525.Az

"20 Yanvar" "Mir Şahinin vaxtı"nda


 

"20 Yanvar" "Mir Şahinin vaxtı"nda<b style="color:red"></b>

Azərbaycan xalqı 1980-ci illərin sonunda Ermənistanın Vətənimizdən torpaq iddiaları ilə üzləşdi. Verdiyimiz çörəyə, göstərdiyimiz qayğılara rəğmən Dağlıq Qarabağda məskunlaşan ermənilər Azərbaycanın bu qədim və müqəddəs torpaqlarını Ermənistana birləşdirmək iddiası ilə bizə xəyanət etdilər.

Onların bu xəyanətinə o zaman Sovet İttifaqına rəhbərlik edən Mixayıl Qorbaçov qahmar çıxdı. Belə bir vaxtda SSRİ adlanan bir imperiya daxilində bu dövlətin II Dünya Müharibəsindən qalib çıxmasında misilsiz rol oynamış Bakı neftinin sahibləri - Bakı şəhəri və Azərbaycan xalqı M.Qorbaçovun xəyanətinə cavab olaraq azadlıq hərəkatına - sovet imperiyasından xilas omaq uğrunda mübarizəyə qalxdı. Təcavüzkar Ermənistandan da təcavüzkar bu imperiya Bakıdakı azadlıq hərəkatını boğmaq üçün buraya 17 minlik qoşun yeritdi, qoca, uşaq, qadın hesaba almadan, dünyanın ən rəzil - hətta Holokost  hadisəsindən də ağır bir cinayətlə yüzlərlə insanı gülləbaran altında qətlə yetirdi. Bu hadisə xalqımız üçün nə qədər faciəvi olsa da, millət öz şəhidlərinin qanı hesabına azadlıq əldə etdi.

Bu gün müstəqil Azərbaycan dünyanın sürətlə inkişaf etməkdə olan bir dövlətə çevrilib. Xalqımız bu müstəqillik uğrunda mübarizədə canını vermiş 20 Yanvar şəhidlərinə Bakının ən uca yerində xiyaban salmış və bu "Şəhidlər Xiyabanı" indi millətin and yerinə çevrilmişdir. Bu and yeri xüsusilə 20 yanvar günündə hər kəsin ziyarət etdiyi bir məkandır.

Azərbaycan mediası daimi olaraq 20 Yanvar hadisələrini işıqlandırmaq, günahkarları göstərmək, tarixin qan yaddaşını hər gün yada salmaq işində mühüm rol oynayır. Hər il 20 Yanvar günündə bütövlükdə mediamızı xüsusilə telekanallarımız bu hadisəni günün  prioritet mövzusu kimi təqdim edir.

20 Yanvar günündə mən hələ doğulmamışdım. Amma Azərbaycan mediasının, telekanallarımızın təqdimatında mən o günü sanki özüm də yaşamışam. Ağlım kəsəndən mən hər il yanvarın 20-də televizor qarşısında bu hadisəni müxtəlif istiqamətlərdən işqlandırılmasını izləmişəm. BDU-nun Jurnalistika fakültəsinə qəbul olanana qədər mən adi bir tamaşaçı olmuşam. Amma mən indi bu fakültənin məzunuyam və medianın hər hansı bir ümumxalq hadisəsinə necə diqqət yetirməsini həm də nəzəri cəhətdən diqqət edirəm. Builki 20 Yanvar günü, sözün həqiqi mənasında telekanallarımızın əsl peşəkarlıq səviyyəsini göstərdi. Hadisələrə tamamilə yeni rakusda, yeni proqram formatları ilə yanaşan AzTV-yə, İTV-yə minnətdarlığımızı bildiririk. Amma 20 Yanvara yeni jurnalist yanaşması zəminində mən istedadlı jurnalist və publisist Mir Şahinin Real TV-dəki bir proqram formatını - "Mir Şahinin vaxtı"nı ayrıca qeyd etmək istərdim.

Əlbəttə, Mir Şahin bir telejurnalist kimi həmişə orijinaldır, yüksək peşəkarlığı ilə bəzən heyrət doğuracaq dərəcədə mükəmməldir. "Mir Şahinin vaxtı" proqramı isə hər dəfə bir tele hadisəyə çevrilir. 20 Yanvar günündə də (19 yanvar bazar günündən efirə çıxdı) bu proqram hadisəyə orijinal baxış bucağı ilə tamaşaçını çox razı saldı. Proqramın kalambur formatında maraqlı bir sərlövhəsi var idi: "İnam və iman günü". Bu sərlövhə 20 Yanvar gününün tragik və qəhrəmanlıq mahiyyətini özündə əks etdirən bir düşüncə faktıdır. Mir Şahin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciə və qəhrəmanlıq kolliziyalarını ustadcasına yaratdığı bir süjet xəttində tamaşaçıya çatdırdı. Burada "çatdırdı" sözü bəlkə də mənim istədiyimi tam əhatə etmir. Ona görə də burada hadisənin müasirləşdirilməsi, şablonlaşmış deyimlərin yeni üslubda təqdimi və ən əsası, hər kəsi düşünməyə, müstəqilliyin nəyə başa gəldiyini anlamağa və bu anlamaq məqamında onun qədrini bilməyə çağırdı. Bu çağırış hətta bəzi məqamlarda birbaşa oldu: o zaman imperiyadan xilas olmaq uğrunda küçələrə çıxdıq, bəs bu gün küçələrə çıxmaqla nə demək istəyirik? Bu sual bizim günlərimizdə Azərbaycanımızın inkişaf sürətini ləngitməyə cəhd göstərənlərin, küçə hərəkatının təşkilatçılarına ünvanlanır.

