525.Az

Çap məhsullarından ƏDV-nin ləğvi yenidən gündəmdə


 

MƏTBUAT ŞURASININ SƏDRİ BAŞ NAZİRƏ MÜRACİƏT EDİB

Çap məhsullarından ƏDV-nin ləğvi yenidən gündəmdə <b style="color:red"></b>

Azərbaycanda çap mediasının bir sıra problemlərinin olması heç kimə sirr deyil. Baxmayaraq ki, dövlət tərəfindən çap mediasının fəaliyyəti üçün dəstək göstərilir, maliyyə yardımı ayrılır, amma yenə də problemlər qalmaqdadır.

Hazırda demək olar ki, bütün dünyada onlayn media, sosial şəbəkələr əsas informasiya mənbəyinə çevrilib, bu tendensiya özünü Azərbaycanda da göstərməkdədir. Amma belə bir fikir də hakimdir ki, ənənəvi medianın tam şəkildə sıradan çıxarılması mümkün deyil. Çünki çap mətbuatı həm də bir tarixdir, eyni zamanda, bu gün də sadiq oxucular var ki, onlar hər gün köşklərdən qəzet alırlar, onu həmişəki həvəslə, maraqla oxuyurlar. Amma mövcud problemlər qəzetlərin gələcəyi üçün o qədər də nikbinlik vəd etmir. Bu problemlərdən biri də çap məhsullarına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsidir. Baxmayaraq ki, ƏDV-nin aradan qaldırılması üçün dəfələrlə jurnalist qurumları, o cümlədən, Mətbuat Şurası aidiyyatlı qurumlara müraciət edib, bununla bağlı müzakirlər təşkil olunub, amma hələ ki, ƏDV aradan qaldırılmayıb. Ekspertlər, KİV rəhbərləri düşünürlər ki, çap məhsullarına tətbiq edilən ƏDV-nin aradan qaldırılması yazılı mətbuatın inkişafında müəyyən bir addım ola bilər. Üstəgəl, dövlət büdcəsinə ƏDV-nin tətbiqindən elə də böyük vəsait daxil olmur. Qəzet kağızının, digər materialların qiyməti artıb, onlar dollarla alınır və xaricdən gətirilir. Bunun üzərinə əlavə dəyər vergisi də tətbiq edilir. Bu da qəzetlərin onsuz da yaxşı olmayan durumunu daha da ağırlaşdırır.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var. Çap məhsullarına ƏDV 2016-cı ildən tətbiq edilməyə başlayıb.

Əgər ƏDV aradan qaldırılarsa, bu, çap mediasının inkişafına, maliyyə imkanının nisbətən artmasına müsbət təsir göstərə bilər. Qeyd edək ki, problem dəfələrlə Milli Məclisin iclaslarında da gündəmə gətirilib.

Bu yaxınalrda isə Mətbuat Şurasının sədri  Əflatun Amaşov məsələ ilə bağlı Azərbaycanın Baş Naziri Əli Əsədova məktub ünvanlayıb. Məktubda vurğulanıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2005-ci ildən idxal olunan 50-ə yaxın məhsulun, o cümlədən, hazır çap məhsullarının və qəzet kağızının Əlavə Dəyər Vergisindən azad olunması ilə bağlı 11 saylı qərar qəbul etdi. Vergi Məcəlləsinin eyni məsələni nəzərdə tutan 164.1 və 164.1.7 ci maddələri qüvvədə ola-ola belə bir qərara ehtiyacın hansı zərurətdən yarandığı anlaşılmaz idi. Nəticədə faktiki vəziyyət bu oldu ki, 2006-cı ildən başlayaraq idxal olunan hazır çap məhsullarının və qəzet kağızının ƏDV-dən azad edilməsi həm 11 saylı qərarda, həm də Vergi Məcəlləsində öz əksini tapdı.

Məlum olduğu kimi, 2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edildi. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhz bunu əsas tutaraq ƏDV-nin tətbiqinə başladı.

Daha sonra məktubda vurğulanıb ki, yeni Vergi Məcəlləsinin 164.1 və 164.1.7 ci maddələrinin qüvvədə olduğu nəzərə alınmadı. Qeyd etdiyimiz məsələ ölkənin media ictimaiyyətini düşündürməkdədir: "Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində və digər aidiyyatı dövlət qurumlarında dəfələrlə müzakirələr də aparılıb. Araşdırmalarımız nəticəsində məlum olub ki, ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli olmayan vəsait qazandırır. Ancaq verginin tətbiqinin dayandırılması çap KİV-ini, onların məhsullarını cəmiyyətə çatdıran yayım firmalarının iqtisadi vəziyyətinə, bu sferada çalışan işçilərin sosial durumlarının yaxşılaşmasına kifayət qədər müsbət təsir göstərəcək. Onu da bildiririk ki, qeyd etdiyimiz məsələlər Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri ilə də müzakirə etmişik. Onalar ƏDV-nin dövlət büdcəsinə əhəmiyyətli vəsait qazandırmadığını nəzərə alaraq, onun dayandırmasını mümkün sayırlar və etiraz etmirlər".

PƏRVANƏ

 





15.01.2020    çap et  çap et