525.Az

Fədakar alim ömrü


 

Fədakar alim ömrü<b style="color:red"></b>

Azərbaycanın təbabət elmində özünəməxsus yeri olan görkəmli alim, fəaliyyəti, əməlləri ilə yaddaşlarda daim yaşayan, vətənsevər ziyalı, ölkəmizin endokrin cərrahiyyəsinin banilərindən biri - tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Fikrət Mirmehdi oğlu Mirsəlimovun anadan olmasının 90-cı ildönümüdür.
 
Onu tanıyan minlərlə insanın xatirində ancaq müsbət təəssüratlar qoyub gedən Fikrət Mirsalimov 1929-cu sentyabrın 18-də Bakı şəhərində Azərbaycanın  Əməkdar həkimi, məşhur alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mirmehdi Mirmövsüm oğlu Mirsəlimovun ailəsində anadan olub.

Fikrət Mirsəlimov 1947-ci ildə Bakıdakı 6 saylı məktəbi qızıl medalla bitirərək həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Hələ tələbə ikən o, cərrahiyyə elmi sahəsinə meyl göstərir. İnstitutdan ayrılmadan 1952-ci ildən şəhər tibbi yardım stansiyasında feldşer  kimi əmək fəaliyyətinə başlayır. F.Mirsəlimov 1953-cü ildə Tibb İnstitutunu qırmızı diplomla bitirib Orta Asiyaya - Tacikistana təyinat alır. Həmin il sentyabr ayında İbn Sina adına Düşənbə Tibb İnstitutunun cərrahiyyə kafedrasının nəzdində klinik ordenaturaya daxil olur.

Vətəndən uzaqlarda istedadı və çalışqanlığı ilə fərqlənən gənc həkim tez bir zamanda etimad və hörmət qazanır. 1954-cü ilin əvvəllərində F.Mirsəlimov Tacikistan SSR Səhiyyə Nazirliyinin əmri ilə tibbi yardımının təşkili məqsədi ilə Leninabad vilayətinin Kolxozçiin rayonun bərbad vəziyyətdə olan xəstəxanasına Baş həkim vəzifəsinə göndərilir. Böyük çətinliklərlə üzləşən 25 yaşlı doktor iradə və məsuliyyət hissi nümayiş etdirərək, nazirliyinin tapşırığını qısa bir zamanda müvəffəqiyyətlə yerinə yetirir. Nəhayət, çoxprofelli xəstəxana işə salınır və sakinlərin istifadəsinə verilir.

Sınaqdan ləyaqətlə çıxan Fikrət Mirsəlimovu geriyə -  Düşənbəyə çağırırlar və yarımçıq qalmış ordinaturanı bitirdikdən sonra 1957-ci ildə İbn Sina adına Tibbi İnstitutun cərrahiyyə kafedrasına assistent vəzifəsinə qəbul edilir.

Alimin Düşənbədə yaşadığı dövrdə onun yaradıcılığında elmi yeniliklərlə zəngin bir mərhələ olur. F.Mirsəlimov 1959-cu ildə "Sadə və tireotoksik ur zamanı nişanlanmış atomlar-radioaktiv fosfor istifadə edildikdə kapillar qan dövranın vəziyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Bu dissertasiya ilə onun gələcək fəaliyyətində endokrin cərahiyyə ilə dərin elm yaradıcılığının əsası qoyulur.   

1961-ci ilin sonunda F.Mirsəlimov vətənə dönür, Azərbaycan SSR  EA-nın ET kilinik və eksperimental institutunda baş elmi işçi vəzifəsində çalışır. Bununla da Fikrət müəllimin yaradıcılığında yeni bir mərhələ başlayır. F.Mirsəlimovun bir cərrah kimi püxtələşməsində görkəmli professorlar - Zülfüqar Məmmədov və Xanlar Hacıyev böyük rol oynayırlar. Onları öz müəllimləri sayan F.Mirsəlimov bu iki alimin xatirəsini böyük hörmət və minnətdarlıqla xatırlayırdı.

Qazandığı müvəffəqiyyətlərdən heç vaxt arxayınlaşmayan, həmişə axtarışda olan Fikrət müəllimin yorulmaz, gərgin əmək tələb edən səmərəli elmi-tətqiqat işləri 1968-ci ildə "Böyrəküstü vəzi qabığı və ətraf arteriyalarının obliterasiyaedici xəstəliyi (klinik, funksional, hormonal və histoloji müayinələrin materialları)" adlı doktorluq dissertasiyasının uğuru müdafiəsi ilə nəticələnir. Tədqiqatın əsas müddəaları keçmiş Sovetlər İttifaqının mütəxəssislərinin diqqətini cəlb edir. Beş il müddətində Bakı şəhərinin Baş cərrahı olan F.Mirsəlimov endokrin vəzi, qarın boşluğu, qarın boşluğu arxası sahələr, simpatik sütun və digər mürəkkəb əməliyyat üsullarına da yiyələnir.

