525.Az

Ruhköçürmə stansiyası - Esse


 

Ruhköçürmə stansiyası - <b style="color:red">Esse</b>

20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə "525-ci qəzet"in keçirdiyi, vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsində 3-cü mükafata layiq görülmüş Elmin Nuri və Kənan Novruzovun esselərini təqdim edirik.

Elmin Nuri

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Modern.az xəbər portalında müxbir, mədəniyyət şöbəsinin müdiri, Azərbaycan Tərcümə Mərkəzinin "Aydın yol" qəzetində müxbir, "Xəzər" dünya ədəbiyyatı jurnalında isə redaktor vəzifəsində çalışıb.

Hazırda AzEdu.az təhsil portalının baş redaktorudur.

2017-ci ildə ədəbiyyat sahəsində uğurlu fəaliyyətinə görə, Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin gənci" mükafatına layiq görülüb. Elə həmin ildə də gənc yazar kimi Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan və Şərqin təsəvvüf elm və mədəniyyət tarixinə aid araşdırmaları ingilis, rus, türk, ispan, alman, fransız, ərəb və fars dillərinə tərcümə olunub. 

Ruhköçürmə stansiyası 

(Yurd-yuva həsrəti ilə yaşayıb, bu dünyadan nakam köçən insanların ruhlarına ithaf edilir)

Ürəyi partlayan qoca Xanın açıq qalan gözlərindəki sual işarəsinə bənzəyirdi Vətən...

***

İnsanlar qoca Xan ölən gün bunun fərqinə vardılar... Yalnız ölən gün... Elə mən özüm də məhz o gün buna diqqət etmişdim.

Əslində, bunun günahı həm də qoca Xanın özündə idi; gözlərini hər kəsdən gizləyir, gözlərinin dərinliyində gəzdirdiyi, sual işarəsi ilə əhatə olunan Vətəni heç kəsə göstərmirdi.

***

Əslən, Laçından idi... Amma Laçının işğalından sonra yaşadığı yerlərdə - məcburi köçkün sığınacaqlarında, daha sonrasa şəhərcikdə kimsə onu adı ilə çağırmazdı. Eləcə, hamı ona Xan deyərdi...

Məcburi köçkün taleyi yaşayan həmyerliləri üçün onun tam fərqli özəlliyi vardı: Qoca Xan el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Laçınlaşan adam idi... Laçın bir məkan olaraq, öz ruhunu Xana köçürmüşdü... Bütün laçınlılar də hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkib qayıdardılar... Belə idi bizim Xan baba... Deyərdilər ki, kişi elə bil Laçının dağları, düzləri, yaylaqlarının özüdür.. Söhbətindən doymaq olmur; elə bir oradakı bumbuz bulaqdan su içirsən... Amma mən Laçını görməmişdim...

Xan baba isə ölən gününə qədər Laçını hər kəsdən gizlədi. Onun əzəmətini, füsunkarlığını gözlərinin dərin qəfəsində ciddi-cəhdlə qoruyub saxladı... Bəlkə də, o göz dərinliyindəki əsl Laçını həndəvərindəki köçkün həyatı yaşayan laçınlılara yazığı gəldiyi üçün göstərmirdi... Amma bir şeydən xəbəri yox idi: Laçın artıq onun gözlərindəki dərinlikdən çıxıb bütün vücuduna yayılmışdı. Ruhu kimi, bədəni də Laçına bürünmüşdü... Saçlarının ağından üzündəki sərt cizgilərə qədər laçınlaşmışdı qoca Xan... Bunları da mənə rəhmətlik babam deyərdi... Çünki yenə deyirəm, mən özüm Laçını görməmişəm... Xan babanı isə indi də yaxşı xatırlayıram... Düz demədim, Laçın babanı...

Deyirlər ki, o, həm də SƏS olaraq yaşamışdı: Laçın dağlarının şairənəliyindən, vüqarından yaranan bir saz  səsi kimi...

