525.Az

Özbəkistan KİV-ləri arasında Azərbaycana dair müsabiqə elan edilib


 

Özbəkistan KİV-ləri arasında Azərbaycana dair müsabiqə elan edilib<b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə ölkənin Mətbuat və Kommunikasiyalar Agentliyinin dəstəyi ilə 2020-ci il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, bu il müsabiqədə əsasən Azərbaycan-Özbəkistan əməkdaşlığı, hər iki ölkənin həyata keçirdiyi böyük layihələr, islahatlar və əldə olunan nailiyyətlərə dair mövzulara xüsusi yer verilib. Bununla əlaqədar “Azərbaycan-Özbəkistan əməkdaşlığı: uğur və nailiyyətlərimiz” adlı nominasiya müəyyən edilib. Bildiyimiz kimi, ötən illər ərzində Azərbaycanın bir sıra şəhərləri Türk və İslam mədəniyyətinin paytaxt şəhərləri seçilib, 2020-ci ildə isə Xivə Türk Dünyasının mədəniyyət paytaxtı, Buxara isə İslam mədəniyyətinin paytaxtı elan olunub. Məhz bu tarixi hadisəni nəzərə alaraq bu ilki müsabiqəyə “Azərbaycanın və Özbəkistanın Türk və İslam mədəniyyətlərinin paytaxt şəhərləri” adlı xüsusi nominasiya daxil edilib. Qardaş ölkə jurnalistlərinin mədəniyyətimizin paytaxt şəhərləri, onlar arasında Böyük İpək Yolu üzrə tarixi əlaqələr, bu şəhərlərin ölkəmizin və dünyanın mədəni mərkəzləri kimi rolu və inkişafı barədə məqalələrinə üstünlük veriləcək.

S.Abbasov deyib: “Bu ilki müsabiqədə Azərbaycan tarixi və mədəniyyətində xüsusi yer tutan, milli musiqimizin beşiyi olan Qarabağa, orada Azərbaycan xalqının yaratdığı mədəniyyət, musiqi, muğam sənətinə dair məqalələrə xüsusi yer ayrılıb. Bu səbəbdən müsabiqənin növbəti nominasiyası “Qarabağ – Azərbaycan musiqisinin beşiyi” adlanıb”.

O bildirib ki, 2020-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub, ötən il olduğu kimi, bu il də müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı nominasiya saxlanılıb. Bundan başqa, “İlin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiya müəyyənləşdirilib.

S.Abbasov vurğulayıb ki, iki xalq arasında dostluq əlaqələrinin inkişafında kitab, jurnal və digər çap əsərlərinin mühüm əhəmiyyəti var. Hər iki ölkənin dahi şair və yazıçılarının əsərlərinin qarşılıqlı tərcüməsinin həyata keçirilməsi xalqlarımız üçün olduqca zəruri məsələdir. Mədəniyyət Mərkəzi bu işi stimullaşdırmaq məqsədi ilə “Ən yaxşı nəşr və tərcümə layihələri” mövzusunda nominasiya elan edib.

“İl ərzində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrini, qarşılıqlı əməkdaşlığı təbliğ edən ən fəal azərbaycanlı və özbək alimlər, ictimaiyyət və diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər”, - deyə Mədəniyyət Mərkəzinin direktoru vurğulayıb.

Bildirilib ki, 2020-ci ildə Azərbaycan-Özbəkistan dostluğu, habelə ölkəmizin tarixi, mədəniyyəti, adət və ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox material dərc edən və yayımlayan mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) xüsusi mükafatlar təqdim ediləcək.

S. Abbasov qeyd edib ki, qalib gələn jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak edir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxı Bakının və respublikamızın tarixi məkanları, mədəniyyət, turizm mərkəzlərində olur, orada çəkilişlər aparır, məqalələr hazırlayırlar.

Vurğulanıb ki, 2013-cü ildə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü-mayın 10-da başlayan və hər il keçirilən müsabiqəyə maraq böyükdür. Hər il Özbəkistanın jurnalistləri, alimlər, tərcüməçilər bu layihədə iştirak edərək Özbəkistan-Azərbaycan dostluğuna, Azərbaycana dair özbək mətbuatında materiallar dərc etdirirlər.

 





23.01.2020    çap et  çap et