti Kiçik Corc Buş terroristlərdən qisas yolunu axtarmağa başladı, "günahkar keçi"lərdən biri kimi İraqı tapdı və 2003-cü ildə ABŞ silahlı qüvvələri İraqa böyük miqyasda hücuma keçdi. Səbəb kimi isə əslində, bir uydurma bəhanə tapılmışdı, guya İraq prezidenti, ölkəni diktator üsulları ilə idarə edən Səddam Hüseyn kütləvi qırğın silahına malikdir və bunu öz xalqına qarşı istifadə edə bilər. Müharibə İraqın məğlubiyyəti, Səddamın həbs və edam edilməsi ilə nəticələndi. Lakin etibarlı komissiya ölkədə kütləvi qırğın silahından əsər-əlamət tapmadığını bildirdi. Nisbətən sakit yaşayan İraq toqquşmalar meydanına, xarabalıqlar məkanına çevrildi.

ABŞ öz səhvindən nəticə çıxarmaq əvəzinə, sonrakı prezident Barak Obamanın dövründə Liviya diktatoru Möəmmər Qəddafini devirmək üçün müxalifətə kömək məqsədilə münaqişəyə müdaxilə etdi və Qəddafinin linç qaydasında məhv edilməsinə nail oldu.

Bir qədər sonra Suriyada əsl vətəndaş müharibəsi başlandı. ABŞ İsrailin təhriki ilə prezident Bəşər Əsədi vəzifədən uzaqlaşdırmaq üçün silahlı müxalifətə hər cür yardım göstərirdi. Bu vaxt Rusiya Əsədə kömək etmək mövqeyindən çıxış etdi və ölkənin qanuni seçilmiş prezidentinin vəzifədə qalmasına kömək etdi. Rusiyanın hərbi yardımı ilə islamçı terroristlərin, silahlı müxalifətin hakimiyyəti altında olan bir sıra mühüm şəhərlər və əksər ərazi azad edildi.

Bədbəxt Yaxın Şərq elə bil ki, silahlı toqquşma virusu ilə sirayətlənmişdir. Yəməndə husitlər hökumət başçısı əleyhinə mübarizəyə qalxdıqda o, ölkədən qaçıb Səudiyyə Ərəbistanının himayəsinə sığındı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri fərari baş naziri müdafiə etmək, kürsüsünə qaytarmaq məqsədilə husitlər üzərinə, xüsusən Xodeyda şəhərinə bomba yağdırmağa başladı. Çox sayda mülki əhali qırıldı, aclıqla müşayiət olunan humanitar böhran baş verdi. Beynəlxalq aləm isə yəmənlilərin bu fəlakətinə biganə qalmaqda davam edirdi.

Hind eposu "Kəlilə və Dimnə"də onun nəslini ayaqları ilə tapdalayıb öldürən fildən qarışqanın intiqam alması təsvir olunur. Qarışqa fili aldadıb qabağına düşür və fil qarışqanın ardınca irəliləyib, uçuruma yuvarlanıb məhv olur. Husitlər də Səudiyyə Ərəbistanından qarışqaya bənzər qaydada qisas aldı. Gözlənilməyən bir halda 2019-cu ilin 15 sentyabrında husitlərin uçurduğu 10 pilotsuz təyyarə (dron) ölkənin iki ən iri neftayırma zavoduna bomba atıb, onların yanğınına səbəb oldu. Fəlakət təkcə Səudiyyə Ərəbistanına ağır təsir göstərmədi, dünyada neftin qiyməti sürətlə qalxdı. Qarışqa bir fili məhv etmişdi, husitlər isə təpədən dırnağa qədər silahlanmış, ən varlı bir ölkə olan Səudiyyə Ərəbistanına ağır zərbə vurmuş, onu sarsıtmışdı. Ölkədəki iki iri neftayırma zavodu dronların atdığı bomba nəticəsində partladılmışdı. Neft istehsalı iki dəfə azalmış, dünya bazarında isə neftin qiyməti 20 faiz artmışdı. Bu zərbə həm də bütün dünyanın iqtisadi həyatına öz təsirini göstərmişdi.