Yüksək elmi təşkilatçılıq və iş qabilliyyəti, zəngin dünyagörüşü və dərin elmi intiusiyası ilə fərqlənən F.Mirsəlimov 1972-ci ildə Akademik M.Topçubaşov adına Elmi-Tətqiqat Klinik və Eksperimental İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunur. İyirmi ildən çox bu məsuliyyətli vəzifəni daşıyan Fikrət müəllimin rəhbərliyi və bilavasitə iştirakı ilə institut çoxprofelli ixtisaslaşmış nüfuzlu elmi-tədqiqat mərkəzi kimi formalaşır. İnstitutun maddi texnika bazası möhkəmlənir, Fikrət müəllimin təşəbbüsü ilə o zaman SSRİ-da çox az sayda olan ixtisaslaşdırılmış, ən müasir səviyyəli endokrin cərrahiyyə şöbəsi təşkil olunur, hormonal, radioizotop, immunoloji və s. laboratoriyalar yaradılır. Hormonal, biokimyəvi, rentgenoloji, radionuklid və digər müayinələrin aparılması nəticəsində endokrin vəzilərində bir çox cərrahi xəstəliklərin daha dəqiq diaqnostikasının aparılması mümkünlüyü aşkarlanır. Qısa müddətdə bacarıqlı və perspektivli gənc həkimləri ətrafına toplayan F.Mirsəlimovun başçılıq etdiyi yeni şöbə fəaliyyətə başlayır. İyirmi beş il ərzində Fikrət müəllim yeni qurulan şöbəyə rəhbərlik edir. Mahir və fəal cərrah kimi o, qalxanvari vəzi, qalxanvari vəzi ətrafı vəzilərdə, böyrəküstü vəzilərdə, yumurtalıqlarda, mədəaltı vəzidə, qarın boşluğu və digər orqanlarda 15 minə yaxın əməliyyat aparır.

1982-ci ildə professor elmi adına layiq görülmüş F.Mirsəlimov həmişə yeniliyə doğru can atmağı sevərdi, onun elmi maraq dairəsi olduqca geniş, rəngarəng idi. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə endokrin vəzilərdə bir sıra çox mürəkkəb endokrin əməliyyətlar məhz Fikrət müəllim tərəfindən ilk dəfə aparılıb. Professorun uzun illər gərgin və məqsədyönlü tədqiqatları, eləcə də onun rəhbərlik altında institutun apardığı elmi-tədqiqatların əsas istiqamətləri endokrin vəzi xəstəliklərinin patogenez, diaqnostika və eksperimentlərdə öyrənilməsindən ibarət olub.

F.Mirsəlimov həm də 1979-1991-ci illər ərzində "Azərbaycan Tibb jurnalı"nın baş redaktoru olub. Bu nəşrin vasitəsi ilə o həkimlərin hazırlığının keyfiyyətinin artırılması və onların tibb elminin inkişafını pespektiv istiqamətləri, tibb elminin nailiyyətləri ilə bağlı icmal informasiya ilə təmin olunması məsələlərinə böyük əmək sərf edib.

Ömrünün 61 ilini cərrahlığa həsr edən F.Mirsəlimov bunun 53 ilini fasiləsiz olaraq Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində çalışıb. Fikrət müəllim özünə və onunla çalışmış əməkdaşlara qarşı çox tələbkar, prinsipial və bir o qədər də həssas, səmimi yanaşan sadə və alicənab bir insan idi. O, bilik və təcrübəsini gənc nəsilə çatdırmağı özünə borc bilərək praktik cərrah-endokrinoloq və elmi kadrların hazırlanmasına xüsusi diqqət ayırırdı. Onun rəhbərliyi altında 8 namizədlik dissertasiyası müdafiə olunmuşdu. O, dəfələrlə N.Nərimanov adına  Azərbaycan Tibb İnstitutuna Dövlət buraxılış imtahan komissiyasına sədrlik etmişdi. 1997-ci ildə Beynəlxalq Ekoliji-Energetika Akademiyasının akademiki seçilmişdi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının daimi üzvü idi.

Görkəmli alim 200-dən artıq elmi əsərin, 4 ixtiranın, 2 monoqrafiyanın, 5 metodik vəsaitin müəllifi olub. Uzun illər tibb elmi və təhsil sahəsində böyük xidmətlərinə görə F.Mirsəlimov "Şöhrət nişanı" ordenli və "Əmək veteranı" adı, eləcə də müxtəlif vaxtlarda medallar və fəxri fərmanlarla təltif edilmiş, 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü.

Vətənə, xalqa və elmə şərəflə xidmət etmiş, sadə və təvəzükar insan, zəngin mənəviyyat sahibi Fikrət Mirsəlimov 2014-cü ilin iyun ayında dünyasını dəyişdi. Professor Fikrət  Mirmehdi oğlu Mirsəlimov elm və təhsil sahəsində parlaq iz qoymuş şəsiyyət kimi yeni nəsillər üçün nümunə sayılacaq bir ömür yaşayıb. F.Mirsəlimov onu tanıyan minlərlə insanın xatirələrində əbədi yaşayacaq.

Rauf AĞAYEV
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin direktoru, professor

 





23.01.2020    çap et  çap et