525.Az

Sahibə Qafarova məktəblərin təmir məsələsindən danışdı


 

Sahibə Qafarova  məktəblərin  təmir məsələsindən danışdı<b style="color:red"></b>

"Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə edir, o cümlədən uzun illərdir həyata keçirilən proqramlar çərçivəsində işlərin davamını şərtləndirir". Bunu parlamentin plenar iclasında növbəti büdcə müzakirələri zamanı millət vəkili Sahibə Qafarova dilə gətirib. Onun sözlərinə görə, büdcənin müasir dövrün şərtləri və Azərbaycanın iqtisadi inkişaf dinamikasının yaratdığı imkanları çərçivəsində hazırlanması ölkəmizdə düzgün büdcə siyasətinin həyata keçirildiyini bir daha göstərir.

Millət vəkili qeyd edib ki,  büdcədə populizmdən uzaq, real bir paritetliliyin təmin olunması da müsbət məqamdır. S.Qafarova  hesab edir ki, Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycanın son  illər davamlı, sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb:

 "Bu model çoxkomponentli olmaqla, bütün makroiqtisadi  və  makrososial sferaların əsas seqmentlərini əhatə edir. Respublikamız idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernizasiyası Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırıb.

 Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tamamilə keçid iqtisadiyyatını arxada qoydu və yeni inkişaf mərhələsi başlanıb. Bu gün Azərbaycan möhkəm siyasi sabitlik şəraitində yüksək iqtisadi inkişaf xəttini davam etdirir. Hazırda tarixi qanunauyğunluqlardan biri olan möhkəm siyasi sabitlik-sistemli və davamlı iqtisadi islahatlar respublikamızın ictimai həyatında başlıca faktora çevrilib.

 Bu gün Azərbaycanın inkişafının əsas səbəbi məhz düşünülümüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Bu gün ölkəmizdə hökumətin apardığı siyasət xalq tərəfindən dəstəklənir, iqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə, sosial vəziyyətlərinə cavab verir və xalq-iqtidar birliyi daha da möhkəmlənib.Oktyabrın 9-da keçirilən prezident seçkiləri də bir daha məh bu reallığı təsdiq etdi.Hazırda bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Mən təhsil sahəsində aparılan dövlət siyasətini misal göstərərək, qət olunmuş məsafənin nə qədər böyük olduğunu ifadə etmək istərdim. Təhsil sahəsinə ayrılan vəsaitlər hər il artırılır. Bu, olduqca müsbətdir və dinamik inkişafa səbəb olur. Hazırda ölkəmizdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir.  Təsadüfi deyil ki, son bir neçə ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəssisələri bərpa və əsaslı təmir edilib. Millət vəkili seçildiyim Şəmkir rayonunda da orta məktəblərin bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb, bəzi şəhər və kənd məktəbləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bununla yanaşı, bəzi məktəblərdə şərait hələ də qənaətbəxş deyil.

Xüsusən, Azərbaycanın təhsilinin inkişafında müstəsna xidmətlər göstərmiş savadlı və bilikli kadr hazırlığında iştirak etmiş Nizami adına şəhər orta məktəbinin və Çinarlı qəsəbə orta məktəbinin təmirinə ciddi ehtiyac var. Həmçinin, bir sıra məktəbəqədər təhsil müəssisələri-uşaq baxçalarında da vəziyyət arzuolunan səviyyədə deyil və bununla bağlı, seçicilərimizdən kifayət qədər müraciətlər daxil olur, bu məsələ dəfələrlə bizim görüşlərimizdə qaldırılır. Görünür ki, bu problem insanları narahat edir və həlli vacibdir.  Ona görə də mən bu problemlərin aradan qaldırılması və qeytetdiyimiz təhsil müəssisələrində əsaslı təmir-yenidənqurma işlərinin aparılması üçün büdcədən vəsait ayrılmasını xahiş edirəm".

KAMİL

 





14.11.2013    çap et  çap et