525.Az

"Gənclərə dəstək" layihəsi çərçivəsində daha bir konsert


 

"Gənclərə dəstək" layihəsi çərçivəsində daha bir konsert <b style="color:red"></b>

Yanvarın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində ilin ilk konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilən konserti Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Konsertdən öncə musiqişünas Sara Murad bildirib ki, layihə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, tanınmış pianoçu, Xalq artisti Murad Adıgözəlzadənin təşəbbüsü ilə reallaşıb. Layihənin məqsədi gənc və istedadlı ifaçılara şərait yaratmaq, onların özlərini kəşf etmələrinə dəstək olmaqdır. Qeyd edilib ki, bu layihə ilə ifaçılara gözəl şərait yaradılıb ki, ölkənin ən aparıcı musiqi kollektivlərində çalışan tanınmış Azərbaycan dirijorları ilə eyni səhnəni bölüşsünlər.

Vurğulanıb ki, layihə çərçivəsində reallaşan konsertlər müxtəlif mövzulara həsr olunur və tamaşaçılar konsertlərdə həm vokal, kamera instrumental, həm də sinfonik və muğam axşamlarının şahidi olurlar.

Sonra konsert proqramı təqdim edilib.

Konsert zamanı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş "Rondo", Dəniz Şərifovanın "Xatirələr", Nicat Əhmədzadənin "Düşüncə", Lalə Əhmədovanın "Elegiya" və "Skertso" simfoniyaları səsləndirilib.

Solistləri Nəzrin Babayeva (Fortepiano), Şeyda Ələsgərova (Fleyta), Əməkdar artistlər Əyyub Əliyev və Aleksey Miltıx olan konsert proqramı maraqla qarşılanıb.

 





15.01.2020    çap et  çap et