525.Az

Bir inanmış adam və qurban deyilmiş bir ömür - Məmməd İsmayıl


 

Bir inanmış adam və qurban deyilmiş bir ömür - Məmməd İsmayıl<b style="color:red"></b>

"Haqdan gələn şairin səsi qürbətdən gələr"
Məmməd İsmayıl
 

"Şeir bizdə ata idmanıdır" - deyir və əlavə edirdi Əziz Nesin: "Hər üç türkdən dördü şairdir". Bəli, şeir qədimlərdən sürüb gələn bir adətdir bizdə, ay ulduzlu bayraq kimi, Vətən edilmiş torpaq kimi, bizimdir, bizdəndir. Türk millətinin yetişdirdiyi dünyaca ünlü şair Nazım Hikmət, İstiqlal şairimiz Məhmət Akif üçün bu misralara yer verir "Qurtuluş savaşı dastanı"nda:  "Akif böyük şair, inanmış adam". Bu yazının adı Nazımın Akifə dair söylədiyi bu misralardan götürülüb. İsim Nazım və Akifdən, amma yazı bir başqa böyük türk şairinə, Məmməd İsmayıla dair. Akif inanmış adam, Nazim da onun kimi. Bir də Məmməd İsmayıl var, inanmışlığın ətə sümüyə bürünmüş halı. İsmindən cisminə bir ənənədir o. Özü adı, soyadı haqqında yeri düşəndə belə tərif deyir: "Adım yer üzündə ardından milyardları götürən, bütünlüklə bir əxlaq və inam öndəri, son peyğəmbər Hz. Məhəmməddən (Məhəmməd- Məmməd) gəlir. Soyadımın isə bir yox, iki qaynağı var, İbrahim peyğəmbərin Allah yolunda qurban seçilmiş və sonra bağışlanılmış oğlu İsmayıl, bir də büyük türk şairi və hökmdarı Şah İsmayıl Xətayidən. Bax mənim gücüm bunlardan, ad və soyadımdan gəlir". İsmindən gələn güc və cismində əks olunan əsilliklə bir başarı örnəyidir Məmməd İsmayıl.

