525.Az

"Qələmsiz yazılanlar"la qələmin "ədavəti" - Fotolar


 

RƏŞAD MƏCİDİN TÜRKİYƏDƏ NƏŞR EDİLMİŞ YENİ KİTABININ TƏQDİMATINDAN QEYDLƏR

"Qələmsiz yazılanlar"la qələmin "ədavəti" - <b style="color:red">Fotolar</b>

Yanvarın 15-də Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair və publisist Rəşad Məcidin Türkiyədə nəşr olunmuş "Qələmsiz yazılanlar" kitabının təqdimatı keçirilirdi.

Təqdimat yerinə 80 dəqiqə erkən gəlməyimdən istifadə edib məkanla, Rəşad müəllimin səliqəylə düzülmüş kitablarıyla tanış oldum. Hərçənd, hamısını çoxdan oxumuşdum: həmin gün təqdim olunan kitabın isə ana dilimizdəki variantını.

Asta-asta qonaqlar gəlməyə başladılar. Səbəbkar da onların arasında. Deyilən vaxtda hamımız Yunus Əmrə İnstitutunun geniş konfrans zalındaydıq. Tədbiri institutun əməkdaşı Nuranə Tağıyeva aparırdı. O, ilk sözü Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmirə verdi. Cihan Özdəmir bu ilin ilk tədbirinin tanınmış yazar Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabına həsr olunmasından məmnunluq duyduğunu bildirdi və müəllifə yeni yaradıcılıq uğurları arzuladı.

Diqqətim çıxışçıda olsa da, tədbirdən qeydlər götürmək üçün çantamda qələm axtarıram. Bu illər ərzində çox nadir qarşılaşdığım hadisə gəlib başıma: qeyd dəftərim yanımda olsa da, qələm götürməyi unutmuşam. Vaxt itirmədən ordakı dostlardan qələm istəyirəm. Bir nəfər qələmini verir. Qələm yazmır! İkinci dostumuzdan qələm istəyirəm. Nəhayət, onun verdiyi qələm yazır.

Bu sırada çıxış edən isə Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçidir. O, Rəşad Məcidlə 30 il öncəki ilk tanışlığından və bu tanışlığın sonralar sıx ədəbi-bədi, elmi əlaqəyə, dostluğa çevrilməsindən danışır, Rəşad Məcidi xarakterizə edir, türk və Azərbaycan xalqları arasındakı bağlılıqdan, eləcə də gənc ədəbi qüvvələrlə əvvəlki ədəbi nəslin əlaqələrinin yaranması və inkişafında müəllifin rolundan danışır, qardaş ölkədə nəşr olunan kitabı müasir dövrün yaratdığı yeni janr nümunəsi kimi dəyərləndirir: "Rəşad Məcid Azərbaycan mətbuatında özündən əvvəlki klassik mətbuat nümayəndələrinin ənənələrini davam etdirərək, müstəqil jurnalistikanın yaranmasında öncül olanlardandır. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin son 15 illik fəaliyyətində də onun önəmli rolu var. O, gəncləri birliyə daha fəal cəlb edərək ənənə ilə gələcək arasında əlaqələr yaratdı. Rəşad Məcidin xüsusiyyətləri və fəaliyyəti haqqında onun "Dəlicəsinə" kitabına yazdığım geniş ön sözdə bəhs etmişəm. "Qələmsiz yazılanlar" kitabında isə müəllifin sosial mediadakı statusları, sms-ləri yer alır və bu, məncə, Azərbaycan ədəbiyyatında yeni hadisədir".

