525.Az

20 Yanvar faciəsinin ildönümü ilə bağlı AMEA-nın müəssisə və təşkilatlarında tədbirlər keçirilir


 

20 Yanvar faciəsinin ildönümü ilə bağlı AMEA-nın müəssisə və təşkilatlarında tədbirlər keçirilir<b style="color:red"></b>

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. Hər il faciənin ildönümü ərəfəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir. Qanlı faciənin ildönümü ilə əlaqədar olaraq Prezident İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 2019-cu il dekabrın 13-də Sərəncam imzalayıb.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində, akademiyanın Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar, Tarix, Elm Tarixi, İqtisadiyyat, Ədəbiyyat institutlarında, Respublika Seysmoloji Xidmət Mərkəzində, Milli Azərbaycan Ədəbiyyatı muzeyində, Hüseyn Cavidin ev-muzeyində anım tədbirləri keçirilib.

Bir dəqiqəlik sükutla başlayan tədbirlərdə 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verilib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğu vurğulanıb.

Qeyd edilib ki, Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqımıza qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

Diqqətə çatdırılıb ki, faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. Yanvar faciəsi Azərbaycanın suverenliyi uğrunda xalqımızın apardığı mübarizənin şanlı tarixidir və bu qanlı hadisələr millətimizin müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirir.

 





17.01.2020    çap et  çap et