525.Az

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb


 

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb <b style="color:red"></b>

Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar şəhidlərinin xatirəsini anma tədbiri keçirilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. A.Paşazadə bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş 20 Yanvar faciəsi nə qədər zaman keçsə də əsla unudulmayacaq. Milyonlarla azərbaycanlının qəlbinə azadlıq toxumu səpən 20 Yanvar faciəsindən 30 il keçir. Amma zaman bu günün ağrısını və yaratdığı qürur hissini qəlbimizdən silə bilməz.

Şeyxülislam vurğulayıb ki, 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.

Şeyxülislam deyib ki, məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra 20 Yanvar faciəsi əsl hüquqi-siyasi qiymətini aldı. 1994-cü il mart ayının 29-da Azərbaycan parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. O vurğulayıb ki, şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir.

Şəhid ailələrinin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayan A.Paşazadə deyib: "Biz inanırıq ki, Allahın köməyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcək. Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq".

Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları çıxış edərək 20 Yanvar faciəsindən və xalqımızın azadlıq mübarizəsindən danışıblar.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanatı oxunub.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

S.QARAYEVA

 

 





17.01.2020    çap et  çap et