525.Az

Boğulmamağa çalışanlar - Türkan Turanın yazısı


 

Boğulmamağa çalışanlar - <b style="color:red">Türkan Turanın yazısı </b>

İki-üç il öncə bir siyasətçi ilə tanış olmuşdum. Baxırdım ki, maraqlı söhbətlər edir, diqqətlə dinləyirdim, hətta öz-özümə "dopdolu insandır" deyə içdən içə onu təqdir də etmişdim.

Bir gün təsadüfən başqa ortamda yenə bir araya gəldik. Söhbətə başlayanda yenə eyni mövzulardan danışdığını fərq etdim. Bu hala bir neçə dəfə şahid oldum. Arada iki ilə yaxın vaxt keçdi. Əsl təəccübü isə təzəlikcə yaşadım. Yaxınlarda həmin şəxslə yenə bir araya gəldik. Hələ də yenə eyni söhbətlərdə qaldığını görəndə ciddi şəkildə düşünməyə başladım. Çox gəzən, çox görən, xeyli fürsətləri olan, onları dəyərləndirən insanın doğurdanmı danışacaq mövzusu yoxdur?! Yəni bu adam bir neçə əzbərlənmiş söhbətlərdən ibarətdir? İşin ən qəribə tərəfi ətrafındakıların bunu görməzdən gələrək ona heyranlıq duymağındadır. Nə bilim, bəlkə də vəzifəsini şəxsiyyətindən daha önəmli tuturlar.

Bu müşahidədən sonra həm onu, həm də bənzər bir neçə xarkteri müəyyən etməyə çalışdım.

Mütəmadi keçmişlə bağlı danışanlar: Bu şəxslərdə natamamlıq kompleksi var. Özünü yarımçıq hiss edənlər keçmişdə baş verənlərdən qopa bilmirlər. Hətta aidiyyatı olmayan söhbətlərdə belə həmin dönəmlərdən və yaşanan ən primitiv məqamlardan misal çəkir, örnək göstərir, həmişə orada ilişib qalırlar. Bu hal maraqlı mövzuları əzbərləmiş, hər yerdə onu danışanlara da aiddir. Dırnaqarası intellekt sərgiləyərək özünü suyun üzündə saxlayır, boğulmamağa çalışırlar.

Sevgilisi, əri, arvadı, yüksək statuslu dostu ilə öyünənlər: Bu insanlar həyatındakı şəxsi tez-tez öyərək özlərini başqalarının gözündə daha dəyərli hala gətirməyə çalışırlar. Yəni bu təriflərin, qabarıq şəkildə deyilənlərin təriflənənə aidiyyatı yoxdur. Sadəcə onların üzərinizdən xal toplamağa çalışırlar. Bu şəxslərin sevgisindən rahatlıqla şübhəyə düşə bilərsiniz.

İki qədəhdən sonra özünü itirənlər: İçkinin adı, yaratdığı eyforiya kənardan cazibədar görünür. Di gəl ki, iki qədəh içəndə özünü itirənlər, ağzının dediyini qulağı eşitməyənlər bu az deyilmiş kimi zərrə qədər utanmadan "içkiliydim" deyib özünə bəraət qazandıran şəxslər var. Əslində, içki onların iç üzlərini açıb ortaya tökür. Həmin şəxslərin əsl siması elə sərxoş olduqları anda gördüyünüzdür. Əmin olun ki, onlarına həyatınızdakı yeri ürək bulandırmaqdan başqa heç nə deyil.

Dedi-qoduda sərhəd tanımayanlar: Qeybət etmək hamımızı
 rahatladır, sakitləşdirir. Hətta elmi araşdırmalar da bunu sübut edir. Xüsusilə biri ilə problemimiz varsa, onun qeybətini etmək bizə daha xoş görünür. Ancaq səbəbsiz yerə, heç bir münaqişəsi olmayan, hətta yolunun kəsişmədiyi insanlarla bağlı ağzına gələni danışanlardan, ağlasığmaz eybəcərlikləri həmin şəxslərə yaxanlardan düşünmədən qorxmağa başlaya bilərsiniz. Onlar dərin və qaranlıq quyudur. Niyə? Çünki danışacaq mövzuları, öz həyatları yoxdur. Söhbət olsun deyə haqqınızda bildikləri iki üç sınıq-salxaq məlumatı onun-bunun masasında sürüməklə məşğul olurlar. Quyuya düşən növbəti qurbanlardan birinin siz olacağını gözardı etməsəniz yaxşıdır.

Dayan deyənlər: Doğru addım atarkən sizi yolunuzdan saxlamağa çalışanlar var ha, hə, bax onları görəndə özünüzü ölülüyə vurun. Bu, sonradan böyük zərbələrin nişanəsini göstərən gizli qısqanclığın xəbərçisidir. Düşünmədən qaçın!

Verdiyi sözü tutmayanlar: Bu da yalanın bir növüdür. Etməyəcəyini söyləməkdən çəkinməyənlərdən hər şey gözləyin.

Yersiz səmimiyyət: Biri çox sağınıza solunuza keçirsə, başınıza dolanırsa, yerli yersiz qucaqlayıb öpürsə qulaqlarınızı açın, yaxınlıqda çalınan həyəcan təbilini eşidəcəksiniz. Bu, sizi sevməyənlərin davranış şəklidir. İçlərindəkini yansıtmamaq üçün üstünü bu şəkildə ört-basdır edirlər.

Neqativ saçanlar: Qaş-qabaqlı, bezgin görüntülü, həyatdan yorulduğunu, hər gün oram-buram ağrıyır deyənlər hər kəsin həyatında var. Diqqətli olun, onlar öz neqativlərini yayaraq başqalarının enerjilərini canlarına çəkməklə özlərini bəsləyirlər. Fikir verirsən ki, əllə tutulan, gözlə görülən hər şeyi var, di gəl ki, bütün gün ağlaşma qurub, sızıldanmaqla məşğul olurlar. Unutmayın, bu artıq onların həyat tərzidir.

Özü danışıb başqasını dinləməyənlər: Bu şəxslərlə dialoq qurmaq mümkünsüzdür. Söhbət edirmiş kimi görünürlər, vay o günə ağzınızı açıb bir kəlimə deməyə cəhd edəsiniz, dərhal müdaxilə edir, bundan heç bir nahatlıq keçirmədən özü danışmağa davam edirlər. Çünki nə dediyinizin onlar üçün əhəmiyyəti yoxdur.

İşi düşəndə axtaranlar: Bu şəxslərlə hər kəs qarşılaşıb. İşi düşəndə zəng edir, mesaj yazır, axtarır, görüşə çağırır, bir sözlə, yarpız kimi burnunuzun dibində bitir. Elə ki, hər şey qaydasına düşdü, onun üzünü görmək mümkün olmur, qeybə çəkilirlər. Bu kateqoriyadakıların əlavə şərhə ehtiyacları yoxdur.

Hamı ilə yola gedən, hər kəsi sevənlər: Bir insan hər kəsi sevirsə bilin ki, içində bir naqislik, saxtakarlıq var. Hər kəslə yaxşı yola gedənlərin dəyər anlayışı yoxdur. Hər kəsə gülümsəyir, onlardan qaçanları belə tutub qucaqlayırlar. Hətta sizə o qədər yaxşı davranırlar ki, pis davranmağa da utanırsınız. Bu adamlara arxa çevirməmək ən yaxşısıdır.

Əslində, kateqoriyaları uzatmaq olar. Onda da təklik sindromu başlayacaq.

 





18.01.2020    çap et  çap et