525.Az

İslahatlar bu il də davam etdiriləcək


 

İslahatlar bu il də davam etdiriləcək<b style="color:red"></b>

Yenicə yola saldığımız 2019-cu il Azərbaycanın tarixinə mühüm uğurların əldə edildiyi, inqilabi islahatların aparıldığı fərqli bir il kimi daxil oldu.

Ötən il ölkəmiz ən müxtəlif sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atdı. İstər iqtisadi, istər sosial, o cümlədən, kadr sahəsindəki islahatlar vətəndaşların rifahını yüksəltmək, dövlətimizin mövqelərini möhkəmlətməklə yanaşı, daha çevik dövlət idarəçiliyinə səbəb oldu, həmçinin, növbəti illərdə ölkəmizin daha da inkişaf üçün bir zəmin yaratdı. Prezident İlham Əliyev bir neçə gün əvvəl 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə 2019-cu ilin Azərbaycan üçün uğurlu il olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, Azərbaycanın dayanıqlı inkişafı təmin olunub. Beləliklə, siyasi, iqtisadi, sosial sahələrdə böyük uğurlar əldə edilib, Azərbaycan sabitlik şəraitində yaşayıb. Prezident İlham Əliyev sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu diqqətə çatdıraraq, ötən il ərzində dünyanın müxtəlif yerlərdə gərginliyin artdığını, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması kimi halların müşahidə olunduğunu söyləyib. Bildirib ki, Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, Qafqaz bölgəsində, Yaxın Şərqdə, ümumiyyətlə, dünyada gərginlik artır.

Dövlət başçısı Azərbaycanın sabitlik məkanı kimi inkişaf etdiyini dilə gətirib. Bildirib ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Prezidentin sözlərinə görə, xalq tərəfindən hakimiyyətə göstərilən dəstək, həyata keçirilən siyasətə verilən yüksək qiymət həm iqtidarı daha da ruhlandırır və eyni zamanda, ölkədə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir: "Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır".

Mövzu ilə bağlı fikirlərini bildirən deputat Pərvin Kərimzadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə tutarlı, kəsərli faktlarla beynəlxalq aləmdə mövqeyini dayanmadan möhkəmləndirən ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addımlığında dayandığını nəzərə çatdırıb. Dövlət başçısı işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını, bütün əsas parametrlər üzrə ölkəmizin işğalçı Ermənistanı böyük fərqlə qabaqladığını diqqətə çatdırıb: "Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən, hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019" hesabatıdır. Ölkə başçısının səsləndirdiyi bu rəqəmlər işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığının təsdiqidir.

Makroiqtisadi sahədə də göstəricilər ölkəmizin inkişafının, tərəqqisinin işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu nümayiş etdirir. Belə ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır".

Onun sözlərinə görə, təkcə sosialyönümlü islahatlarla zəngin 2019-cu ilə nəzər yetirmək kifayətdir ki, Azərbaycanda əməkhaqları və pensiyaların işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunun şahidi olasan. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir.

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, 2019-cu il bir çox xüsusiyyətləri ilə fərqli bir il olub: "Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu günə qədərki tarixə nəzər saldıqda görərik ki, 2019-cu il bir çox xüsusiyyətləri ilə fərqli bir il olub. Keçən il əvvəlki illərə nisbətən daha çox islahatın həyata keçirildiyinin şahidi olduq. Xüsusən də sosial sahədə. Aparılmış islahatlar iki çox geniş sosial paketi həyata keçirməyə imkan yaratdı. Hər iki paket  4,2 milyon insanın sosial müdafiəsinin gücləndirilməsi baxımından çox mühüm əhəmiyyətə malik olub.

Həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmayıb. Bir il ərzində minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artdı.

Daha mühüm bir göstərici ondan ibarətdir ki, ölkəmiz müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq minimum əmək haqqı göstəricisi ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi.

2019-cu ildə ən mühüm uğurlarımızdan biri də qeyri-neft sektorunda ixracımızın xeyli artması, eyni zamanda, qeyri-neft sektorunun, xüsusən də onun mühüm qolu olan kənd təsərrüfatının inkişafı oldu".

Kölgə iqtisadiyyatına qarşı görülən tədbirlərə diqqət çəkən iqtisadçı ekspertin sözlərinə görə, bu tədbirlər nəticəsində dövlət büdcəsinə daxil edilən əlavə vəsait sosial sahədə aparılan islahatları daha uğurla davam etdirməyə imkan verir:

"Kölgə iqtisadiyyatına qarşı görülən tədbirlər nəticəsində dövlət büdcəsinə vergi və gömrük xətti ilə proqnozlaşdırılan məbləğdən 1 milyard manatdan artıq vəsait daxil oldu. Bu o deməkdir ki, bu vəsait dövriyyədə olsa da, büdcədən yayındırılıb. Bu onu deməyə əsas verir ki, büdcədən yayındırılan vəsaitin həcmi bu rəqəmdən dəfələrlə çoxdur.

Məlum olduğu kimi, 2019-cu ilin əvvəlində Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi və bu dəyişikliklər də 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə daxil edilməsinə imkan verdi. Prezidentin də qeyd etdiyi kimi, bu vəsait sosial sahədə aparılan islahatları daha uğurla davam etdirməyə imkan verir".

P.Heydərov 2020-ci illə bağlı proqnozlarını da açıqlayıb. 2020-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixində ən iri büdcə olmasına diqqət çəkən ekspert 2020-ci illlə bağlı təhlillər apardıqda ciddi narahatlığa əsas görmədiyini, islahatların davam etdiriləcəyini bildirib:

"Məlum olduğu kimi, Azərbaycanın makroiqtisadi sabitliyi neftin dünya bazarındakı qiymətindən asılıdır. Yəni sabah 2014, 2015 və 2016-cı illərdə olduğu kimi tendensiya başlayarsa, Azərbaycanın makroiqtisadi təhlükəsizliyi üçün müəyyən risklər ortaya çıxacaq. Çünki məlum olduğu kimi, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin böyük bir hissəsi neft və neft məhsullarının satışından əldə olunan gəlirlərdən formalaşır. Lakin 2020-ci illlə bağlı təhlillər apardıqda ciddi narahatlığa əsas görmürəm. İqtisadi artım bu il də davam edəcək.

Müşahidələrim onu deməyə əsas verir ki, dünya bazarların neftin qiyməti ilə bağlı Azərbaycana təhlükə yarada biləcək hər hansı bir tendensiya müşahidə olunmur. Bunun bir səbəbi odur ki, hazırda neftin qiyməti sabitdir, ucuzlaşmağa deyil, əksinə, dünyada gedən siyasi proseslər səbəbilə bahalaşmağa meyl edir. Digər tərəfdən məlum olduğu kimi, keçən il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülmüşdüsə, bu il bu rəqəm 55 dollar götürülüb. Bu da bizə neftin qiymətində baş verən dəyişiklərlə bağlı kənardan yarana biləcək risklərdən sığortalanmağa, eyni zamanda, ölkə daxilində valyuta bazarında sabitliyi qoruyub saxlamağa, sosial sahədə aparılan islahatları davam etdirməyə, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirməyə imkan verəcək. Bundan başqa, qeyri-neft sektorunda cüzi də olsa inkişafın davam edəcəyi, inflyasiyanın aşağı səviyyədə olacağı, əhalinin gəlirlərinin artacağı gözlənilir".

PƏRVANƏ

 

 





17.01.2020    çap et  çap et