525.Az

Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib


 

Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib<b style="color:red"></b>

Bu il yanvarın 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illi tamam olur.

APA-nın məlumatına görə, bu münasibətlə yanvarın 22-də Şəhidlər xiyabanında adı Aslanovun abidəsi önündə tədbir keçirilib. Mərasimdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Həzi Aslanovun ailə üzvləri, veteranlar, xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, kursantları, təhsil ocaqlarının və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, H.Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Həzi Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.

Həzi Aslanovun nəticəsi Emin Aslanov ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 





22.01.2020    çap et  çap et