Umumimilli liderimiz Heydər Əliyevin 20 Yanvar hadisəsi ilə bağlı qətliamın səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi, həmin anda hər cür həyati təhlükəyə rəğmən cəsarətlə bu addımı atması, hətta yeganə oğlunu da yanında gətirməsi və 20 Yanvar - qanlı günün günahkarlarını - xüsusilə SSRİ rəhbərliyini ittiham edərək dünyaya bəyanat verməsi Mir Şahinin hər sinxrondan əvvəl verdiyi publisistik şərhlərlə elə müşayiət olundu ki, mən o anda çox-çox yeni faktların  və bu faktlara yeni təhlillərin şahidi oldum. Bu süjetdə şəhidlərin dəfni fonunda Mir Şahinin şəhid qanı və qan qrupu ilə bağlı publisist tapıntılarını mən burada qələmə almıram. Bu anda müəllifin dilinə, dil tapıntılarına, möcüzəli leksikonuna hər kəs Youtube-da yenidən baxa bilər.

Süjetdə Heydər Əliyev fonomeninə qiyməti və bunda sonra Prezident İlham Əliyevin müstəqillik uğrunda həyatını əsirgəməmiş 20 Yanvar şəhidlərinə, onların  yaxınlarına sevgisinə keçid məqamına diqqət etdim. Prezident İlham Əliyevin 30 il bundan əvvəl, 20 Yanvar qırğını barədə dünyaya bəyanat vermək üçün Moskvada dünya jurnalistlərinin qarşısına çıxan Heydər Əliyevin yanında olmasını bir daha xatırladım. Və onun öz rəhbərliyi dövründə bu şəhidlərə təəssüfünün, məhəbbətinin, minnətdarlığının hələ o gün - Moskvada atasının qoruyucusu kimi onunla yanaşı getdiyi gün ürəyinə çökdüyünü hiss etdim. Və bir də onu anladım ki, bu gün təkcə ölkə rəhbəri kimi deyil, həm də o faciənin ağrılarını elə o gün Moskvada yaşamış bir vətəndaş kimi bir daha xatırlamağa bəlkə də, hamıdan çox İlham Əliyevin haqqı var.

"Mir Şahinin vaxtı" 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsindən müasir günlərimizdə bu şəhidlərin qanlarını yerdə qoymamış Aprel döyüşlərində şəhid olmuş qəhrəman əsgərlərimizin doğmaları ilə görüşən, onlara təsəlli verən, onlara dayaq olan və bu təsəlli, bu minnətdarlıq anında göz yaşlarını saxlaya bilməyən Birinci vitse-prezident Mehriban xanımla bağlı faktları da təhlil edir və bir daha bizə göstərir ki, şəhidlər heç vaxt ölmürlər, çünki onları əbədi olaraq ürəyinə köçürmüş Azərbaycan xalqı var, onları daim diqqətdə saxlayan İlham Əliyev gücündə bir rəhbər var. Və "Real"ın tamaşaçısı da bilir ki, belə faktları jurnalist peşəkarlığı ilə tamaşaçıya təqdim edən telejurnalist Mir Şahin var. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunu Mir Şahin.               

Real TV öz informasiya siyasəti olan, azərbaycançılığı və dövlətçiliyimizi prioritet mövzu kimi əsas tutan bir televiziya kanalıdır. Biz bu televiziyanın efirindən Azərbaycanın ən ünlü ictimai və dövlət xadimlərinin ölkəmizin inkişafına xidmət edən fikirlərinin şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyevin bir Prezident kimi iş günü, onun inqilabi islahatları bu kanalın baş mövzusudur. Bütün bunların elmi-publisistik təhlili isə daha aydın şəkildə "Mir Şahinin vaxtı"nda özünü göstərir. Çünki Mir Şahinin hər bir faktı, hər bir hadisəni özünəməxsus şəkildə təhlilləri daha aydın, daha başadüşülən olur. 20 Yanvar hadisələrinə yeni baxış da "Mir Şahinin vaxtı" proqramının peşəkarlıq cəhətdən nəyə qadir olduğunu bir daha sübut etdi.

 





23.01.2020    çap et  çap et