525.Az

UNEC-də növbəti "Açıq qapı" günü


 

ÖTƏN İLLƏRLƏ MÜQAYİSƏDƏ BU İL İMTAHANLARLA BAĞLI MÜRACİƏT EDƏNLƏRİN SAYI XEYLİ AZALIB

UNEC-də növbəti "Açıq qapı" günü <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı növbəti "Açıq qapı" günü keçirilib.
 
"Açıq qapı"da UNEC rektoru, professor Ədalət Muradov Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Təhsil eksperti Məlahət Mürşüdlü, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva ilə birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinləyib. "Açıq qapı"da ümumilikdə 9 müraciət cavablandırılıb, məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verilib.

"Açıq qapı"da müxtəlif məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Daha çox müraciət qaib limitinin aşılmasına görə imtahana buraxılmama ilə əlaqədar olub. Rektor istisna hallar və üzrlü səbəblər nəzərə alınmaqla, həmin müraciətlərin araşdırılaraq müsbət həll edilməsinə dair müvafiq struktur bölmələrinin rəhbərlərinə göstəriş verib. Bəzi müraciətlərin isə, mövcud qanun və qaydalara zidd olduğu üçün qəbul edilə bilmədiyi qarşı tərəfə ətraflı izah edilib. Bundan başqa, qəbulda diplom müdafiəsi, mübadilə proqramı çərçivəsində təhsildən sonra yaranmış çətinliklərlə bağlı şikayətlərə də baxılıb. Bu müraciətləri edən magistr və tələbələrə də köməklik göstəriləcəyi bildirilib.

Qəbul zamanı müşahidə edilən sevindirici hal isə ondan ibarət olub ki, hazırda davam edən imtahan sessiyası, imtahan sualları, neqativ hallar haqda şikayətlər olmayıb.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu il imtahan sessiyası dövründə hər həftənin şənbə günü keçirilən "Açıq qapı" günlərində rektorun qəbuluna qeydiyyata düşmək üçün "Qaynar xətt" xidmətinə müraciət edənlərin də sayında azalma müşahidə olunub. Əvvəlki illərlə müqayisədə bu il UNEC-in "Qərargah"lara semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb.

Bütün bunları UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndirmək olar.

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, UNEC-in əsas hədəfi savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdirməkdir. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək universitetin iş prinsipidir: "Obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işlər isə tələbələr tərəfindən yüksək qiymətləndirilir. Prosesin obyektiv və şəffaf keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır, biliklərinə düzgün qiymət verildiyi üçün də onlar imtahanlara həvəslə hazırlaşırlar".

M.Mürşüdlü vurğulayıb ki, imtahan prosesi şəffaf təşkil edildiyi üçün "Açıq qapı"ya müraciət edənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb: "Ötən illərlə müqayisədə bu il semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb. Buna səbəb isə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi işlərin görülməsidir. Biliyi, savadı olan, imtahanlara yaxşı hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirildi. UNEC-də əsas fəaliyyət tələbə biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib. Həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə UNEC-də imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir".

S.QARAYEVA

 





22.01.2020    çap et  çap et