525.Az

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib


 

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb.


Bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Baş redaktorun bildirdiyinə görə, dərginin 2019-cu il üçün 2-ci, ümumən isə 15-ci olan, 264 səhifəlik bu sayı bütövlükdə esse janrına həsr edilib: “Esse” sayında yer verilmiş, müxtəlif ölkələrdən 50-yə yaxın müəllifin əsərləri olan mətnlər son yüz ildən bəri dünyada bu janrın keçdiyi inkişaf yolunu, onun hazırkı mənzərəsini, ifadə imkanlarını və qazandığı sənətkarlıq keyfiyyətlərini geniş şəkildə əks etdirir”.

Dərginin yeni sayında Pablo Neruda (Çili), Frans Emil Sillanpyaya (Finlandiya), Mişel Uelbek (Fransa – “Sadələşmiş hesablar”, “Ticari stellajlar düzəltməli”, “Donmuş hərəkətin poeziyası”), Bernard Şou (İngiltərə), Antonio Porpetta (İspaniya) və Mixail Şoloxovun (Rusiya) esseləri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun tərcüməsində verilib.

Mişel Uelbekin bu sayda təqdim olunan daha iki essesi mərhum şair Adil Mirseyidin (“Sağqalma”) və dünyasını erkən dəyişmiş yazıçı Pərviz Yusifin (“Absurd - yaradıcı faktor kimi”) vaxtilə çevirdikləri mətnlərdir.

Rolan Bart (Fransa), Migel de Unamuno (İspaniya) və Adonisin (Suriya) dərginin yeni sayındakı esselərini tanınmış ədəbiyyatşünas, professor Cavanşir Yusifli çevirib.
Adam Kirş (Amerika), Con Bart (Amerika), Xorxe Luis Borxes (Argentina), Mo Yan (Çin), Viston Hyu Oden (İngiltərə), Zeydi Smit (İngiltərə), Enrike Vila-Matas (İspaniya), Xavier Marias (İspaniya), İtalo Kalvino (İtaliya), Simon Gikandi (Keniya), Karlos Fuentes (Meksika),  Mario Varqas Lyosa (Peru - “Ədəbiyyatsız dünya necə olardı”), Veronika Serbinskaya (Rusiya), Vladimir Nabokov (Rusiya-Amerika), Orxan Pamuk və Özdəmir İncənin (hər ikisi Türkiyədən) esseləri isə şair və ədəbiyyatşünas Qismətin tərcüməsində təqdim olunub.

Corc Feyfer (Amerika), Tomas Bernhard (Avstriya), Anatol Frans (Fransa), İngiltərə yazıçılarından Artur Konan Doyl, Gilbert Kiyt Çesterton və Piter Smitin, italyan yazarlar Alessandro Piperno və Renzo Olivanın, Yanuş Qlovatski (Polşa), Mario Varqas Lyosa (Peru - “Katoblepas” və “Soliter haqqında pritça”), rus ədiblərindən Dmitri Merejkovski, İqor Yevdokimov, Larisa Obaniçeva, Nikolay Berdyayev və Yevgeni Zamyatinin esselərini  Seyfəddin Hüseynli tərcümə edib. Türkiyəli yazarlar Əhməd Camal, Çingiz Güləç, Nihat Ziyalan, Semih Gümüş, Sərxan Evyapan və Yusif Yaquboğlunun, eləcə də Uruqvay yazıçısı Mario Benedettinin esseləri də S.Hüseynlinin tərcüməsində verilib.
Nəşrin üz qabığının tərtibatı tanınmış Polşa rəssamı Yatsek Yorkanın “Aşınma” əsəri əsasında qurulub.

ŞAHANƏ

 

 





22.01.2020    çap et  çap et