525.Az

Davos-2020: Builki forum nə vəd edir?


 

Davos-2020: <b style="color:red">Builki forum nə vəd edir?</b>

İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu öz işinə başlayıb. Sayca 50-ci olan forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Ölkə başçısı yanvarın 20-də bu məqsədlə İsveçrəyə səfər edib. Səfər çərçivəsində Prezident bir sıra ölkələrin rəsmi şəxsləri, bank və şirkət rəhbərləri ilə də görüşlər keçirməkdədir.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda "VTB Bank"ın prezidenti - idarə heyətinin sədri Andrey Kostinlə görüşüb. Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib. Andrey Kostin təklifə müsbət yanaşdığını bildirərək, dövlət başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Azərbaycan Prezidenti, həmçinin, "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteyn, "CISCO" şirkətinin rəhbərliyi, "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart ilə görüşüb. Dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlərdə ölkəmizdə aparılan islahatlar yüksək qiymətləndirilib. Bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin, şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığı vurğulanıb. Bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyəti ifadə olunub.

Ümumilikdə isə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı bu cür görüşlərin keçirilməsi, iqtisadi, siyasi və digər mühüm sahələr üzrə vacib məsələlərin müzakirə olunması və ciddi qərarların qəbul olunmasında mühüm platforma rolunu oynayan Davos Ümumdünya İqtisadi Forumunun əhəmiyyəti ildən-ilə artmaqdadır. Qlobal iqtisadi böhranın hələ də səngimədiyi, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Bu baxımdan Azərbaycanın da bu mötəbər tədbirdə yüksək səviyyədə iştirakı, əldə etdiyi böyük nailiyyətlərlə yanaşı, qarşılaşdığı problemləri də dünya dövlətlərinin diqqətinə çatdırması son dərəcə əhəmiyyətlidir.

Xatırladaq ki, Azərbaycan hər il bu forumda yüksək səviyyədə təmsil olunur. Bu vacib forumda təmsilçilik ölkəmiz üçün yeni tərəfdaşların tapılması, investisiya qoyuluşunun artması, Azərbaycanda aparılan islahatlar barədə məlumat verilməsi baxımından əhəmiyyət kəsb edir.

Dövlət başçısının bir neçə gün əvvəl Davos İqtisadi Forumunun rəsmi saytında "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsində forumun əhəmiyyətindən, Azərbaycanın nailiyyətlərindən bəhs edilib. Məqalədə vurğulanıb ki, Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.

Prezident İlham Əliyev 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu Forumun illik toplantısında iştirak edəcəyini vurğulayıb. Prezidentin sözlərinə görə, Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır: "Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir... Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən, qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb".

Dövlət başçısı qeyd edib ki, Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Qeyd edək ki, bu il "Birgə və davamlı dünyanın maraqlı tərəfləri" mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard iştirak edir.

WEF, həmçinin, dünyanın hər yerindən 119 milyarderi bir araya gətirəcək. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, Azərbaycanın təcrübəsinin Davos platformasında müzakirəyə çıxarılması əhəmiyyətlidir. Kapitalizm və qloballaşma barədə tənqidlərin yüksəldiyi bir vaxtda dünya iqtisadiyyatı ticarət müharibələri, qeyri-bərabərlik və geo-siyasi qeyri-müəyyənliklərdən əziyyət çəkir. Məhz Azərbaycan liderinin də qatıldığı Davos platforması bu vəziyyətdən çıxış yolu kimi "yaşıl inkişafı" və texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasını tərcih edir. "Avrasiya: Strateji baxış" adlı paneldə müzakirə olunacaq ki, Mərkəzi Asiyada əhalinin 1/3-nin 15 yaşdan az olması bir tərəfdən çağırışlar, digər tərəfdən imkanlar yaradır. Bu müzakirələrdə Azərbaycan lideri Avrasiyada geosiyasi gərginliklər fonunda iqtisadi imkanların yaradılması və texnoloji transferin sürətləndirilməsi kimi mövzularda öz mülahizələrini bölüşəcək.