Yurdun ruhu, yaddaşını həmişə bu səsdə oyaq saxlamışdı... Boşuna laçınlaşmamışdı ki, qoca Xan, Laçın babam!

Bəzən rəvan, buzdan soyuq çay şırıltısı kimi ötkəm nitqində, bəzənsə təmkinli və təmkinli olduğu qədər də sərtdən sərt, nisgildolu baxışlarında bir SƏS kimi dillənmişdi Xan baba...

Bəli, biz ona Xan baba deyərdik. Adını bilmirdik nədi... Deyilənə görə, Xan babanın Laçın işğal olunandan ta ölüm anına qədər ancaq bir halda üzü gülərmiş: Xanəndə Xan Şuşinskinin ifasını dinləyəndə.. Özündən asılı olmayaraq uşaqlaşarmış, gözləri gülərmiş, siması işıqlaşar, nəfəsi daha dərindən eşidilərmiş...

Deyəsən, Xan baba elə ancaq Xan Şuşinski oxuyan zaman nəfəs aldığının fərqində olarmış. Deyəsən, nəfəs deyilən nəsnə Xan babaya yalnız elə Xan Şuşinski oxuyan zaman lazım olarmış.

Sığınacaqdakı laçınlılar da öz qoca həmyerlilərinə xoş gəlsin deyə, ona Xan baba deməyə başladılar... Amma bəlkə də laçınlılar Xan babaya yaşadığının fərqində olsun, nəfəsini yadlaşdırmasın deyə o adı vermişdilər...

Xan baba da bu yaxşılığı cavabsız qoymadı: istər söz-sovunda, istərsə də təmin və müdrikliyində hər zaman hər kəsə Laçın ruhu, ovqatı ötürdü.

***

"Vətən öz adamları ilə canlıdı. O adamlar kimə və hara öz ruhunu yazsalar, demək vətən də oradadı.

İnsanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayıb, cəminə  VƏTƏN deyirlər..." Bunu Xan babanın Laçın işğal olunan zaman hələ gənc olan bir yazıçı eloğlusu demişdi... Sonradan həmin gənc yazarın (indisə yaşı 45-i adlamış) Laçına həsr etdiyi bir yazısında bu cümlələri oxuyanda çox kövrəlsə də, sevinmişdi. Özünü sanki o sətirlərdə görmüşdü Xan baba...

O sətirləri oxuyanda anlamışdı ki, o, bu neçə illər ərzində  doğma Laçını ruhuna yerləşdirib və onu bir qala kimi qoruyub. 

Özü kiçik bir daxmada, təkə-tənha yaşayırdı. Amma di gəl ki, bu kiçik daxmaya bütün Laçını sığdıra bilmişdi. Bu kiçik daxma həm də qanköçürmə məntəqəsi idi bir növ...

Qan itirənə qan vurulduğu kimi, Laçını itirənlərə də Laçın ruhunu qoca Xan bu daxmada köçürürdü... Özünün söz-söhbəti, şeir-sovqatı, ağayana təmkini, mülayim siması ilə...

O, laçınsızlar üçün laçınsızlığın ən yaxşı donoru idi... Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın  köçürürdü...

Ona görə də, qoca Xan ölən gün bu elin insanları sanki Laçını yenidən itirdilər... Öləndən sonra gözlərinin açıq olduğunu görüb sanki Laçına boylanmaq üçün tez qaçıb onun donuq gözlərinə baxmaq istədilər... Lakin... əzəmətli Laçının yerinə, nigaranlığın yaratdığı nəhəngdən də nəhəng bir sual işarəsinə bənzəyən Vətən gördülər...

