525.Az

Azərbaycan universitetləri yeni inkişaf mərhələsində


 

Azərbaycan universitetləri yeni inkişaf mərhələsində<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 31-də "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalamışdı.

Sərəncamda göstərilirdi ki, 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirib. Bu proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atıb. Sərəncamda daha sonra qeyd olunurdu ki, ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarıb.

Prezidentin bu mühüm sərəncamı Azərbaycan universitetlərinin Boloniya deklarasiyasına qoşulmasından 3 il sonra imzalanmışdı. Sərəncam ölkədə ali təhsilin inkişafına öz töhfələrini verdi.

Ölkənin intellektual potensialının inkişafında ali təhsilin rolu əvəzsizdir. Universitetlər yalnız müxtəlif proqramlar üzrə ali təhsil verməklə kifayətlənməməlidirlər. Onlar zamanın çağırışlarına cavab vermək üçün tədqiqatların spektrini genişləndirməli, mədəniyyəi nəql etməli və innovasiyalardan geri qalmamalıdırlar. Bu mühüm sərancam sadaladığım missiyaları yerinə yetirmək üçün öz əhəmiyyətini bu gün də saxlayır.

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə ali təhsil müəssisələrinin  "təhsil-tədqiqat-innovasiya" formatında inkişafı nəzərdə tutulur. Əslində, bu format ölkədə tədqiqat universitetlərinin yaradılmasına imkanlar açan sənəddir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması elmi tədqiqatlara geniş yol açır. Elmi tədqiqatlar isə innovasiyalara qapı açır.

Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələri oxutmaq deyil, həmçinin, yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur.  Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.

Göründüyü kimi, "tədqiqat universiteti" ideyası yeni deyil. Dünya Bankının ekspertlərinin hazırladığı "Akademik təkmilləşməyə gedən yol: dünya səviyyəli tədqiqat universitetlərin yaranması"  kitabında 9 ölkədən 11 universitetin keçid iqtisadiyyatı və baş verən böhranlar şəraitində tədqiqat universiteti qarşısında dayanan problemləri uğurla həll etmələrindən söhbət açılır.

Həmin kitabdan daha bir qeydə diqqət yetirək: "Uğurlu ali məktəb nümunəsi onu göstərir ki, sürətli akademik inkişaf utopiya deyil. Məsələn, Qazaxıstanda çox qısa bir vaxtda Nazarbayev Universitetinin kampusu yaradıldı və Qərb ali məktəblərinin tanınmış mütəxəssisləri ilə əməkdaşlıq sayəsində Mərkəzi Asiyada dünya səviyyəli universitet formalaşdı".

Ölkə başçısının ali təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncamların praktikası artıq görünür. Yeni yaranmış universitetlərin qısa zaman kəsiyində inkişafının şahidi olduq. Ənənəvi universitetlərin bir çoxu təhsil keyfiyyətinin yaxşılaşdırılması baxımından yeni mərhələyə qədəm qoydular.

Deməli, məqsəd varsa, doğru və aydın baxış mövcuddursa, əsrlərin sınağından çıxmış yol ən qısa müddətdə uğura imza atmağa imkan yaradır.

Dünyanın ali təhsil sistemləri çərçivəsində tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin, milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.

Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat professorların işinin ayrılmaz  tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.  Digər tərəfdən hesab edirlər ki, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları izah etməyə cəhd etmək lektoru problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən dərk etməyə məcbur edir. Buna görə də dərs demək və tədqiqat aparmaq bir-birilərini yaxşı tamamlayırlar. Lakin buna başqa komponent də əlavə olunur: onların sosial mahiyyəti.

Bu universitetlərin elmi əməkdaşları və müəllimləri ekologiya, iqtisadiyyat, kənd təsərrüfatı, təbiət elmləri sahələrində ekspert kimi mühüm sosial rol oynamaqla ekspert institutlarının inkişafına təkan verə bilirlər.

Nəhayət, iqtisadi faydalar göz önünə alınmalıdır. Tədqiqatlar və bu mühitdə yetişən kadrlar elə insan kapitalıdır. Həm də kapitalı uğura çevirən insanlar deməkdir.

Azərbaycan öz universitetlərini uğura və uğurların dəstəyinə çevirmək üçün çox vacib məqamdadır və onları uğur layihəsinə çevirmək üçün ciddi cəhdlər davam etməlidir. 

Böyük ispan filosofu Xose Qasset "Universitetin missiyası" kitabında yazırdı: "Universitetlər mədə-niyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqat-lar aparmalı və yeni tədqiqatçılar hazırlamalıdır". İlk baxışdan adama elə gəlir ki, bütün universitetlər bu missiyanı yerinə yetirir. Fikrimcə, Universitetin bu missiyaları bir-birilərini tamamlamalıdır. Əks təqdirdə Universitet cəmiyyətdə nüfuz qazana bilməz.

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, artıq Azərbaycanın bir neçə ali məktəbi publik hüquqi şəxsə, yeni təşkilati hüquqi formata çevrilib. Bu universitetlərin daha təkmil idarəedilməsi, keyfiyyətli təhsil və səmərəli elmi tədqiqatlarla aparılması üçün daha geniş imkanların yaradılması baxımından çox müsbət bir addımdır. Publik hüquqi şəxs anlayışının tarixi 200 il bundan əvvəl təsadüf edir. XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində bu mexanizm tətbiq olunmağa başlayıb. Baltik ölkələrində, Gürcüstanda, Ukrayna və Moldovada da hüququn yeni doktrinasından istifadə edilir.

Sovet dövründən sonra bir sıra qurumlar yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirlər. Bu isə rəqabət mühitini əngəlləyir. Digər tərəfdən isə şəffaflığa mənfi təsir göstərir. Əslində, dövlət büdcəsindən maliyyələşən və publik hüquqi şəxs statusu olan ali məktəblər arasında ciddi fərq yoxdur. Azərbaycanda bütün universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur. Sadəcə publik hüquqi şəxs statusu universitetlərə alternativ qazanclar, məsələn, əlavə kurslar açmaq, elm tutumlu layihələr həyata keçirmək və s. müstəqilliyi verir. Bunun da praktikasının artıq şahidi oluruq.

 "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"na əsasən məzunlarının akademik fəaliyyətə cəlb olunması ölkədə ali təhsilin inkişafında öz sözünü deməkdədir. Bu gün həmin resurs universitetlərimizin auditoriyalarında məzunların akademik fəaliyyəti ilə əlavə dəyər yaratmalıdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın əsas fəlsəfəsi ölkəmizin rəqabətəqabil kadrlara tələbatı ilə bağlı olub. Bu məqsədlə ötən illər ərzində 3500-dən çox tələbə dövlətimizin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev çox maraqlı bir məsələyə toxundu: "Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur".

Prezidentin bu çağırışı ali məktəblərin üzərinə yeni məsuliyyət qoydu. Universitetlər zamanın tələbləri ilə ayaqlaşmağı bacarmalı, insan kapitalının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər.

Etibar ƏLİYEV
"XXI əsr" Təhsil Mərkəzinin sədri

 





21.01.2020    çap et  çap et