525.Az

Laçın məktəbliləri 20 Yanvar şəhidlərini anıblar


 

Laçın məktəbliləri 20 Yanvar şəhidlərini anıblar <b style="color:red"></b>

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Laçın şəhər 1 saylı tam orta məktəbdə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Vəfa İsmayılova açaraq şagirdlərə 20 Yanvar faciəsindən danışıb. Qeyd edib ki, bu tarix xalqımızın yaddaşına qanla yazılsa da, 20 Yanvar həm də bizim qürur günümüzdür. Çünki biz azadlığımız, öz haqqımız uğrunda mübarizəyə qalxmışdıq. Azadlıq isə canımız, qanımız bahasına əldə edilir. Allah Şəhidlərimizə rəhmət eləsin! Onların adı həmişə bizim ürəyimizdə yaşayacaq!

Sonra söz 20 Yanvar əlili, "20 Yanvar" Cəmiyyətinin Abşeron şöbəsinin üzvü Xuduş Fərəcova verilib. X.Fərəcov heç bir kitabda olmayan, öz gözləri ilə gördüyü, yaşadığı müsibətlərdən söz açıb: "Rus əsgərləri bizi qırmağa başlamışdılar. Mən başımdan yaralandım və bayğın halda yıxılıb qaldım. Elə bildilər ki, ölmüşəm. Yoxsa qətiyyən məni sağ buraxmazdılar. Birtəhər məni xəstəxanaya çatdırıbar. Çoxlu qan itirmişdim. Yaralılar arasında ən yaşlı olanı mən idim. 50 yaşım xəstəxanada tamam oldu... Uşaqlar, bu tarixi unutmayın! Bu bizim azadlıq uğrunda mübarizəmizin qanlı, həm də şanlı bir tarixidir!"

"Zirvə" ictimai birliyinin sədri, şair Şahin Qədirov da Qanlı Yanvardan danışıb, şagirdlərə həm yaxşı hərbi hazırlıqlı, həm də hərtərəfli bilikli olmağı tövsiyə edib. Sonra o, 20 Yanvar faciəsi zamanı yazdığı "Şəhid olan ad" adlı şeirini söyləyib:

... Bir gənci güllələr qəfil qapdılar,
Sifəti alışdı güllə odundan.
Yüz cəsəd içində onu tapdılar
Əlinə yazdığı qızın adından... 

Tədbir boyu şagirdlər şəhidlərə həsr edilmiş şeirlər deyiblər. 20 Yanvar faciəsini möhtəşəm poetik üslubla ifadə etmiş ölməz şairimiz Bəxtiyar Vahabzadə də hörmətlə anılıb.

Mina RƏŞİD

 





24.01.2020    çap et  çap et