***

Düzü, hamının müdrik insan kimi sevdiyi Xan babanın hansı işin, sənətin sahibi olduğunu heç zaman bilmədim... Bizim üçün o, ancaq və ancaq Xan baba idi... Bütün peşələr, vəzifələr, sənətlər bu adın qarşısında nə idi ki?! Amma indi düşünürəm ki, Xan baba son nəfəsinədək ancaq bir peşənin sahibi olub - müəllimlik! Görən, bu, o zaman niyə ağlma gəlmirdi ki?!

Bəli, o, bir müəllim idi. Lakin hamının bildiyi müəllimlərdən yox... O, bildiyimiz fənlərdən heç birisini uşaqlara keçməyib. Qoca Xanın yeganə tədris predmeti Laçın olub. O, varlığı ilə, həyat tərzi ilə, sözü-sovu, baməzə və müdrik, şairanə nitqi ilə insanlara Laçını, daha doğrusu, bu yurdun mahiyyətini öyrədib.

Yəqin ki, laçınçılıq dərsini Xan müəllimdən yaxşı tədris edən çox az adam olub.

***

Xan babanın öldüyü günü bu gün də yaxşı xatırlayıram: Həmin gün o, ölümü ilə vacib bir işi görmüş oldu: İçindəki ruhu-mikrolaçını, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna - Makrolaçının təbiətinə qaytardı... Kiçik zərrə öz Günəşinə qovuşdu...

Qoca Xan bu gün doğma Laçının kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə yardım edə bilmir... Yəni onların ruhuna Laçın köçürmür...

***

Qoca Xan bayaq da dediyim ki, laçınsızlar üçün laçınsızlığın ən yaxşı donoru idi... Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın köçürürdü...

Amma bəlkə də onu əldən salan, tükəndirən elə bu donorluq missiyası idi... O, ruhundakı Laçını misqal-misqal hər kəsə ötürüb, özünü laçınsızlıqla tükətdi, sonunu hazırladı... Başqa cür ola da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Xan babaya yalnız doğma Laçının özü lazım idi...

P.S. Laçın isə o gün ölmüş Xanın açıq qalmış gözlərindəki sual işarəsinə bənzəyirdi...

Kənan Novruzov 

2016-cı ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul olunub. Hazırda IV kurs tələbəsidir. Müxtəlif mətbu orqanlarla fəal əməkdaşlıq edir. 

İllər keçsə də... yaşayacaq... 

Yaşasaydı, 50 yaşı olacaqdı... Bəlkə də, indi ölkənin ən tanınmış şairlərindən, jurnalistlərindən, publisistlərindən biri, hansısa qəzetin baş redaktoru idi. Bəlkə də, onu şəxsən və daha yaxından tanıyardıq, özünün mətbuat sahəsindəki təcrübəsini biz gənclərlə bölüşərdi...

Şəhid şair Ülvi Bünyadzadəni nəzərdə tuturam. O, qanlı 20 Yanvar hadisəsinin qurbanlarından biri və həm də adını tarixə əbədi yazanlardandır...

İyirmi yaşım var. Elə bilirəm ki, heç nə yaşamamışam. Gələcək üçün o qədər böyük arzularım var ki. Ümid edirəm, onları reallaşdıra bilərəm. Ancaq Ülvi Bünyadzadənin belə imkanı olmadı - ömrünün iyirminci payızında gözlərini əbədi yumdu, haqq dünyasına qovuşdu. Qeyrəti, milli təəssübkeşliyi ona hər şeyi unutdurdu. Hələ tələbəykən -1990-cı il yanvarın 19-da Bakıya girən sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək sinəsini xalqına tuşlanan gülləyə sipər edib və bir neçə saatdan sonra həlak olub.

Yaradıcı insan idi. Yazır, yaradırdı. Deyirlər ki, yaradıcı insanlar həssas olurlar, haqsızlığa dözə bilmirlər. Görünür, doğru imiş. Ülvi Bünyadzadə də dözə bilmədi...

