525.Az

Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi


 

Qanlı 20 Yanvar – <b style="color:red">müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi</b>

“Səs-küyü eşidib evdən elə əynimdəki nazik geyimdə çıxmışdım. Gedib gördüm ki, yaralıdır, güllə ilə vurublar. Onu xəstəxanaya birtəhər çatdırdıq. Əməliyyat masasına uzatdılar. Mən də dayanmışdım başının üstündə, əllərimi möhkəm sıxmışdı... Yavaş səslə dedi ki, pencəyimi götür, geyin, soyuq olar sənə. Son sözü bu oldu: Soyuq olar sənə...”

O soyuq gündən artıq 30 il keçir.  Təkcə həyat yoldaşını həmin gün şəhid kimi torpağa verən Şövkət xanımın deyil, bütün Azərbaycan xalqının ruhunun üşüdüyü, dəhşətləri gördüyü, buna rəğmən qəhrəmanlıq salnaməsinin yazıldığı o soyuq yanvar... 1990-cı ilin qanlı 20 yanvarı...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30 radələrində sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridilib, dinc əhali atəşə tutulub, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 150 nəfər silahsız mülki şəxs, o cümlədən, uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürülüb, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınları hücuma məruz qalıb, qadağan edilmiş silah və sursatdan istifadə edilib. Paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılıb.

Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşdü. Müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.

Sovet rejiminin bu qanlı terror aktı barədə bütün dünyaya məlumat yayıldı.  Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Hər il yanvarın 20-də xalqımız 20 yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanını ziyarət edir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Torpaq uğrunda ölən varsa, vətəndir... Allah şəhidlərimizə rəhmət eləsin!

İlahə Ələsgərova
Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi

 





20.01.2020    çap et  çap et