Böyük bir qürurdur böyük bir şairlə çağdaş olmaq, hələ onunla tanışıp söhbətinə  qarışmaq isə bambaşqa bir şansdır. Bütün bunları, məqaləni yazarkən ovqatımın necəliyini bilməniz üçün söyləyirəm, Məmməd İsmayılın söhbətinə nail olma şərəfiylə qələmə aldım bu yazını, söylədiklərimin əskiyi var, artığı yoxdur. Şeirdə çalışmanın önəmini gözardı etməməklə bərabər, ilhama mən də inanıram. Şeir bir insanın içindən gələn qeyri-adi bir doğuşdur məncə. Tam anlamıyla olmasa da qan qrupu kimi, barmaq izi kimi adamın yaradılışında vardır şairlik.  Şair fərqli görən, fərqlini görən adamdır. Heç kimsənin görmədiyi bir yeri kəşf edən, hər kəsin baxdığı yerdə kimsənin görmədiyini görüb söyləyənə şair deyilir. Şeir nə kəlmələri ard-arda sıralama, nə də qafiyəli, vəznli söz söyləmə işidir. Bu tanıtıma görə hər kəsə də şair deyilməz. Bir şair portreti cız desələr mənə, Akif kimi, Nazım kimi, Nəcib Fazıl kimi, Məmməd İsmayıl kimi birini çizərəm. Şairliyi, saydığım kişilərdən geri qalmaz Məmməd İsmayılın. Hansı yönündən başlayım deyə, çox uzun sürə düşündüm, çünki haradan başlasam, bəlkə də bir  kitab yazacaq qədər geniş məlumatlar vardı əlimdə. Köməyimə yenə Məmməd İsmayılın əsərləri çatdı, "Unutduğun yerdəyəm" kitabına baxarkən ilk bölüm çəkdi diqqətimi: "Haqdan gələn şairin səsi qürbətdən gələr". İlham dediyim də şairliyin şanındandır. Təsəvvüfdə yaradılanın yaradanın görüntüsü olduğu inamı vardır. Platonun ideyalar düşüncəsində ya da İbn Xəldunun kölgə nəzəriyyəsində eyni fikirlər təsdiqini tapır. Həqiqi varoluşa istər Platonun pəncərəsindən baxıb ideya deyək, istərsə də İbn Xəldunun islami söyləmə uyğunlaşdırdığı kölgə nəzəriyyəsindən yanaşaq, bu aləm bir gerçəyin  əks olunuşdur. İslami inanca görə də bu, Allahın isim və sifətlərinin inikasıdır. İnsan bunlardan ən çoxunu varlığında barındırandır. Şairin sözü də, bir baxımdan, Allahın ilhamıdır. Attila İlhanvari bir deyişlə "hansı şeir - hansı şair" sualına  ümumi olaraq "şairlər insanın təkamüllü bir halıdır" cavabını verə bilərik, daha çox da duyğusal bir təkamüldür bu. "Könül gözü" dedikləri ki var, onun açılmasıyla bağlıdır. İlham, şairliyin canındadır, demişdim, "şair sözü Haqqın sözüdür" deyir Məmməd İsmayıl. Təsəvvüfü xatırlamışdıq, yenə  təsəvvüfdə bu aləmin qürbət aləmi olduğu inanışı vardır. Həqiqi Vətən, Allahın yanı, dünya isə Məmməd İsmayılın da vurğuladığı kimi, "sürgün yeridir." Yəni hamımız qürbətdəyik və hamımız qəribik. Təkrar Məmməd İsmayılın sözü gəldi ağlıma: "Haqdan gələn şairin səsi qürbətdən gələr". Füzuli türkcə divanının ön sözündə, şeirə gənc yaşda başladığını, ancaq elmsiz şeir təməlsiz divara bənzəyəcəyi üçün şeir yazmağa bir sürə ara verib elmi təhsilini artırıb yenidən şeirə döndüyünü söyləyir. "Elmsiz şeir təməlsiz divara bənzər". Yuxarıda təsəvvüfə dair söylədiklərim oxuduğum onlarca məqalə və kitabdan ağlımda qalanlardır. Halbuki Məmməd İsmayıl bir misrada kitablar dolusu bilgini söyləməyin yolunu bulmuşdur. Çünki o, təsəvvüfü də Şah İsmayılı, Füzulini bildiyi kimi yaxşı bilir. Elmsiz bir şeirin təməlsiz divara bənzədiyini də  bilir, bununçün şeirinin özülünü sağlam atır. Şeirləri təhlil etdiyimdə tarix, teoloji, ədəbiyyat tarixi və sosioloji baxımından sağlam özüllərin olduğu görüləcəkdir.

