525.Az

Azad Rəhimov: “Yüksəliş” müsabiqəsi sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur


 

Azad Rəhimov: “Yüksəliş” müsabiqəsi sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edəcək.

“Yüksəliş”in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman naziri Azad Rəhimov bununla əlaqədar gənclərə dəvət ünvanlayıb.

Müsabiqənin karyera pilləsində yüksəlmək istəyən, iddialı, özünə güvənən gənclər üçün şans olduğunun vurğulandığı müraciətdə qeyd edilib ki, aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. “Yüksəliş” sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur.

A.Rəhimov əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesi başa çatandan sonra gənclərlə iş sahəsində, yeni nəslin inkişafına xidmət edən böyük layihələr icra olunub, islahatlar həyata keçirilib. Bu baxımdan könüllülük hərəkatını xüsusi vurğulayan nazir qeyd edib ki, bu gün müxtəlif sahələrdə geniş vüsət alan könüllülük hərəkatı gənclərin inkişafına və onların irəli çəkilməsinə xidmət edib. Könüllü olaraq ali təhsil müəssisələrindən tutmuş ayrı-ayrı təşkilatlara qədər bir çox yerlərdə fəaliyyətə cəlb olunan gənclər böyük təcrübə qazanıblar. Sadəcə tədbirlərin idarə olunmasında deyil, həm də gənclərin sözünə, sağlam gəncliyin fəal addımlarına ehtiyac duyulan yerlərdə məhz onlar irəli çəkilib. Könüllülər şəxsi karyeralarını qurmaqda dövlətin yardımını daim hiss edirlər. Könüllülər üçün növbəti şans məhz “Yüksəliş”dir. “Yüksəliş” sadəcə könüllülər üçün deyil, bütün gənclərimiz üçün bir şansdır.

“Yüksəliş” müsabiqəsi yeniləşən Azərbaycana müstəqil fikri, idarəetmə bacarığı olan rəhbərləri seçmək, yetişdirmək üçündür. Bunun üçün özündə güc tapan gənclər tərəddüd etməməli, bu müsabiqəyə qoşularaq “Mən də varam” deməlidir. “Yüksəliş” müsabiqəsinə qoşulmaqla uğurunuzu zəmanət altına almalı, xəyalınızdakı zirvəni hədəfləməlisiniz. Çünki hədəfinizə gedən ən yaxın yol məhz “Yüksəliş” müsabiqəsi olacaq. Odur ki, bacarıqlarınızı nümayiş etdirin, qabiliyyətlərinizi ortaya qoymağa tələsin.

“Yüksəliş”in verdiyi imkandan istifadə edib idarəetmə bacarığınızı inkişaf etdirin. Dövlət “Yüksəliş” müsabiqəsini gənclərin inkişafına yönələn islahatların davamı olaraq icra edir. Siz bu yolla peşəkar təlimlər üçün qrant qazana, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirə, əvəzolunmaz əlaqələr qura, vahid komandanın üzvü ola və peşəkar bələdçilərlə qarşınıza qoyduğunuz ən böyük hədəflərə çata bilərsiniz. “Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!”, - deyə müraciətdə qeyd olunub.

 





22.01.2020    çap et  çap et