525.Az

Narsizm bir xəstəlikdir - Vüsalə Selcan yazır


 

Narsizm bir xəstəlikdir - <b style="color:red">Vüsalə Selcan yazır </b>

Günümüzün əsas yayılan "yoluxucu" viruslarından biri də narsizmdir. Narsizm nədir, kökəni hardan gəlir?

"Narsizm" - "narcissus" sözündən alınıb "özünə vurğun adam" anlamını verir. Bu mövzunun tarixi elə italyan rəssamı  Coravaggionun yağlı boya ilə işlədiyi "Narcissus" adlı əsərində gizlidir. Sözügedən rəsm əsəri yunan mifologiyasının qəhrəmanı Narkissonun adı ilə bağlıdır. Həmin mifə görə, Eko adlı bir pəri Narkissoya aşiq olur. Lakin Narkisso Ekonun sevgisini cavabsız qoymaqla yanaşı, onun günü-gündən əriyib yox olmasını, əzab çəkməsini önəmsəmir.

Bir gün ova çıxan Narkisso su içmək üçün çaya enərkən suda öz əksinə aşiq olur. O gündən Narkisso nə yeyir, nə içir. Eko kimi günü-gündən əriyir. Onun yox olan bədəni nərgiz çiçəklərinə çevrilir. Nərgiz gülünün də tarixi narsizmlə bağlı olan bu mifə söykənsə də, mövzumuz bu deyil. Çiçəyi qoyaq bir tərəfə, çiçəyi belə solduran eqomuza yönələk.

Ümumiyyətlə, bu, orta əsrlərdə aktual mövzu olub. Narsizm əslində, xarakter pozğunluğu olaraq, zaman tanımadı. Əski dövrlərdə Misir fironlarında, Roma sezarlarında, diktatorlarda biz bunun açıq şəkildə şahidi oluruqsa, günümüzdə narsistlik azalıb fikrinə düşməyimiz yanlış olar. İndi bu, ətrafımızda daha gizli şəkildə cərəyan edir.

Bu tip insanlarda empati duyğusu olmaz, özlərini başqalarnın yerinə qoymağı, acısını hiss etməyi bacarmazlar. El arasında bir ifadə var ha: iraaağ olsun! Necə eqoist bir ifadədir, deyilmi? Yəni xata kimə dəyirsə dəysin, bircə bizdən sovuşsun. Son aylarda gündəmi silkələyən azyaşlıların faciələrinə, Avstraliyada yanan heyvanların ağrısına duya bilmədiyimiz empati kimi. İnsanı ölüm yox, laqeydlik öldürür. Elinaları, Nərminləri, qardaşı tərəfindən başı kəsilən Aytənləri öldürdüyümüz kimi. Hər gün sabahımızı ağır xəbərlərlə açırıq. Və hər dəfəsində biz insanların çox az bir qisminin etirazını görürük. Amma əksəriyyətinin qınayıcı rəyləri, niyəsini öyrənməyə çalışdığı şübhəli sualları nə qədər narsist bir cəmiyyət olduğumuzu göstərir. Səbəb daşın onlara dəyməməsidir. Mənsə bu düşüncədə insanlara işlədirəm o ifadəni: iraağ olun bizdən! Tolstoyun insanlığı rəndələyən sevdiyim bir ifadəsi var: Öz ağrını hiss edə bilirsənsə, canlısan. Başqalarının acısını duya bilirsənsə, insansan.

İnsan narsist doğulmur, narsist yetişdirilir. Narsizm bir xislət deyil ki, dəyişə bilməyəsən. Əynimizə zorla geydirilən bir paltardır. Narsist yetişdirilən bir şəxsin arxasında zorakı bir valideyn dayanır. İstər psixoloji, istər fiziki şiddət göstərən bir valideyn. Biz cəmiyyət olaraq, uşaqlarımızı özgüvənli yox, eqoist böyüdürük. Örnəyim gözümüzdə kiçiltdiyimiz etik qaydalar olsun. Toplumumuzda valdeynlərin əksəriyyəti təşəkkür etmək, üzr istəmək kimi etik qaydaları nəzəri şəkildə öyrətməklə, böyüklüyünü tez-tez xatırlatmaqla hörmətə layiq olduqlarını uşaqların alt şüurlarına çipset şəklində yerləşdirir. Sonuncu dəfə övladınızdan nə zaman üzr istəmisiniz və ya ona nə zaman təşəkkür etmisiniz?

Bəlkə də, çoxu xatırlamayacaq...

Narsist olmaqla özgüvənli olmaq arasında yaranan dağ fərqi:

Bəzi narsistlər özgüvənli olduğunu və bununla da toplum içərisində öz güclərini bəlli edə bildiyini, uğurlu olduğunu sanar. Əksər psixoloqlar da narsistliklə özgüvən arasında oxşar bir bağın olduğunu vurğulayır. Halbuki bu iki xarakter arasında kobud fərqlər var. Özgüvənli yetişmiş insanın üstün olma çabası, qorxusu olmaz. Amma üstün olar. Narsistlərdən fərqli olaraq, dost olmağı bacararlar, çünki paylaşmağı bilirlər. Dinləməyi bacarırlar, çünki öyrənməyi öyrədiblər. Empati duyğuları var, çünki sevməyi öyrəniblər.

Bəs narsizmlə necə mübarizə aparmalı?         

Bir psixoloqun çıxışında eşitmişdim: Harda narsist gördün qaç! Hara qaçaq? Biz artıq qaçmaq yerinə çoxumuzun xəbəri olmadan yoluxduğumuz bu xəstəliklə mübarizə aparmalıyıq. Narsistlər, əslində, sevgisiz, qayğısız böyümüş insanlardır. Onlardan qaçmaqdansa, onlara sevməyi öyrədin.

 





22.01.2020    çap et  çap et