525.Az

Bişkekdə 20 Yanvar müsibətinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib


 

Bişkekdə 20 Yanvar müsibətinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib<b style="color:red"></b>

Bişkekdə 20 Yanvar müsibətinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bu gün Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyində 20 Yanvar müsibətinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentin) Azərbaycan Respublikası ilə dostluq qrupunun rəhbəri Tazabek İkramov, hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində qonaqlar Səfirliyin foyesində 20 Yanvar müsibətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və ölkəmizdən bəhs edən kitab sərgisi ilə tanış olublar. Sonra 20 Yanvar müsibətini özündə əks etdirən fotosərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdim edilib.

Tədbirin açılışında ölkəmizin CBC televiziya kanalının rus dilində çəkdiyi 20 Yanvar müsibətindən bəhs edən “Qara Yanvar” adlı sənədli film nümayiş olunub.
 
Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov tədbiri açıaraq Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçdiyini söyləyib. Səfir bildirib ki, hər il bu müsibət qurbanlarına həsr olunmuş anım tədbirləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də keçirilir.

Səfir bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” fərman imzaladığını diqqətə çatdırıb. Səfir Ulu öndər Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qətliamı törədənləri ifşa etdiyini bildirib.

Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını vurğulayıb.

Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunub, Bişkekdəki “İmam Əli” məscidin axundu Mərifət Şirinov tərəfindən Qurandan ayələr oxunub.

Tədbirdə çıxış edənlər - “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Qırğızıstanın Kant şəhər Parlamentinin deputatı Rəhim Rəhimov, Pervomay kənd orta məktəbinin  rus dili və ədəbiyyatı müəlliməsi Alla Kurbanova, professor Qiyas Xəlilov, “İpək Yolu” Strateji Araşdırma Mərkəzinin prezidenti Seyfullah Türksoy, Azərbaycan Qran-Prisi yarışlarının idman əməliyyatları şöbəsinin əməkdaşı Vladislav Voropayev və başqaları Azərbaycanın keçmiş sovetlər birliyi ölkələri arasında müstəqillik üçün mücadilə aparan dövlətlərdən biri olduğunu, sovet rəhbərliyinin öz əhalisinin qırğınına rahatlıqla göz yummasının onların qeyri-konstruktiv mövqeyinin, satqın siyasətinin bariz sübutu olduğunu bildirdilər.

Sonda səfir Hidayət Orucov tədbiri yekunlaşdıraraq iştirakçılara ətraflı çıxışlara görə təşəkkürünü bildirərək qeyd edib ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli və həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir güşəsində bir daha baş verməsin.

 

 





17.01.2020    çap et  çap et