525.Az

Məktəblinin dostu - Fotolar


 

Məktəblinin dostu - <b style="color:red">Fotolar</b>

70 MƏKTƏBİ ƏHATƏ EDƏN MÖHTƏŞƏM LAYİHƏ 

2016-cı ildən etibarən ölkənin təhsil sistemində "Məktəblinin dostu" adlı layihə tətbiq olunur. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Hazırda "Məktəblinin dostu" layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir. Layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində "Məktəblinin dostu" fəaliyyət göstərir. "Məktəblinin dostu" layihəsi Azərbaycan təhsilinin fundamental inqilabi yeniliklərindən biridir.

Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. Bir çox inkişaf etmiş ABŞ, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə məktəblərdə "şagirdlərin dostu" olur. Bu xidmətin müxtəlif adı olsa da, hər yerdə məqsədi eynidir. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir.

Bu, çox yaxşı təşəbbüsdür. Bunun hesabına ilk növbədə məktəblərdə nizam-intizam problemi həll olunur. Eləcə də məktəblərdə müəllimlə şagird arasında müsbət ab-hava yaradır.

BÖYÜK QARDAŞ VƏ BACI

"Məktəblinin dostu" layihəsinin əməkdaşları hər zaman uşaqların köməyinə gələrək böyük qardaş və ya bacı, mürəbbiə rolunda çıxış edir.

"Məktəblinin dostu" şagirdlərin həyatında fəal iştirak edərək onları ruhlandıracaq, məktəblilər arasında ahəngdar ab-hava yaradacaq ki, bu da şagirdlərin istedadlarının aşkarlanmasına yardımçı olur. Eləcə də bu layihə müxtəlif yaş qrupundan məktəblilərin öz aralarında əlaqə saxlmasına, asudə zamanlarında müxtəlif tədbirlər təşkil etməsinə, onların həm fiziki, həm də mənəvi-psixoloji inkişafına yardımçı olur.

PSİXOLOJİ DƏSTƏK

Həmçinin, layihədə iştirak edən əməkdaşlar müvafiq psixologiya kursları keçərək və şagirdlərdə psixoloji problemlərin aşkarlanmasına yardımçı olur.

Bununla yanaşı, layihənin Psixoloji Mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzlər pulsuz olaraq məktəblilər üçün valideynlərinin icazəsi ilə müxtəlif seminar keçirərək, eləcə də şagirdlərin peşə seçiminə kömək edir.

HƏDƏF - 150 MƏKTƏB

"Məktəblinin Dostu" layihəsinin İctimaiyyətlə əlaqələr üzrə (PR) meneceri Nərgiz Kərimova deyir ki, 2016-cı ildə fəaliyyətə başlayan "Məktəblinin Dostu" layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsidir. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində fəaliyyətə başlayıb.2017-2018 təhsil ilində isə 20 saylı tam orta məktəb və Bakı şəhər 200 saylı məktəb-lisey kompleksi də bu layihəyə qoşularaq məktəb sayı 32-yə çatıb. 2018-2019-cu tədris ilindən etibarən bu təşəbbüsə, 162 nömrəli tam orta məktəb, 277 nömrəli idman təmayüllü tam orta məktəb və Vətən futbol məktəbi qoşularaq məktəb sayı 35-ə yüksəlib: "Cari ilin may ayından etibarən "Məktəblinin dostu" layihəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən 2019-2020-ci il tədris ilindən etibarən layihənin əhatəsinə 31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə edilib. Əlavə olunan ümumtəhsil müəssisələrindən 4-ü Sumqayıt şəhərində, 2 tam orta məktəb isə Abşeron rayonunda fəaliyyət göstərməkdədir. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur ".

HƏR MƏKTƏBDƏ 3 DOST

N.Kərimovanın sözlərinə görə, hal-hazırda layihədə 300 nəfər Məktəblinin Dostu fəaliyyət göstərir. Hər məktəbdə şagird sayına uyğun olaraq minimum 3 nəfər Məktəblinin Dostu var. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. Bununla yanaşı, Məktəblinin Dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsində, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər: "Şagirdlərin inkişafına yardım məqsədilə davamlı olaraq təlim sessiyaları, 2 növbəli "Yay məktəbi", asudə vaxtın səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində çoxsaylı fəaliyyət icra edilib. Əlavə olaraq layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı avadanlıqların yoxlanılması, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlərin aparılması və şərti həyəcan təlimlərinin icrası, təhlükəsizlik tədbirləri (FHN, sağlam qida, civə təhlükəsizliyi, yol hərəkəti qaydaları, zərərli vərdişlər, şagirdlər üçün tibbi təlimlər və s.), vətənpərvərlik mövzusunda 10 müxtəlif irimiqyaslı tədbir təşkil edilib".

N.Kərimova bildirib ki, ümumilikdə, bu ildə 5 kateqoriya üzrə 200-ə yaxın təşəbbüs icra edilib. Bunlar təhlükəsizlik tədbirləri, şagirdlərin istedadlarının üzə çıxarılması, intellektual inkişafla bağlı təşəbüslər, xüsusi günlərə həsr edilmiş birgə (məktəb-şagird-valideyn) tədbirlər və komanda idman oyunlarının təşviqi.

