525.Az

Başdan yarat - İslam Cəfərzadədən 3 şeir


 

Başdan yarat - <b style="color:red">İslam Cəfərzadədən 3 şeir </b>

Yorulmuşam

Bu dünyanın gedişindən,
Əyri-üyri hər işindən.
Bu dünyaya gəlişimdən
           yorulmuşam.

Pisniyyətin niyyətindən,
Aravuran qeybətindən,
Yerli-yersiz söhbətindən
         yorulmuşam.

Kələkbazın kələyindən,
Nömrə gələn hər səyindən.
Nanəcibin zirəyindən
                    yorulmuşam.

Gedir qızğın müzakirə,
Öz mövqeyin güdür hərə,
Haqsızlığı görə-görə
                      yorulmuşam.

Dəlilərin səs-küyündən,
Bəlaların hər "nöy"ündən,
Kiçiyindən, böyüyündən
                      yorulmuşam

Bu fələyin gərdişindən,
İnsanın pis vərdişindən.
Lap itindən, pişiyindən
yorulmuşam.

Taleyimin sərt üzündən,
Qəm üzündən, dərd üzündən.
Həyatımdan, öz-özümdən
           yorulmuşam.

Başdan yarat

Torpaq oldum, palçıq oldum,
Tanrım, məni başdan yarat.
Ürəyimi dəyiş mənim,
Darıxmasın, daşdan yarat.

Gözlərimi düzəlt, dəyiş,
Gecə-gündüz yaş tökməsin.
İstəyirsən kor et məni,
Yollara heç göz dikməsin.

Əllərimi kəs at mənim,
Yad əllərə uzanmasın.
Möhtac olub kimsələrə,
Sifətimi qızartmasın.

Bir az səbr, bir az dözüm
Sən qat mənim torpağıma.
Ya da təmiz adamları
Çıxart mənim qabağıma.

Ya bir quşa döndər məni,
Səmalarda qanad çalım.
Yerə enib ağaclarda
Bir ev tikim, yuva salım.

Böcək kimi, qarışqa tək
Torpaq altda eşələnim.
Günahımı belə yuyum,
Əfv et məni, lap dilənim.

Ay Allahım, saxla məni,
"Göylərdə" sən, yanımda Sən.
Hamı məndən üz döndərsə,
Bilim ki, sən yanımdasan.

Cavanlığım

Bir dəryada fırtınaya
Düşüb batdı cavanlığım.
Dalğala rın ağuşunda
Gözdən itdi cavanlığım.

Külək kimi əsdi, keçdi,
Yazdan keçdi, qışa köçdü.
Bir də gördüm artıq gecdi,
Nə tez itdi cavanlığım.

Sevgi dolu ürək oldu,
Könül verib, könül aldı,
Nə dayandı, nə yoruldu,
Nələr etdi cavanlığım.

Yalvardım mən dönə-dönə,
Qayıt dedim ötən günə.
Çətin bir də geri dönə,
Çünki bitdi cavanlığım.

Gec anladım, keçdi zaman,
Başa düşdüm, dünya yalan.
Vəfasızdan - bu dünyadan
Küsüb getdi cavanlığım.

Yarpaq idi budağında,
Erkən açdı gül bağında.
Qış da gəldi, qar altında
Qalıb itdi cavanlığım.

***

Bir ağacın yanında mən
yaşayaydım bir ağactək,
Qol ataydım,
budaqlarım
budağına dəyənədək.
Onda yəqin başqa yerə,
Başqa bağa mən getməzdim.
Uzaq düşüb o ağacdan
yox olmazdım,
heç itməzdim.
Birgə bitib bir həyətdə,
Yaşıllaşıb, ucalaydıq.
Bir boya atıb,
Bir saralıb,
Biz bir yerdə qocalaydıq.

İslam CƏFƏRZADƏ

 





23.01.2020    çap et  çap et