525.Az

"Qəbirdə də Qarabağın özüyəm"


 

"Qəbirdə də Qarabağın özüyəm"<b style="color:red"></b>

20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə "525-ci qəzet"in keçirdiyi, vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsində 2-ci mükafata layiq görülmüş Günel Bayatlının (Mehdizadə) "Qəbirdə də  Qarabağın özüyəm", essesini təqdim edirik. 

1993-cü ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə 192 nömrəli orta məktəbi bitirib, elə həmin ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2016-cı ildə bakalavr, 2019-cu ildə isə magistratura pilləsini başa vurub. "525-ci qəzet"də, "Şərq" qəzetində məqalələri çap edilib. 

Müqəddəs torpaqlarımız uğrunda, müstəqilliyimiz, milli varlığımız uğrunda həlak olmuş bütün şəhidlərimiz hər birimiz üçün Vətənə sevginin qiymət meyarıdır. Onların hər birinin müqəddəs ruhu bizim and yerimizdir. Tale elə  gətirib ki, şəhidlərimizin çox böyük hissəsi gənclərimizdən ibarətdir. Torpaqlarımızı yağı düşməndən qoruyan əsgər şəhidlərimiz, müstəqilliyimiz uğrunda ilk qurban gedən mübariz şəhidlərimiz - neyləyək ki, Vətəni qorumaq kimi şərəfli bir missiya birbaşa cavanlarımızın qismətindədir. Əvvəllər şəhidlərimizin anaları, doğmaları şivən qoparıb hər kəsi ağladırdısa, indi anaların dilindən "Vətən sağ olsun!" kimi müqəddəs bir kəlməni daha çox eşidirik. Çünki müstəqilliyi yaradan və onu öz qanı ilə qoruyan cavanlarımızın itkisi nə qədər ağır olsa da, Vətən və onun varlığı şəhid anası üçün övladdan əvvəldir.

Müstəqil Azərbaycan dövləti, onun rəhbərliyi, bütün xalqımız şəhid sözü qarşısında öz borclarını çox yaxşı dərk edir. Xüsusilə yaradıcı ziyalılarımız müqəddəs şəhidlərimizin Vətən, torpaq, millət, xalq sevgisini ifadə edən əsərləri ilə dağdan ağır dərd yükü çəkən şəhid analarına təsəlli olurlar.

Mən bu yaxınlarda çox sevdiyim və indi-indi yazılarımın dərc olunduğu "525-ci qəzet"də ruhu müqəddəs şəhidlərimizin biri haqqında yazı müsabiqəsi ilə bağlı elanı oxudum. "Ülvi Bünyadzadə-50 . "525-ci qəzet" 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin  anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi elan edir. Müsabiqədə yalnız 35 yaşına qədər gənclər iştirak edə bilərlər". Mən Ulvi Bünyadzadə haqqında çox eşitmişəm, çox oxumuşam. Hətta BDU-da təhsil aldığım illərdə (mən bu Universiteti keçən tədris ilində bitirmişəm) əziz müəllimlərimdən biri mənə Ülvi haqqında çap olunmuş bir kitab bağışladı: "Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi". Əlbəttə, yenə təkrar edirəm, müasir Azərbaycan gəncliyi, o cümlədən, mən özüm də Ülvi Bünyadzadəni ən azı Universitet illərimdən - Jurnalistika fakültəsindəki  müəllimlərimin vətənpərvərlik haqqında dərslərindən xeyli tanıyırdım. Və indi mən Ülvi Bünyadzadənin "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!"  müdrik sözlərini rubrika yerinə qoymuş "Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi" kitabını oxuyuram. Bütöv bir müntəxəbat (məhz müntəxəbat) formatında nəşr olunan bu kitabda Ülvi Bünyadzadəni daha yaxından tanımağa başlayıram. Ülvi Bünyadzadə məndən 3 yaş kiçikdir. Şəhid olduğu 20 Yanvar gecəsində onun 21 yaşı varmış. Ülvi şəhid olmasaydı, mən, məndən əvvəlkilər, məndən sonrakılar bəlkə heç doğulmayacaqdı.