Səudiyyə Ərəbistanı neftdən gələn nəhəng gəlirlər hesabına dünyada ən böyük hərbi büdcəsi olan üçüncü ölkədir. Dünya bazarında silah satın alınmasına görə də ikinci yeri tutur. ABŞ prezidenti Donald Tramp bu ölkədə səfərdə olarkən kral Salmanla qarşıdakı illərdə Birləşmiş Ştatlardan 110 milyard dollar məbləğində silah almaq barədə müqavilə imzalamışdı. Ölkəyə ən müasir silahlar axsa da, onun hərbçiləri hətta strateji müəssisələrinin təhlükəsizliyini də təmin etməyə qadir olmadıqlarını göstərdi. Öz dini məzhəbinin təsirini gücləndirmək, vəhhabiliyi müsəlman ölkələrində yaymaq üçün Səudiyyə Ərəbistanı iri məbləğdə pul xərcləməkdən də çəkinmir. Ən sərt diktatura rejiminin cövlan etdiyi bu ölkədə bəzi hallarda orta əsrlər cəhaləti hakim kəsilir, lakin o, ən adi sayılan tənqidə qarşı da təəccüblü bir immunitetə malikdir. Başqa ölkələrdə insan haqlarına riayət edilməməsinə qarşı az qala səlib yürüşü elan edən qüdrətli dövlətlər Səudiyyə Ərəbistanında baş verənlərə göz yumur və əslində, dəvəquşu siyasəti həyata keçirirlər. İş o yerə gəlib çatmışdır ki, ölkənin İstanbuldakı konsulluğunda, ölkədən qaçmış jurnalist Qaşıqçı vəhşicəsinə öldürülür və bu cinayətə görə adı daha çox hallanan prints Məhəmməd ben Salman öldürülənin övladlarını qan pulu ödəməklə, atasının qətlə yetirilməsi barədəki iddialardan onların uzaqlaşmasına nail olur. ABŞ isə Səudiyyə Ərəbistanı rəhbərliyinin bu cinayətdə əli olmaması barədə onların bəyanatlarına şübhə etmədiyini bildirir. Təzyiqlərə baxmayaraq, Türkiyə isə öz ərazisində, əslində, konsulluq eks-ərazi prinsipinə malikdir, bu biabırçı hadisənin baş verməsinə görə öz ittiham xarakterli iddialarından əl çəkmir.

Bütün bu icmal şəklindəki misallar beynəlxalq aləmin daim təşviş, həyəcan mənbəyi olaraq qaldığını göstərir. Çünki beynəlxalq münasibətlərdə vahid dəyərlər sistemi, prinsiplər fəaliyyət göstərmir. Qüdrətli dövlətlərin və onun əlaltılarının mənafeyi başlıca amilə çevrilərək baş verən kataliksizmlərə münasibətdə də aparıcı mövqeyə sahib olur. Tarixdə çox sayda münaqişələr, müharibələr, inqilablar baş vermiş, bunlar da insanları faciələrlə, ehtiyaclarla və acı həyat tərzi ilə üzləşdirmişdir. Adətən, sosial kataklizmlərin vurduğu yara çox gec sağalır, bu məsələdə onlar hətta Yer kürəsinin konfiqurasiyasını dəyişməyə də qadir olan təbii fəlakətləri də geridə qoya bilir.

Bütün ağır sınaqlara baxmayaraq, tarix öz yolu ilə irəliləməkdə davam edir. Həm də öz dərslərindən öyrənmək, ibrət götürmək mənbəyi olduğunu yada salır. Əgər tarixi təcrübə ağıllı qaydada təhlil olunsaydı, ona uyğun olaraq yol, vasitə, hərəkət metodu seçilsəydi, bu da, yəqin ki, faciəli hadisələrin sayını xeyli azaldardı, adamlar nisbətən uzun müddət ərzində sakit, atəş səsi eşidilməyən bir mühitdə yaşamaq imkanına malik olardı və bunu ən azı nisbi xoşbəxtlik kimi qiymətləndirərdi. Təəssüf ki, siyasətçilər, bəlkə də, idraklarındakı qüsurlara görə əvvəllər baş verən fəlakətlərə məhəl qoymur, yenə də insanları müharibə alovunda yanmağa, kütləvi qırğınlara sürükləyirlər. Elə bil ki, onlar xeyir və şərin mahiyyətini də unutmuşlar. Bu sahədə vidalaşdığımız XX əsr bəşər tarixində ən biabırçı zaman kəsiyi hesab olunmalıdır. Çünki həmin yüzillikdə digər lokal toqquşmalarla yanaşı, iki Dünya müharibəsi getmişdi.  

Dünya müharibələri 

Bəzi tarixçilər Yediillik müharibəni (1756-1763-cü illər) ilkin baş verən Dünya müharibəsi adlandırırlar. Doğrudan da, bu müharibədə Rusiya da daxil olmaqla 9 Avropa dövləti vuruşmuşdu, döyüşlər həm də təkcə həmin qitədə deyil, Şimali Amerikada və Asiyada da getmişdi. Onun başlanmasına səbəb isə müstəmləkələr uğrunda ingilislərlə fransızların mübarizəsinin kəskinləşməsi və Prussiyanın maraqlarının qonşu üç dövlətin - Avstriya, Fransa və Rusiyanın mənafeləri ilə toqquşması olmuşdu.

