525.Az

Əziz Arif: mavi gözlü div və yaxud işığın şəklini çəkən


 

Əziz Arif: <b style="color:red">mavi gözlü div və yaxud işığın şəklini çəkən</b>

"Mavi gözlü div" ifadəsini ilk dəfə Nazim Hikmətə ünvanlayıblar. Arif Əzizi də mən mavi gözlü div bildim. Tanrı bu adamı yaraşıqlı yaradıb: uca boy, əqiq rəngli iri, duru, aydın gözlər. Gözlər deyil də, bir cüt qiymətli parlaq daşdır kibağışlanıb tanrı tərəfindən Arif Əzizə.

Müşahidə eləmişəm, o, bir zövq əhli kimi, şıq geyinməyi xoşlayan bir dəb əhli kimi, əyninə nə geyinirsə, geyindiyini gözlərinin rənginə mütləq uyğunlaşdırıb geyinir. Məncə, Arif Əziz gözlərilə nəfəs alır, gözlərilə eşidir, gözlərilə düşünür.

Qəribədir, mənə elə gəlir ki, rənglə doludur bu insanın müsəvvir gözləri... Rənglər onun gözlərindən sanki yağış kimi səpələnir tablolara. Bu gözlərin 77 yaşı tamam oldu yanvar ayının lap əvvəlində. Yazmayacaqdım onun haqqında. Sənətşünas ki deyiləm... Amma "Bəyaz" telefilminə baxanda gördüm ki, Arif Əziz rəngləri muğamdan götürüb caza gətirir, ənənəni postmodern üslubda yenidən modelləşdirir, köhnəni fərqli-fərqli dizaynda rekonstruksiya eləyib təzələyir.

"Nədir gerçək?
Ya su bədəninin, 
ya da işıq üzünün
rəsmini çəkmək"

(Tərcümə Aqşin Yeniseyindir).

Yanvarın 1-i doğulmuş Adonis ləqəbli ərəb şairi Əli Əhməd Səid Esbər öz orijinal fikrini şeirlə bəyan edərkən haradan bilə bilərdi ki, ondan düz 13 yaş 2 gün kiçik bir rəssam yaşayır Bakıda və öz əsərlərində işıq üzünün rəsmini çəkir?!

Suyun bədəni, işığın üzü elə bir gerçəklikdir ki, fantastika ilə sərhədləşir.

Hər bir improvizdə isə bir fantastika gizlənib.

Arif Əzizin əksər tabloları bir mövzu ətrafında sərbəst improvizdir: onun rəngli qrafikasının xətt və ən əyriləri mozaikasında həmişə bir Bakı küləyi gəzişir, meynə yarpaqlarına bürünüb Dionis kimi gəzişir.

Dionislə Div arasında isə heç bir addımlıq məsafə də yoxdur.

Sənətşünaslar deyirlər ki, ağ rənglə işləmək çox çətindir. Son 30 ildə Arif Əzizin də çəkdiyi tablolarda dominant rəng ağdır: az qala rəssamın bütün varlığını zəbt eləyib.

Ağ rəng, onun semantika polifoniyasına rəğmən, əslində, çox darıxdırıcı və bezdiricidir. Di gəl ki, Arif Əzizin birbaşa ağ rəngin dominantlığı ilə çəkdiyi rəsmlərə ləzzətlə tamaşa eləyirsən. Nə üçün? Çünki onlardan bir həyat enerjisi, fikir enerjisi fışqırır və bu tablolarda rənglərin dinamik "rəqsi" verilir.

Ağ rəng rəssama işığın üzünü və içini tablolarında görükdürməkdən ötrü lazımdır. Doğrudan da, işığın libası ağdır. İşıq bu libasda görünür insanlara. Həqiqətdə isə işıq  korpuskulyar və dalğavaridir. O, ağ libasla sel kimi axır, içində isə möhtəşəm bir əlvanlıq var və Arif Əziz özünün son dövr tablolarına işığın məhz bu əlvanlığını nöqtə-nöqtə yansıdır. Onun qrafika əsərlərinə tamaşa eləyəndə sən sanki işığın necə "qaçdığını", əvvəlcə ox olub sonra dairəvi bir şəkildə necə burulduğunu görürsən, işığın kətan üzərində necə milli ornamentlərə döndüyünü seyr eləyirsən, səma törəni zamanı mövləvi dərvişlərinin necə işığa qovuşduğunun şahidi olursan; şahidi olursan ki, işıq Abşeronun əncirini, üzümünü, iydəsini naxışlara necə çevirib obrazlaşdırır.

Onun qrafikası mənə Rafiq Babayevin aranjimanında eşitdiyim xalq mahnılarını, yumşaq, həzin caz improvizlərini xatırladır.

"Bəyaz" sənədli filmi (rejissor E.Kazımova, operator A.Abbasov) də Arif Əzizin ifasında ağ rəngin postmodern nağılını danışır, Arif Əzizin Qala kəndindən başlayan tale nağılını danışır, onun sənət dünyasını aram, səlis təhkiyə ilə, təmiz, aydın işıqlı görüntülərlə danışır.

Bütün dünya sənətşünasları təsdiqləyirlər ki, Abşeron rəssamlarının rəng duyumu fantastikdir, ilahidən gəlir, Bakı kəndlərində günəşin xüsusi şüalanma səciyyəsilə şərtlənir: Səttar, Mircavad, qardaşı Tofiq, Tahir, Rasim, Elbəy, Qəyyur və daha kimlər, kimlər, kimlər... Onların hamısını Abşeron təbiəti rəssam eləyib.

Arif Əziz də Abşeron Rəssamlıq Məktəbinə mənsub bir sənətçidir.

"Dhammapada" adlı buddizmin etik prinsiplərini açıqlayan risalədə söylənilir ki, "yel qayadan, təriflə tənqid isə müdrik adamdan heç nə apara bilməz".

Ağ yol süd yoludur, süd rəngli yoldur: onun simvoluna Azərbaycanın xalq rəssamı Arif Əzizin qrafikasında təkrar-təkrar rast gəlmək mümkün.

Ağ yol süd yoludur, süd rəngli yoldur: onu ancaq müdriklər gedə bilir, Bəhram Gur kimi qara gümbəzdən kamilləşə-kamilləşə ağ gümbəzə keçmiş müdriklər...

İndi Siz özünüz müəyyənləşdirin, Arif Əzizin öz rəssam palitrasında ağ rəngə üstünlük verməsi bir təsadüfdürmü?!

 

 





22.01.2020    çap et  çap et