Biz öz varlığımıza görə bütün şəhidlərimizə, o cümlədən, 20 Yanvar şəhidlərinə çox borcluyuq. Əlbəttə, 20 Yanvarda azğın sovet silahlı qüvvələrinin bizim müstəqilliyimiz uğrunda mübarizəmizə qənim kəsilmək üçün Bakıya, Sumqayıta basqın etməsilə şəhid düşmüş hər kəs bizə örnəkdir. Amma o gecənin dəhşət saçan silahları milli-azadlıq hərəkatının iştirakçılarına daha çox qənim kəsildilər. Ülvi Bünyadzadə Xalq hərəkatının fəal bir üzvü kimi həmin Xalq hərəkatının şəhərin 4-cü mikrorayonunda yerləşən Pioner kinoteatrındakı qərərgahından çıxmış və birbaşa vəhşi sovet ordusunun qarşısında dayanıb ona lənət oxuduğu anda qətlə yetirilmişdir. Bu anda Ülvinin simasında təkcə bir Vətən, azadlıq, müstəqillik fədaisi deyil, həm də sabahın müqtədir bir şairi, publisisti, ləyaqətli vətəndaşı qətlə yetirilib.

Mənim əlimdəki kitab Ülvi Bünyadzadəni bütün istiqamətlərdən təhlil edən yazılarla - esselərlə zəngindir. Mən bu anda bir yandan da qürur hissi keçirirəm ki, bizim ünlü ziyalılarımız şəhidlərimizi, o cümlədən, Ülvi Bünyadzadəni beləcə ürək yanğısı ilə xatırlayırlar. Bu yaradıcı ziyalılar içərisində Anar, Hüseyn Arif, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Nizami Cəfərov, Məmməd Oruc, Vaqif Yusifli, Səlim Babullaoğlu, Səlahəddin Xəlilov, Qasım Qasımzadə, Fikrət Sadıq, Flora Xəlilzadə, Məmməd Aslan, Taleh Həmid, Tofiq Mütəllibov və b. kimi onlarca yazıçı, şair, alim, publisist var. Onların hamısının qələmində Ülvi Bünyadzadə vətənpərvər, çiynində Vətən namusu daşıyan cavanlara örnək bir gənc kimi təsvir olunur. Bu yaradıcı ziyalıların əksəriyyəti Ülvi Bünyadzadənin vətənə bağlı şeirlərini misal gətirir, onun bu tipli yazılarını təhlil edirlər. Çox böyük yaradıcılıq imkanları ömrünün ən gənc çağında yarımçıq qalmış cavan Ülvinin şeirlərindəki Vətən mövzusuna münasibətin səmimiliyi və bədii siqləti adamı heyran qoyur:

Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik

- aforizm səviyyəsi daşıyan bu sətirləri bəlkə Ülvi elə o dəhşətli 20 yanvar gecəsində, ölümündən bir saat əvvəl yazıb.

Ülvinin bir qarabağlı kimi məni ən çox ağrıdan  aşağıdakı sətirlərini esse müəlliflərinin çoxu misal çəkir və mən də bu anda dayana bilmirəm:

Qarabağdı mənim dinim-imanım,
O torpağın nişanəsi, iziyəm.
Məni belə aciz görmə qəbirdə,
Qəbirdə də Qarabağın özüyəm

- bu, nə möcüzədir, Allahım? Sanki Ülvi bu şeirini ölümündən sonra, Qəbir evində yazıb. Qarabağa sevginin bu qədər aydın, obrazlı və bədii yükə sahib misralarını heç kimdə görməmişik. Bu sətirlər sabah düşmən gülləsinə sinə gərib şəhid olacaq bir cavanın öncəgörümüdür, yoxsa nədir? Bu suala gələcək nəsillər cavab verəcək.