Yeddiillik müharibənin başlıca yekunu müstəmləkələrə sahib olmaq və ticarət birinciliyi uğrunda Böyük Britaniyanın Fransa üzərində qələbəsi oldu. 1763-cü il Paris müqaviləsinə görə, Fransanın müstəmləkə əraziləri olan Kanada, Şərqi Luiziana, Hindistandakı Fransaya məxsus olan torpaqların çox hissəsi Böyük Britaniya hökumətinə keçdi.

Lakin XX əsrdə baş verən iki dünya müharibəsi nömrə ilə sıralandığından XVIII əsrdə gedən müharibə dünya müharibəsi sayılmır. İki dağıdıcı, viran qoyucu müharibənin baş verdiyi XX əsr bəşəriyyət üçün utandırıcı olmaqla yanaşı, görünməmiş itkilərə səbəb oldu, bədbəxtliklər daşqını əmələ gətirdi.

Birinci Dünya müharibəsi 

38 dövlətin iştirak etdiyi Birinci Dünya müharibəsi  (01.08.1914-11.11.1918-ci illər) dörd il ərzində Avropaya görünməmiş dəhşətlər nümayişi olmaqla yanaşı, 10 milyon adam həlak olmuş, 20 milyon adam yaralanmışdı, həm də onun sonunda dörd iri və qüdrətli imperiyanın tarix səhnəsindən silinməsi baş vermişdi. Müharibənin başlıca təşəbbüsçülərli və iştirakçıları olan Almaniya, Avstriya-Macarıstan və Rusiya imperiyaları dağıldı. Almaniyanın müttəfiqi olan Osmanlı imperiyası da süqut etdi, onların xarabalıqları üzərində xeyli sayda müstəqil dövlətlər yarandı. Almaniya Afrikadakı üç müstəmləkəsini, Uzaq Şərqdəki torpaqlarını itirdi, yarım əsrə yaxın əvvəl əldə etdiyi Elzas və Lotaringiya kimi faydalı əyalətlərdən məhrum olmaq məcburiyyətində qaldı. Həmçinin, Şərqi Prussiyada və Yuxarı Sileziyada bəzi ərazilərini də itirdi. Almaniyanın müstəmləkələri qalib dövlətlər arasında bölündü.

1871-ci ildə Versalın Güzgülü salonunda Almaniyanın birləşməsi baş vermişdi. 1919-cu ildə həmin Versalda Almaniya üçün ağır hökm xarakteri daşıyan və ona nəhəng məbləğdə təzminat ödəmək kimi cəza verən müqavilə imzalandı. Vaxtilə Fransa üzərində qələbə çalan Almaniya indi məğlub kimi qaliblər qarşısında cavab verməli olmuşdu. Versal müqaviləsi özünün dəhşətli cəzası ilə almanları görünməmiş təhqirə məruz qoydu. Müqaviləyə görə Almaniya qaliblərə astronomik məbləğdə təzminat ödəməli idi. Təzminatın məbləği 100 min ton qızılın dəyərinə bərabər idi. Bu, Almaniyaya qarşı olduqca ağır, əslində, qeyri-real bir cəza olmaqla, əsl soyğunçuluq nümunəsi idi. Belə dəhşətli münasibət gələcəkdə almanlarda revanşizm hisslərini qızışdırmaya bilməzdi. Bu hisslər isə Hitlerin şəxsində monstrı həyata gətirməkdə heç də az rol oynamadı. I Dünya müharibəsinin qəhrəmanı, Fransa marşalı Ferdinand Foş Versal müqaviləsini sülh üçün olmayıb, 20 il ömrü olacaq müvəqqəti barışıq adlandırmışdı. Onun peyğəmbərliyi çox dəqiq idi, 20 il sonra Nasist Almaniyası II Dünya müharibəsininin başlanmasının bədnam təşəbbüskarı oldu

Avstriya-Macarıstan imperiyası vaxtilə öz geniş ərazisi ilə öyünürdü, əhatə etdiyi 12 iri xalqı öz ağalığında birləşdirdiyinə görə qurama yorğan təsəvvürü bağışlayırdı. İmperiya parçalandıqda onun yerində zəif Avstriya, Macarıstan və Çexoslovakiya dövlətləri meydana gəldi. Ərazilərinin bir hissəsi Yuqoslaviyaya, Polşa, Rumıniya və İtaliyaya keçdi.

(Ardı var)

 





14.01.2020    çap et  çap et