525.Az

Siyəzəndə təhsil: ümid artıran uğurlar


 

Siyəzəndə təhsil: <b style="color:red">ümid artıran uğurlar</b>

Siyəzən rayon təhsil şöbəsinin müdirliyinə irəli çəkilən Pərvin Ağasıyev, cavan olsa da, pedaqoji rəhbərlikdə xeyli təcrübəyə malikdir. Bir müddət rayonun qabaqcıl tədris ocaqlarından birinə başçılıq edib. İndi isə rayonda təhsil işinə rəhbərlik edən bir şəxs kimi bu sahədə irəliləyişlərə öz töhfəsini verməkdədir.

Xalqımızın həyatında, cəmiyyətimizin inkişafında maarifin, təhsilin müstəsna önəm daşıdığını vurğulayan P.Ağasıyev bizimlə söhbətinə Ümummilli liderimiz Heydər Əliyevin 25 sentyabr 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayındakı çıxışında söylədiyi müdrik fikri xatırlatmaqla başladı: "Ulu öndərimiz öz çıxışında demişdi: "Xalqımızın təhsilinin daha da təkmilləşdirilməsi və yüksəklərə qaldırılması müqəddəs vəzifəmizdir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə təhsilə misilsiz diqqət və qayğısı sayəsində Ulu öndərin bu müdrik fikri artıq həyata keçirilib və təhsil sahəsində davamlı yüksəliş təmin olunub. Siyəzən rayonunda da bu sahədə yüksək nəticələr əldə edilib. Lakin biz qazanılan nailiyyətlərlə kifayətlənməyərək, yeni uğurlar naminə əzmlə çalışırıq".

P.Ağasıyev bildirdi ki, respublikamızda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da bariz nəzərə çarpmaqdadır: "Günümüzün vacib reallıqlarından biri də Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə atılan addımlardır. Bu məqsədlə Siyəzən rayonunda da ardıcıl iş aparılır. Rayonda təhsilin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün son vaxtlar fəaliyyətimizi daha da gücləndirmişik".

Şöbə müdirinin sözlərinə görə, Siyəzən rayon təhsil şöbəsinin tabeliyində 15 tam orta, 6 ümumi orta, 3 ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi var: "Rayonun təhsil ocaqlarında 6426 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 762 nəfər pedaqoji işçi məşğul olur. Cari dərs ilində rayonda ilk dəfə olaraq gənc müəllimlərlə səmərəli görüş keçirdik. Təşəbbüskar gənc müəllimlərə dəstək vermək üçün vaxtaşırı bu cür tədbirlər təşkil olunur, onlar rayonun qabaqcıl pedaqoqlarının təcrübəsindən faydalanırlar".

P.Ağasıyev dedi ki, rayon Təhsil şöbəsi özünün fəaliyyət amalını şagirdlərin təkcə buraxılış və qəbul imtahanlarında, fənn olimpiadalarında əldə etdiyi nailiyyətləri daha da yüksəltməklə məhdudlaşdırmır: "Biz rayonumuzun tədris ocaqlarında sağlam pedaqoji mühit yaratmaqla cəmiyyətə faydalı, savadlı, vətənə, dövlətçiliyə sadiq olan layiqli vətəndaşlar yetişdirmək üçün də var qüvvəmizlə çalışırıq. Malik olduğumuz imkanlar da buna əlverişli şərait yaradır. Rayonda fəaliyyət göstərən tədris ocaqlarının əksəriyyəti son illərdə dövlətimizin qayğısı nəticəsində inşa edilmiş yeni məktəblərdir. Bir neçə məktəbin isə yaxın zamanda müvafiq Dövlət Proqramına uyğun olaraq yenidən inşası və ya əsaslı təmiri nəzərdə tutulur. Dövlətimizin ali rəhbərliyinin təhsilə diqqət və qayğısı rayon İcra Hakimiyyətinin fəaliyyətində və yerli təhsil mühitinə həssas münasibətində öz əksini tapır. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzəndə ilk görüşlərindən birini məhz pedaqoji kollektivlə, müəllimlərlə keçirdi. İcra başçısı qayğılarımızla yaxından maraqlanaraq rayon rəhbərliyindən asılı olan məsələlərin həllilə bağlı konkret addımlar atılacağını bildirdi. Rayonumuzun başçısı ötən il ali məktəblərə qəbul olunmuş məzunlarla görüşdü, 500 baldan yuxarı nəticə göstərmiş 37 nəfər tələbəni layiqli hədiyyələrlə mükafatlandırdı. Bütün bunlar yerli pedaqoji mühiti və şagirdləri yeni nailiyyətlərə həvəsləndirir".

