525.Az

Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - Foto


 

Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - <b style="color:red">Foto</b>

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr edilmiş memorial xatirə kompleksi - "Şəhidlərin xatirə guşəsi"nin önündə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi qətliamdan və bunun nəticəsində günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Rektor 20 Yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, o cümlədən, 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova Azərbaycan tarixinin şərəfli və qanlı səhifəsi olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb.

Tələbələrdən Məhbubə Nağızadə və Nüsrət Fərəcli yaxın keçmişimizin qanlı səhifəsi olan Yanvar hadisələri barədə fikirlərini paylaşıb, ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.

S.QARAYEVA

 

 





18.01.2020    çap et  çap et