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla çıxışının əvvəlində müəllif haqqında fikirlərini bölüşdü: "Rəşad Məcidin ən böyük xidmətlərindən biri Azərbaycanda ədəbi potensialın üzə çıxa bilmədiyi zamanda "525-ci qəzet"lə ədəbiyyatımızın ağırlığını öz üzərinə götürməsidir. Çünki o dönəmdə Azərbaycan ədəbiyyatı mətbuatda yox idi. Rəşad Məcid ədəbiyyatı mətbuata gətirib böyük ictimaiyyətə təqdim elədi. O, həm də çox mükəmməl dostdur. Xüsusən, ədəbiyyat adamı üçün. Çünki Rəşad ədəbiyyat adamının ruhunu duya bilir. Onun "Qələmsiz yazılanlar"ı həm ədəbiyyat, həm incəsənət, həm də ümumən ictimai fikir üçün çox maraqlıdır və ciddi əhəmiyyət daşıyır. Kitabı, bir növ, ictimai düşüncənin panoramı hesab etmək olar".

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxışında kitabda dərc olunanlardan maraqlı misallar gətirərək dedi ki, "Qələmsiz yazılanlar" yeni bir ədəbiyyat mücadiləsi açıb: "Müəllif göstərir ki, sosial şəbəkədən də ədəbiyyat boy verib qalxa bilər. Həyatın ayrı-ayrı lövhələrini canlandıran kitabdakı cümlə-statuslarda hadisələrə yumor hissi ilə yanaşılır. Maraqlıdır ki, bu yumor hissindən müəllif özü də kənarda qalmır. Əslində, kitabda toplananlar sosial şəbəkənin materialları olsa da, həm də ona etiraz notları da var".

Bu yerdə əlimdəki qələm "Qələmsiz yazılanlar" ifadəsinə etirazı varmış kimi işindən imtina etdi. Hikkəsindənmi, yoxsa qələmsiz yazmağın mümkünsüzlüyünü isbat etmək üçünmü, mürəkkəblə dolu olsa da, bir damlasını belə qıymadı. Cəhdlərimin uğursuzluğunu görüb, "sənsiz də yazmaq mümkündür" ədası ilə telefonun səsyazma funksiyasını işə saldım.

Çıxış edən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. O deyir ki, kitabın nə ilə və ya nə üzərində yazılmasından asılı olmayaraq onun içindəki mətləblər daha çox əhəmiyyət daşıyır: "Qələmsiz yazılanlar" kitabı akademik İsa Həbibbəylinin təbirincə desək, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcidin ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə yazdığı statusların toplusu, çağdaş zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan çoxillik təcrübənin, müşahidələrin, hər gün üzləşdiyimiz hadisələrə onun özünəməxsus şəkildə reaksiyasının əksidir. Bu statuslarda müəllifin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəlik həyatımızda rastlaşdığımız ən müxtəlif hadisələrə verdiyi operativ münasibət də öz ifadəsini tapıb".

AYB Ədəbiyyat Fondunun direktoru, şair Əjdər Ol qələm dostunun yeni kitabını ədəbi mühitdə yenilik kimi dəyərləndirdi. O bildirdi ki, 10 ildən çox zaman kəsiyini əhatə edən və müəllifin həmin müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur və arzu edək ki, bu silsilədən onun qələmə aldıqları davamlı olacaq: "Bu kitab şablonluqdan uzaqdır. Mən kitabın Türkiyədə də geniş yayılacağına inanıram. Çünki dövrün tələbinə cavab verir. Sosial şəbəkələrdə hər kəs statuslar yazır, fikirlər səsləndirir. Ancaq onlara bədiilik vermək, ədəbi "don geyindirmək" artıq yazıçı işidir. Bunu da Rəşad Məcid etdi".

