525.Az

Azərbaycan Sofiyadakı beynəlxalq film festivalında


 

Azərbaycan Sofiyadakı beynəlxalq film festivalında <b style="color:red"></b>

Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının dəstəyi ilə Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil edilib.

Gecədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" Kinostudiyası tərəfindən çəkilən "İçəri şəhər" filmi nümayiş olunub.

Gecədə Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyası və Rabitə nazirinin müavini Anqel Popov, Milli Statistika İnstitutunun direktoru S.Tsvetarski,  Bolqarıstanın digər dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbər və əməkdaşları, "Azərbaycanın dostları" Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak edib. 

Gecənin açılışında çıxış edən səfir ölkəmizin ardıcıl olaraq 4 il bu özünəməxsus festivalda təmsil olunmasının sevindirici hal kimi qiymətləndirib. O, əsasən müsəlman ölkələrində istehsal olunan filmlər üçün nəzərdə tutulan festivalın müasir dünyanı formalaşdıran hadisə və insanlardan bəhs edən filmləri seyr etməyə imkan yaratdığını söyləyib və Azərbaycanın bu cəlbedici kinematoqrafiya səyahətinin bir hissəsi olmasından məmnunluğunu ifadə edib. 

Səfir həmçinin, cari ildə bolqar kinematoqrafiyasının 105 illik yubileyi münasibətilə bütün bolqar kinosevərləri təbrik etmiş və Azərbaycanın 122 illik kino tarixi barədə danışıb. O, bu festivalı kino sahəsində birgə uğurlarımızın qeyd edilməsi baxımından mükəmməl bir imkan kimi dəyərləndirib.

Daha sonra gecədə nümayiş olunacaq və rejissoru İlqar Safat olan "İçəri şəhər" filmi barədə məlumat verərək psixoloji dram janrında olan filmin iki şəxsin qeyri-mümkün sevgisindən bəhs etdiyini diqqətə çatdırıb. Səfir öz arzuları ilə həmyaşıdlarından fərqlənən Arzu ilə Qarabağ müharibəsi veteranı Rafaelin eşq hekayesinin təsvir olunduğu filmin Hindistanda, Misirdə, Estoniyada, Türkiyədə təşkil olunan festivallarda iştirak etdiyini vurğulayıb və Türkiyədə keçirilən Van Gölü Beynəlxalq Film Festivalında "Ən yaxşı aktrisa" nominasiyasında mükafata layiq görüldüyünü əlavə edib.

Festivalda "İçəri şəhər" filmi ilə yanaşı, Kamal Yaşarın "Dan yeli" qısametrajlı filmi də nümayiş etdirilib.

Qeyd edək ki, ötən illərdə ölkəmiz sözügedən festivalda "Qırmızı bağ", "Şəhər motivləri", "Nar bağı" və "Üçüncü günün adamı" filmləri ilə təmsil olunub.

 





24.01.2020    çap et  çap et