Qürbət, Məmməd İsmayıl üçün iki yönlüdür: Həm dünyaya gəlməkdə öz vətənindən ayrılmanın hüznü və qəribliyi vardır onda, həm də Əsriyindən, Gəncədən, can Azərbaycanından, ana diyarından, baba torpağından ayrılmanın qəribliyi. Şeirlərində ümumi bir araşdırma aparıldığı təqdirdə Vətən, bayraq, payızla (sonbahar) birlikdə qürbətin ön planda olduğu görüləcəkdir. Ona bir qürbət şairi desək, yanlış olmaz. Kitabının ikinci bölümü bu düşüncəmizi təsdiq edəcək mahiyyətdədir: "Vətənin bütün yolları axırda qürbətə çıxdı".  Ömrünü Sovet dövrində xalqın bilgiləndirilməsi və Azərbaycanın təkrar özgürlüyünü qazanması, yüksəlməsinə  həsr etdikdən sonra, sonunda qürbət Vətən, Vətən qürbət oldu Məmməd İsmayıl üçün. Elə bir qürbət ki, sanki o bunu çox əvvəlcədən bilərcəsinə illər öncə söyləmişdi: "İki sahil yaxasıyam, Həsrət-həsrət baxasıyam. Mən Dardanel boğazıyam, Hamı məndən keçib gedər". Bakı harda, Çanaqqala harda, Xəzər hara, Ege hara? Olsa-olsa, bir şair ilhamı gətirmişdi bunları bir araya və sonunda, deyilən kimi də oldu. Məmməd İsmayıl həyatıyla bunu başardı və yaşadı. Deyilənlər gəldi başa. İllər öncə şeirdə söylədiyi Dardanel boğazı onun qürbəti oldu. Zaman, Xəzər axşamlarından Çanaqqala gecələrinə döndü. Çanaqqala, mənim yer üzündəki cənnətim, Məmməd İsmayılın isə qürbətidir. Haqqını vermək gərək, Məmməd İsmayılın da dediyi kimi, burası bir cənnət guşəsidir. Bülbül saxlayanlar bilir, bir cüt bülbül bir arada olanda ötməz, ancaq iki bülbülü ayrı iki qəfəsə qoysanız, o zaman həsrətdən cəh-cəh vurarlar. Çanaqqalaya gəlməmişdən öncə də böyük şairdi, amma Çanaqqla onun üçün,  salındığı qəfəs misalı, ötməsinə səbəb oldu. Özü də bunu sıx-sıx dilə gətirib ən gözəl əsərlərini burada yazdığını söylər. Və özünü də qürbət səmalarında uçan bir göyərçinə bənzədər. Daha öncə qələmə aldığım bir yazımda bu barədə belə bəhs etmişdim:

Köçmən bir göyərçindir Məmməd İsmayıl, hər köçdüyü yerə həsrət gətirən. Muhammədi bir güldür, hər görənə səadət gətirən. Və O bir yağmurdur, düşdüyü yerə bərəkət gətirən. Hər tanıyanda qürbət,  hər tanıyana məhəbbət izləri buraxan, amma dostlarını yalnız  buraxmayan bir dost. Şairlər hər zaman qürbətdədir, hər zaman qəribdir. Ən gözəl rəsmini çəksəniz belə gülün, yenə də gül olmaz o, qoxusu duyulmaz çünki. Nə qədər tərif desəm də, mən yenə sizə onu anlada bilmərəm. Ona görə də   misralarından alın qoxusunu Məmməd İsmayılın:

EY GÖYƏRÇİN

Ey göyərçin nə gəzirsən pəncərəmin önündə?
Burda qərib quş kimiyəm mən də sənin günündə.                                    

Dən gəzirsən, yoxsa, elə gətirmisən dən mənə.
Gəldin, sevgi məktubunu xatırlatdın sən mənə.
Hayandasa bir sinəni yarıb çıxan ürəksən.
Ya taleyin qismətinə uçub gələn mələksən?
 
Susdurulmaz, söndürülməz, yatırılmaz duyğusan.
Ya vətənin bir parçası, ya anamın ruhusan.
Ey göyərçin, nədən belə narahatsan, narahat?
Nə bilirsən bir alıcı quş kimidir bu həyat?
 
 
Söhbət Məmməd İsmayıldan gedəndə sonunu gətirmək çətin olur, doğrusu. Bir şair, bir söz ustadı qarşısında söz söyləmək həqiqətən ürək, cəsarət  istəyən bir işmiş. Yazıya isim verərkən ikinci başlığı "qurban deyilmiş bir ömür" kimi düşündüm. Məmməd İsmayıl  "75" yaşına qədəm basdı. Bu yazını qələmə almağımın əsas səbəbini də 75 dedimsə, rəqəmə baxıb aldanmayın, iyirmi yaşındaki dinamik halından fərqi yox Məmməd İsmayılın. Şeirə qurban verdiyi bu ömürdə 75 yaşına qədəm basan  şairimizin yeni yaşı bərəkətli olsun! Məmməd İsmayıl hocamıza daha uzun, sağlıqlı ömür və yeni şeirlər yaratması diləklərimlə

Ümid YAVAŞ
Çanaqqala 18 Mart Universitetinin
Dissertantı

 





13.11.2013    çap et  çap et