Siyəzəndə şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olan təcrübəli, adlı-sanlı müəllimlər çoxdur. Onlardan 9 nəfəri müxtəlif vaxtlarda Respublikanın Əməkdar Müəllimi fəxri adına layiq görülüb. 5 müəllim "Tərəqqi " medalı ilə təltif olunub, 4 nəfər isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi seçilib. Ölkə üzrə "Qabaqcıl təhsil işçisi" döş nişanı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunanlar sırasında siyəzənli müəllimlər də az deyil. Bu barədə söz açan şöbə müdiri diqqətə çatdırdı ki, Siyəzən şəhər 2 saylı tam orta məktəbin fizika müəlllimi Fəridə Ağayeva hələ 2015-ci ildə Təhsil Nazirliyinə təqdim etdiyi layihə ilə 2-ci yeri tutub. Bu il isə F.Ağayeva Nazirliyin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar" mövzusunda III qrant müsabiqəsinin qalibi olub, "Fizika" fənnindən VI, VII, VIII və IX siniflər üçün summativ qiymətləndirmə vəsaiti dərslik kimi nəşr edilib.

P.Ağasıyev qeyd etdi ki, ötən tədris ilinə aid bəzi nəticələrə diqqət yetirsək, Siyəzən pedaqoji mühitinin uğurları daha aydın nəzərə çarpar: "Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 268 məzundan 163 nəfəri uğurla imtahan verərək tələbə adı qazanıb. Siyəzən şəhər 2 saylı tam orta məktəbin məzunu Samilə Qədəşova 694 balla Azərbaycan Tibb Universitetinin tələbəsi olub. Rayon məktəblərinin ötənilki məzunlarından 14 nəfəri 600-dən, 37 nəfər isə 500-dən yuxarı bal toplayaraq seçdikləri ixtisaslar üzrə ali məktəblərə qəbul olunublar. Sevindiricidir ki, yüksək nəticələrlə ali məktəblərə qəbul olunanlar sırasında rayonun kənd məktəblərinin də xeyli məzunu var. "Ölkəmizi tanıyaq" tur aksiyasında iştirak edən məktəblilərdən ibarət rayon komandası Azərbaycan İntellektual Klublar Assosiasiyasının "Nə? Harada? Nə zaman?" oyunlarında Qəbələdə ikinci, Lənkəranda isə birinci yeri tutub.

Siyəzən şəhər 1 saylı tam orta məktəbin "Sərhədçi" komandası Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən "Sərhəd" hərbi-idman oyunlarının final mərhələsində iştirak edərək II yeri tutaraq mükafatlandırılıb. Rayon məktəblisi, Avropa və Dünya çempionu Şahanə Nəzərova Argentinanın paytaxtı Buones-Ayresdə keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanıb".

Şöbə müdiri sonda bir daha vurğuladı ki, hazırda Siyəzəndə təhsilə olduqca yüksək qiymət verilir, təhsil ocaqlarında tədrisin səviyyəsinin daha da yüksəldilməsi daima diqqət mərkəzində saxlanılır: "Rayonumuzun təhsil işçiləri olaraq, hər birimiz Azərbaycan dövlətinin, eləcə də rayon rəhbərliyinin təhsilə davamlı qayğısını yaxından hiss edirik. Bu isə bizi təhsildə növbəti nailiyyətlərə ruhlandırır".

Sevinc QARAYEVA

 





17.01.2020    çap et  çap et