Ülvinin həyat möcüzəsindən biri də onun "And"ıdır. Cəmi 20 yaşı olub bu and mətinini yazanda. Xarici Dillər Universitetinin üçüncü kursunda oxuyurmuş - 1989-da. Bu Vətən fədaisinin "And"ı indi dillər əzbəridir. Amma mən o mətnin ilk sətrinin möcüzəsini qələmə almaq istəyirəm "And. Mən Bünyadzadə Yusif oğlu  Bünyadzadə həyatımda ilk və son dəfə (kursiv mənimdir - G.M.) öz vicdanımın qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi, heç zaman unutmayacağam"... Bu da bir möcüzə! 20 yaşlı bu gənc oğlanın qarşıda neçə-neçə illəri var. Bəs niyə "son dəfə"? Yenə də o Vətən uğrunda şəhid olacağını sanki elə həmin günlərdə görürmüş! Qarabağdan, doğulduğu Göyçə mahalından didərgin düşənlərin dərdi, ələmi onu şair eləmişdi. Bacısı Könül Bünyadzadə nakam qardaşına həsr etdiyi "Gəncliyin Ülvi məqamları" sərlövhəli fəlsəfi traktatında suallara sətiraltı cavablar verir. "Qısa ömürdə böyük missiya"nı təhlil edən filosof-alim Ülvini "qısa müddətə sığdırılmış hikmət" adlandırır. Ülvinin hamını heyrətə salan şeirləri, hətta poeması da məndə qəribə assosasiyalar yaradır. Axı, bu təfəkkür, bu bədii düşüncə və həm də bütün bunların Vətənə bağlılığı cəmi 21 yaşında həyata vida etmiş bu gəncdə hardan idi? Mən atamdan tutmuş müəllimlərimədək hər kəsdən bədii isdedadın Allah vergisi olduğunu eşitmişəm və buna inanmışam. Bəs bu Allah vergisinin Vətənə bağlılığı necə? Bu suala da cavab gələcəyin işidir.

Ülvi Bünyadzadəyə çox şeirlər yazılıb. Bu əsərlər içərisində Xalq şairi Hüseyn Arifin "Ülvi" poeması nakam gəncin xatirəsinə həqiqi bir elegiyadır, ana laylasıdır. Şair bu poemanı "19 yanvar faciəsinin qurbanı, istedadlı gənc şair Ülvini oxuyandan sonra" yazdığını sərlövhədəcə qeyd edir.

Mən bu poemanı həm də ona görə qəlbimin ağrısı ilə oxudum ki, istedadlı şairimiz Hüseyn Arif özü də gənc övlad itkisi yaşamış bir ata olub. Onun Ülvi dərdi bu poemada ikiləşib, həm də övlad dərdi ilə qovuşmaqdadır. Bu qısa, lakin aydın məzmunlu poemada Ülvinin poetik, bədii bioqrafiyası var. Ülvinin qısa ömür yolunun hər addımı poemanın hər sətrinə çöküb bizi də ağladır, bizi də ağrıdır. Ülvinin şeirlərində paxıl dövlətlərin dağıtdığı, viran qalmış ərəb ellərindəki ağrılı epizodları oxuyan Hüseyn Arif bu gənc şairə üzünü tutaraq:

Həssas oğul, həssas bala, 
Nə kövrəkdir qəlbin sənin
Yadındadır balasına
Çörək verən gəlin sənin

- deyə Ülvinin poetik düşüncələrini yada salır. "Bir el gözəlinin səadətini, özünlə apardın, özünlə getdin" - deyə acı təəssüf hissi keçirən Xalq şairimizin son sözləri ürəkləri riqqətə gətirir:

Bir yenilməz qəhramandı Bozatda,
Bir yenilməz şair idi elatda.
Bir Ülvinin simasında həyatda
Koroğlunu, Füzulini itirdik

- deyərək poemanı sanki səssiz bir hıçqırıqla bitirir.

Daha bir ulu şairimiz, azadlıq mücahidi Xəlil Rza Ulutürk də "birinci kitabını görmədən nakam gedən Ülvi Bünyadzadənin həsrətinə and olsun!" kimi duyğulu bir fikrin müəllifidir. Hər kəsə o da məlumdur ki, Xəlil Rzanın cavan oğlu Təbriz də Qarabağ uğrunda döyüşən könüllülər sırasında qəhrəmancasına şəhid olmuşdur. Yenə iki itki, yenə ağır yara, yenə dərdin qoşası.

Əlbəttə, Ülvi dərdi, ülvilər dərdi ağırdır, bu dərdləri yaşamaq çətindir. Lakin Xalq yazıçısı Anar demişkən: "Gənclərimizin belə erkən yaşlarından bu qədər qeyrətli, namuslu, vətənpərvər olmaları ilə fəxr edirik, amma bu iftixar hissiylə bərabər, onların dünyadan belə tez və nakam getmələrinə də yanıb yaxılırıq. Gəncliyimizin həqiqi və ən yüksək timsalı Ülvidir".

 





16.01.2020    çap et  çap et