İqtisadçı deyib ki, inkişaf etməkdə olan ölkələrdə maliyyə şərtləri yumşalır, uçot dərəcələri və xarici borclanma xərcləri azaldılır: "Azərbaycan Mərkəzi Bankı da bu il pul-kredit siyasətini daha da yumşaldacaq və qısamüddətli faizlərin düşməsinə çalışacaq. BVF inkişaf etməkdə olan ölkələrə aşağı inflyasiyanı əsas götürüb monetar dəstəyi gücləndirməyi təklif edir. Eyni zamanda, fiskal konsolidasiyanı, davamlı inkişaf məqsədlərinə xidmət edilməsini, xüsusən səhiyyə və təhsilə sərmayə qoyuluşunu, müəssisələrin bazara çıxışının dəstəklənməsini məsləhət görür. Azərbaycan strateji yol xəritələri çərçivəsində bütün qlobal çağırışlara adekvat reaksiya verir. Azərbaycan Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən dünyada gəlirlərin bərabər paylanması göstəricisinə (Gini indeksi) görə ən yaxşı göstəriciyə malikdir. Biz "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, sosial uzlaşmanın gücləndirilməsi, bərabərsizliklərə qarşı tədbirlər görmək məqsədilə çoxsaylı beynəlxalq və regional təşəbbüslərin fəal iştirakçısı olmuş və dövlət proqramları icra edirik. Bunun nəticəsidir ki, son 16 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 9 dəfə, işsizlik səviyyəsi isə 2 dəfəyə yaxın azalmışdır. Bu baxımdan 2019-cu il xüsusilə önəmli oldu və kompleks idarəetmə islahatları ilə birgə, ölkə tarixinin ən irimiqyaslı sosial islahatları həyata keçirildi. Bu, bir tərəfdən hazırkı iqtisadi inkişafa xidmət edirsə, digər tərəfdən də bizim gələcək nəsillərin, xüsusilə də insan kapitalının inkişafı üçün olan investisiyamızdır. Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ölkələri ilə müqayisədə də bizim əhalimizin sayında gənclərin xüsusi çəkisi 7 faiz daha çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu müstəqillik dövründə dünyaya gəlmişdir. Yeni cəmiyyət quruculuğu bizdən həm də nəsillərin dəyişimi amillərini, onların həyata və işgüzar mühitə dair baxışlarını nəzərə almağımızı tələb edir. Buna əsasən, idarəetmənin bütün spektrlərində gəncləşmə siyasəti aparılır. Artıq gələcək idarəetmə "Z-nəsli" və "Minilliyin nəsli"nə məxsusdur və onların idarəetməyə cəlb olunması Azərbaycanın 4-cü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm əhəmiyyətə malikdir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli isə vurğulayıb ki, bu forum təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli tədbirlərdən biridir: "Davos İqtisadi Forumu özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Azərbaycan isə bu forumun ən aktiv təmsilçilərindən biridir. Ölkə başçısı hər dəfə bu forumda fəal şəkildə iştirak edir və ölkənin iqtisadi potensialı barədə orada çalışan iş adamları, eləcə də mediaya ciddi məlumatlar verir. Eyni zamanda, bu forum çərçivəsində Azərbaycanın təbliği baxımından geniş işlər görülüb".

Davos İqtisadi Forumunun imkanlarından danışan E.Mirzəbəyli qeyd edib ki, bu platforma dünyanın bir sıra aparıcı şirkət rəhbərləri ilə bir araya gələrək onlarla iqtisadi məsələlərə dair müzakirələr aparmağa və əməkdaşlıq etməyə imkan verir. Hazırda Davos İqtisadi Forumunun Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən politoloq bildirib ki, dövlətimiz qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atır və ölkədə geniş islahatlar həyata keçirir. Bu islahatların həyata keçirilməsi, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsinə xarici şirkətlərlə əlaqələrindən inkişafı müsbət təsir edəcək. Ona görə də, bu forumun işini yüksək qiymətləndirirəm".

PƏRVANƏ

 





22.01.2020    çap et  çap et