GƏNCLƏRƏ ÜSTÜNLÜK

N.Kərimova əlavə edib ki, məktəblinin dostu vəzifəsini yerinə yetirən şəxslər əsasən gənc kadrlardan ibarətdir. "Məktəblinin dostu" necə təyin edilir: "İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılır. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük verilir. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunur. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər "Məktəblinin dostu" təyin edilir.  Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən "Fövqəladə hallarda davranış qaydaları",  Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən "İlk yardım" təlimləri keçib Məktəblinin dostları.

BU MƏKTƏBDƏ DƏ MƏKTƏBLİNİN DOSTU VAR

Bakı şəhəri 14 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Məktəblinin dost"ları sözün əsl mənasında şagirdlərin dostudurlar. Onlar öz işlərini canla-başla yerinə yetirirlər. Məktəblinin dostlarından biri daim monitor vasitəsilə kameraların göstərdiyi nöqtələri nəzarətdə saxlayır. Bir an belə gözlərini monitordan çəkmir. Digər iki nəfər isə dəhlizlərdə, məktəbin həyətində dolaşır, şagirdləri uzaqdan müşahidə edirlər. Müəllimin gözündən oğurlanıb dəhlizdə qaçan, tullanıb düşən ibtidailəri sakitləşdirir, dərsdən yayınmağa çalışan şagirdlərə dost məsləhəti verirlər. Səhər saat 7:30-dan axşam saat 7:00-a, məktəbdən ən son şagird çıxana kimi məktəblinin dostları məktəbdə olur. Məktəbin 3 dostu Sədaqət Əliyeva, Lalə Hüseynova və Məhəmməd Əliyevdir. Onlar deyir ki, məktəblinin dostu olmaq göründüyü qədər də asan deyil.

ŞƏRƏFLİ İŞ

Azərbaycan Dövlət Padaqoji Universitetinin "Təhsildə Sosial Psixoloji Xidmət" ixtisasının məznunu Sədaqət Əliyeva deyir ki, artıq 3 ildir ki, məktəblinin dostu kimi fəaliyyət göstərir: "Kanallardan birində "Məktəblinin dostu" layihəsi üzrə vakansiya elan olunduğunu gördüm. Şərtlər və bu işin mahiyyəti ilə tanış olduqdan sonra düşündüm ki, məktəblinin dostu olmaq məhz mənim görmək istədiyim işdir: "Şagirdlərin etimadını qazanıb onların dostu olmaq göründüyü qədər də asan iş deyil. İbtidai təhsil pilləsində oxuyanlarla dost olmağa, yuxarı sinif şagirdlərinin ürəyinə yol tapmağa çalışırıq. Hər şagirdin psixologiyası eyni deyil. Bu səbəbdən də biz hər bir şagirdə fərdi yanaşırıq. Şagirdlərin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün isə biz 3 nəfər əlimizdən gələni əsirgəmirik. 14 nömrəli məktəbdə təhsil alan hər bir şagirdin valideyni tam əmin ola bilər ki, biz məktəblinin dostları onların ovladlarını göz bəbəyimiz kimi qoruyuruq".

MƏKTƏBLİNİN DOSTU OLMA QÜRURU

Məktəblinin dostu Lalə Hüseynova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azəf Zeynallı adına musiqi kollecinin məzunudur. Bu ilin sentyabrından 14 nömrəli orta məktəbdə məktəblinin dostu olaraq fəaliyyətə başlayıb. L.Hüseynova deyir ki, işi çətin və məsuliyyət tələb edən iş olsa da, məktəblinin dostu olmaq onun üçün xoşdur: "Məktəblinin dostu olmaq kənardan göründüyü qədər asan iş deyil. Ancaq mən işimi sevirəm, məktəblinin dostu olmaqdan isə qürur duyuram. Fikrimcə, orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər həyata keçirmək mütləqdir. "Məktəblinin dostu" vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər".

ÖYRƏTMƏK VƏ İSTİQAMƏT VERMƏK

Məktəblinin dostu Məhəmməd Əliyev Bakı Dövlət Universiteti və Azərbaycan Turizm Universitetinin məzunudur. Hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistr təhsili alır. M.Əliyevin sözlərinə görə, o, öyrətməyi və istiqamət verməyi çox sevir. Məktəbdə fəaliyyətə başladığı ilk gündən şagirdlərə düzgün istiqamət verməyi, məktəbdə davranış qaydalarını öyrətməyə çalışır: "Mən işimi çox sevirəm. İşimə, uşaqlara böyük sevgi ilə yanaşıram. Məktəblinin dostu olmaq məsuliyyətli, çətin, səbr tələb edən bir işdir. Müxtəlif psixologiyaya, fərqli xarakterə malik uşaqlarla çalışırıq. Onlarla dil tapmaq, dost olmaq və ən əsası sevgilərini qazanmaq doğurdan da asan iş deyil. Bu məktəbdə təhsil alan şagirdlərin demək olar ki, hamısı ilə dost ola bilmişik. Onlar bizə etibar edir, güvənir. Biz isə dostları olaraq hər zaman şagirdlərin yanındayıq".

S.QARAYEVA

 





22.01.2020    çap et  çap et