Hələ şagirdlik vaxtlarından "Daşkəsən" qəzetilə əməkdaşlıq edən bu gənc hərbi xidmətdə olduğu zaman vətənə olan borcunu şərəflə, vicdanla yerinə yetirəcəyi barədə "And" yazır. Çox keçmir. Bir il sonrakı qəhrəmanlığı, şücaəti və cəsarəti ilə andına sadiq qalır, çoxları üçün nümunəyə çevrilir.

Ülvi şair idi. Yazdığı şeirlər təkcə onun xakarteri haqda məlumat vermirdi. Eyni zamanda, ola bilsin, gələcək taleyinə də işarə idi. "Mən qorxmuram uzun yola çıxmaqdan" adlı şeirini sanki elə özünə həsr etmişdi: 

"... Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun ağrısından, acısından,
"Ölüm" adlı yuxusundan mən qorxmuram..." 

Həqiqətən, qorxmurdu. Qorxsa, arzularından, məqsədlərindən könüllü surətdə imtina etməzdi. Nə bilmək olar, bəlkə də, onun həyatdakı vəzifəsi elə bundan - insan üçün ləyaqətlə yaşamağın nə qədər vacib olduğunu göstərməkdən ibarət idi. Bəlkə də, dünyaya bunun üçün gəlmişdi. Gəlmişdi ki, öz şəxsiyyəti ilə örnək olsun, dərs versin...

Ülvi Bünyadzadə gənc idi. Ola bilsin, sevdiyi də var idi. Amma şeirlərində də dediyi kimi, onun üçün Vətən hər şeydən birinci gəlirdi. "Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik" misrası ilə, elə bil, hər kəsə bəyan edirdi ki, millətin, torpağın taleyi onun öz taleyidir. Düzdür, Azərbaycan yaşadı, inkişaf etdi. Ölkəmiz bu gün dünyaya, Avropaya sürətlə inteqrasiya edir. Lakin məhz Ülvi Bünyadzadə və onun kimilərin yüksək vətəndaşlıq mövqeləri nəticəsində.

Şəhid şairin əsərləri sırasına 200-dən çox şeiri, "Ömür yolu" poeması, "Qansızlar" povesti, 40-a yaxın hekayəsi, 5 pyesi, 20-ə yaxın tərcüməsi, 7 ədəbi və ictimai məzmunda məqaləsi, onlarca məktubu daxildir. Yəni əməlli-başlı bir irs qoyub gedib. Ən böyük mirası isə adıdır. Biz gənclər Ülvi Bünyadzadənin timsalında bütün şəhidlərimizin xatirələrini əziz tutaraq onları daim xatırlamalıyıq. Əks halda bizi nə onların ruhu, nə də üstündə gəzdiyimiz bu torpaq bağışlayar.

Bu il Ülvi Bünyadzadənin anadan olmasından 50 il keçir. 50 ilin üzərindən daha çox illər keçəcək, tarixin üzərinə tarix əlavə olunacaq. Keçmişlər yavaş-yavaş silinəcək. Bircə tarix yazanlar, adını tarixə yazdıranlar unudulmayacaq, həmişə yaddaşlarda qalacaqlar.

Yuxarıdakı qeydləri edərkən şəhidimizin daha bir şeirindən bu bəndi xatırlayıram:

"Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir,
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir". 

Haqlıdır. Vaxt necə gəlir, necə keçir bilmirik. Bəzən bir də baxırıq ki, heç nə etməmişik, heç kimə xeyir verməmiş, bir bəndənin belə duasını, rəhmətini qazanmamışıq. Belə yaşamağa nə var ki? Bundan asanı yoxdur. Fəqət bu, mənalı yaşamaq deyil. Əsl yaşamaq xatirələrdə əbədi qalmaqdır. Yarım əsr keçsə də, bir qərinə ötsə də...

Həmişə yaşayacaq, illər keçsə də, elə iyirmi yaşında qalacaq Ülvi Bünyadzadə.

 





24.01.2020    çap et  çap et