525.Az

UNEC-də qış imtahan sessiyası ilə bağlı ilk "Açıq qapı" günü


 

UNEC-də qış imtahan sessiyası ilə bağlı ilk "Açıq qapı" günü <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı ilk "Açıq qapı" günü keçirilib.

"Açıq qapı" günündə UNEC-in rektoru, professor Ədalət Muradovla birlikdə İctimai Nəzarət Şurasının üzvləri - təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, həmçinin, universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

"Açıq qapı" gününün imtahan sessiyası ilə bağlı keçirilməsinə baxmayaraq, bu məsələyə aid müraciətlər az olub. Bu barədə cəmi 3 tələbənin müraciəti olub ki, onlar da dinlənilərək ətraflı araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıq verilib. Bundan başqa, təhsil haqqı ilə bağlı rektora ünvanlanan valideyn müraciəti elə professor Ədalət Muradov tərəfindən müsbət həll edilib.

"Açıq qapı"da işə qəbulla bağlı da müraciətə baxılıb. Qəbulda, habelə tanınmış naşir, "Qanun" Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlunun təklifləri dinlənilib. UNEC-in, bu nəşriyyatın məhsulu olan və iqtisadiyyatın müxtəlif sahələrinə aid kitabları alması, universitetin tədqiqatçıları ilə birgə elmi nəşrlərin hazırlanması, ümumiyyətlə UNEC-lə nəşriyyat arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Nəzərə alınıb ki, irəli sürülən təkliflər göstərilməklə UNEC-lə "Qanun" Nəşriyyat Evi arasında əməkdaşlığa dair memorandum layihəsi hazırlansın və qəbul edilsin.

"Açıq qapı" günü ilə bağlı təəssüratlarını bölüşən İctimai Nəzarət Şurasının üzvü,  təhsil eksperti, professor Şahlar Əsgərov deyib ki, "Açıq qapı"da rektorla birgə müraciətləri dinlədik. Təəssüratlarım  müsbətdir, burada iştirakımdan çox razı qaldım: "UNEC-də rektorun "Açıq qapı" günündə İctimai şuranın üzvü Osman Gündüz ilə birlikdə iştirak etim. Həftəlik qəbula cəmi 8 nəfər gəlmişdi. Mən bu fikrimi tez-tez təkrar edirəm: "İnsanlar kamil qərarlar qəbil etməklə şəxsiyyətə, dövlətlər kamil qərarlar qəbul etməklə qüdrətli dövlətə çevrilirlər". Rektor "Açıq qapı"ya gələnlərə isti münasibət göstərdiyindən onlar öz istək və arzularını rahat söylədilər. "Rektor-vətəndaş" münasibətini diqqətlə izlədim. Mənim düşüncəmə görə, insan fəaliyyətində ictimai və şəxsi mənafe ciddi rol oynayır. Əgər ictimai mənafe şəxsi mənafedən qat-qat çoxdursa, onda qəbul olunan qərarlar kamil olacaq. Rektorun qəbul etdiyi qərarlar kamil və milli mənafeyə uyğun oldu: gənc alim xanımın ingilis dilində mühazirə oxumaq arzusunu rektor məmuniyyətlə qəbul etdi; qaçqın və yaşlı ananın övladının təhsil haqqı probleminə rektor həssas yanaşdı və xahiş qəbul olundu; qəbula gələn tələbələrin də xahişləri qanun çərçivəsində müsbət həll edildi. Ancaq müstəqil dövlətdə universitet rektorları belə qərarlar qəbul edə bilərlər. Müstəqilliyimizi qoruyaq".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə UNEC-də aparılan innovasiyaları yüksək qiymətləndirib. Onun fikrincə, yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. UNEC-də təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir: "Mən UNEC-də savadlı, elmli, bilikli, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran tələbələr görürəm. Gələcəyimiz olan gəncləri bu səviyyədə görmək məni çox sevindirdi. UNEC-də son illər bir çox mühüm yeniliklər tətbiq olunur. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir. UNEC-də tələbə təşəbbüslərinə daha çox yer verildiyini müşahidə edirəm və bunu alqışlayıram. UNEC ölkədə iqtisadiyyat sahəsində baza rolunu oynayan əsas təhsil ocağıdır. Hesab edirəm ki, burada peşəkar mütəxəssislərin yetişməsi üçün yeniliklərin davam etdirilməsi zəruridir. Artıq bu istiqamətdə universitetdə müvafiq tədbirlər həyata keçirilir. Bu da hər birimizi çox sevindirir".

Qeyd edək ki, UNEC rektorunun "Açıq qapı" günləri hər həftənin şənbə günü olmaqla qış imtahan sessiyasının sonuna kimi davam edir.

S.QARAYEVA

 





15.01.2020    çap et  çap et