525.Az

Xalq şairi Məmməd Araz Ağdaşda anılıb


 

Xalq şairi Məmməd Araz Ağdaşda anılıb<b style="color:red"></b>

Ağdaş rayonunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Ağdaş rayon mərkəzi kitabxanasının oxu zalında keçirilən tədbirdə şairin həyat və yaradıcılığından geniş söhbət açılıb: "Azərbaycan ədəbiyyatının inkişafında Xalq şairi Məmməd Arazın müstəsna xidmətləri vardır. Onun təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası Məmməd Araz dühası hesabına daha da zənginləşib. Görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmməd Arazın 80 illik yubileyi haqqında" Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalılarının, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir".

Tədbirdə qeyd olunub ki, M.Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan şair-publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaş olub. O, harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq bütün ömrü boyu bir vəzifəni, yəni poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək vəzifəsini icra edib. Tədbirdə məktəblilər şairin "Ayağa dur Azərbaycan", "Vətən mənə oğul desə", "Azərbaycan dünyam mənim", "Ata millət, Ana millət, ayağa dur" şeirlərini söyləyiblər.

S.ABDULLAYEVA

 

 





13.11.2013    çap et  çap et