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında Rəşad Məcidi gənc ədəbiyyatçılar ordusunun sərkərdəsi adlandırdı. Həmin gənc ədəbiyyatçıların nümayəndəsi olaraq, bu, bənzətmənin nə qədər yerinə düşməsinə heyrətlənirəm. Kərim müəllim isə davam edir: "İlk dəfə Rəşad müəllimlə 2006-cı ildə Milli Kitabxanada görüşmüşük. O gündən bəri dostluq əlaqələrimiz davam edir. Rəşad Məcid Milli Kitabxananın da dostudur. O, haqsızlığa qarşı mübarizə aparan insandır. "Qələmsiz yazılanlar"dakı fikirləri də buna sübutdur. O, gənclərin önündə gedərək onlara doğru yol göstərir, onları təmkinə, səbrə dəvət edir. Bu kitabdakı fikirlərin çoxu da gənclərə örnəkdir. Bəzən hansısa fikir adi status xarakteri daşıya bilər, amma onun sətiraltı mənası çox dərindir, fəlsəfidir. Bu baxımdan Rəşad Məcid gənclərə sosial şəbəkədən istifadəni də öyrədir".

AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli Rəşad Məcidin dövrlə adekvat münasibətini yüksək qiymətləndirdi: "O, Azərbaycan ədəbiyyatına və jurnalistikasına ardıcıl şəkildə xidmət göstərir. Bu, ilk növbədə Rəşad Məcidin daxili dünyasıyla, xarakteriylə, mənəviyyatıyla, yüksək vətənpərvərlik hissləriylə bağlıdır. Rəşad Məcid necə görünürsə, odur. Onun daxilində gizli bir Rəşad Məcid yoxdur. Olanda da yazılarıyla büruzə verir. İstənilən bir müsahibəsində o, çox böyük cəsarətlə, çəkinmədən öz münasibətini ortaya qoyur. "Qələmsiz yazılanlar"ı ötən il əldə etdim və dərhal oxudum. Amma oxuduqdan sonra kənara qoymadım. Çünki bu, roman deyil ki, kənara qoyasan. Masamın üstündədir, hərdən açıb baxır, hansısa fikirlər əxz edirəm. Burada çoxlu aforizmə çevrilən, fəlsəfi düşüncələrə yol açan sözlər, şux zarafatlar var. Təbrik edir, davamını arzulayıram".

Çıxışların sonunda aparıcı Nuranə Tağıyeva öz fikirlərini səsləndirdi, Rəşad Məcidə onun da yaradıcılığında göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Sonda Rəşad Məcid çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi: "Kitab ötən ilin noyabrında İmdat Avşarın tərcüməsiylə Türkiyədə işıq üzü gördü. Həmin vaxt İstanbulda Türk Ədəbiyyatı Vəqfində təqdimatı da keçirildi. Bu kitab həm də mənim ədəbiyyatı qorumaq üçün müqavimətimdir. Necə ki, vaxtilə ədəbiyyatı qəzetə daşımışdıq, indi də sosial şəbəkələrdə oxşar işi görürük. Gələcəkdə hansı sənətlər sıradan çıxsa da, yazmaq həmişə qalacaq, qələmlə və ya qələmsiz yazmaq istəyən adam bu işinə davam edəcək. Kitab haqqında akademik İsa Həbibbəyli çox gözəl məqalə yazdı. Mənim fikrimcə, bu, yeni bir janr olacaq. Orxan Pamuk da müsahibəsində bunun bəlkə də yeni janr olduğunu bildirir. İşlərin çoxluğundan bəzən hadisələrlə bağlı böyük bir yazı yaza bilmirik, amma jurnalist kimi sosial şəbəkədə bir-iki cümləylə münasibətimi bildirirəm. Bu kitab təkcə mənim deyil. Burada on illik bir zaman kəsiyində paylaşdığım fikirlərim, statuslarım verilib. Onları toplamaqda mənə yardımçı olanlar var, yəni bu kitab həm də kollektiv əməyin məhsuludur".

Çıxışdan sonra Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral və Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir Rəşad Məcidə hədiyyə təqdim etdilər.

Tədbirin sonunda müəllif kitablarını qonaqlar üçün imzalayarkən mənim zehnimdə yalnız bir sual dolaşırdı: Necə oldu ki,  "Qələmsiz yazılanlar"ı qələmlə yaza bilmədim?..

 

 





17.01.2020    çap et  çap et