525.Az

UNEC-də imtahanlar davam edir


 

UNEC-də imtahanlar davam edir<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dekabrın 28-dən start verilən 2019-2020-cu tədris ilinin qış imtahan sessiyası davam edir.
 
Qış imtahan sessiyası zamanı bakalavr səviyyəsində 12412 nəfər tələbənin 6 fənn üzrə biliyinin qiymətləndirilməsi həyata keçirilir. Magistratura səviyyəsi üzrə 3360 nəfərin attestasiyası nəzərdə tutulub. Zaqatala filialı üzrə isə bakalavr səviyyəsində 628 tələbə imtahan sessiyasında iştirak edəcək. UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində attestasiya olunacaq tələbə sayı 1210 nəfərdir. 

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, UNEC Biznes Məktəbi (MBA) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütün fənlər üzrə, Magistratura Mərkəzi və Texnologiya və Dizayn fakültəsi üzrə isə ixtisas fənləri və qabiliyyət imtahanları ənənəvi olaraq yazılı formada keçirilir.

Hər il olduğu kimi, bu il də valideynlərin qış imtahan sessiyasının gedişini müşahidə etmələri üçün UNEC-də bütün şərait yaradılıb. Onlara yaradılan bu imkandan yararlanan UNEC-in Biznes və menecment fakültəsinin birinci kurs tələbələrinin valideynləri imtahan prosesini yaxından izləyib, imtahanların təşkili və tələbələrə yaradılan şəraitlə tanış olub, auditoriyalar, oxu zalı, kitabxana, dekanlıq, idman zalı, şahmat klubu, akt zalı, qərargah otağına baxış keçiriblər. Eyni zamanda, UNEC-də tədbiq olunan elektron universitet modeli ilə də maraqlanıblar. Mentorlar elektron universitet modelinin işləmə mexanizmi və tətbiqinin səmərəliliyi barədə valideynlərə məlumat veriblər.

Görüşdə valideynlər qış imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf təşkilindən məmnunluqlarını ifadə ediblər. Övladlarının UNEC-də təhsil almalarından qürur duyduqlarını bildiriblər. Fakültənin dekanı Mirağa Əhmədov valideyn-universitet əlaqələrinin əhəmiyyətindən danışaraq, gələcəkdə bu prosesin daha da genişləndiriləcəyini bildirib. M.Əhmədov onu da qeyd edib ki, UNEC-dəki sağlam təhsil mühiti dövlətimizin inkişafı naminə ləyaqətli, vicdanlı və savadlı gənc kadr potensialının hazırlanması üçün böyük imkanlar yaradır.

Qeyd edək ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, yay imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib.

Şəffaflığın və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müraciətlərini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.

Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22:00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz UNEC-də aparılan innovasiyaları yüksək qiymətləndirir. Onun fikrincə, yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. UNEC-də təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir: "Mən UNEC-də savadlı, elmli, bilikli, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran tələbələr görürəm. Gələcəyimiz olan gəncləri bu səviyyədə görmək məni çox sevindirdi. UNEC-də son illər bir çox mühüm yeniliklər tətbiq olunur. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir. UNEC-də tələbə təşəbbüslərinə daha çox yer verildiyini müşahidə edirəm və bunu alqışlayıram. UNEC ölkədə iqtisadiyyat sahəsində baza rolunu oynayan əsas təhsil ocağıdır. Hesab edirəm ki, burada peşəkar mütəxəssislərin yetişməsi üçün yeniliklərin davam etdirilməsi zəruridir. Artıq bu istiqamətdə universitetdə müvafiq tədbirlər həyata keçirilir. Bu da hər birimizi çox sevindirir".

Tələbələr arasında keçirdiyimiz sorğu zamanı onlar da imtahanların təşkili və keçirilməsi səviyyəsindən razı qaldıqlarını bildiriblər. Tələbələrin sözlərinə görə, yüksək səviyyədə və şəffaf təşkil olunan imtahanlarda tələbələrə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. İmtahanların həm test, həm də yazılı formada keçirilməsi isə tələbələri tam qane edir.

Sevinc QARAYEVA

 





18.01.2020    çap et  çap et