525.Az

Tanıyaq və tanıdaq: Fəriba Mürtəzayi, Əlirza Bəxşi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Fəriba Mürtəzayi, Əlirza Bəxşi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Fəriba MÜRTƏZAYİ

1974-cü ildə Təbriz şəhərində dünyaya göz açıb. İqtisadiyyat ixtisası üzrə təhsil alıb. İlk şeirlərini fars dilində qələmə alsa da, sonralar ana dilində yazmağa başlayıb.

Yazılarında toplumun diləklərı, acıları və istəkləri yerli-yataqlı tərənnüm olunur. 

Fəriba xanımın günümüzədək iki şeir toplusu çap olunub - "Çiynimə bir əl toxundu" (2012) və "Dilim ağzımda ağlayır" (2014). Fars dilindən Azərbaycan dilinə şeirlər tərcümə etməklə də məşğuldur.

Keçdi o zamanlar,
Gizlənqaç oynadığımız anlar
Elə itməmişik,
Tapılaq bir daha.

***

Gözlərim baxışına mələyir,
Canım canına düşüb iməkləyir,
Dön gəl
Sevgim uşaqdır dözməyir.

***

Tutulan ürəyimin bəndi sənsən!
Qorxuram...
Amandır gözlərimə baxma!
Bu göldə boğularsan!

***

Düşmə qapı daldasına!
Məndən yaxın kimin var...
Dodaqlarının arasında qalmışam
Səni
Elə
Elə
Elə
İçimə çəkmişəm
Dilin ağzımda ağlayır!

***

Səsin
İndiyədək qulağımda
Səndən gələn bir salam
Dirildir məni
Yoxla məni!
Hələlik demə
Öldür məni!

***

Sonbaharı sevirəm
Amma qış gəlsin
Qışda burnumun ucu belə qızarar
Utanaram!
Amma səndən nə gizlin,
Bu səhnəni yaşamaq istəyərəm
Səninlə qarların üstündə yeriyəm,
Yavaş-yavaş, əl-ələ
Birdən dönüb üzümə baxasan,
Mən utanam, sən güləsən,
Sonra burnumun ucun,
Tutub sıxasan
Ürəyim dözmür...
Gəl evimizə dönək,
Bu an gözəl duyğu,
Ən gözəl evə sarı dönüşdür...

***

Nə gözəldir
adam yerinə paltar asmaq
Bilə-bilə ocaq başında
Ürək yerinə
Əl yandırmaq
Qartopu soyub
Üstünə yazmaq
Nə gözəldir qadın olmaq
Səni sevib
Səni yazmaq!

***

Bir tikə tutdum
Bal baxışlarından
İllərdir gözüm toxdur.

***

Baş mənimdir
Sənə dolanır
Kimə nə?!

***

Acmışam
Bir tikə baxışına
Ürəyim gedir!

***

Ürəyim ölüb
Çırpınışlar gedib
Sən yoxsan
Bu astana boşdur!
Başmaqlarımı gətirin
Ürəyimin başında cütləyin!
Deməsinlər, adamsızdır!

***

Elimin adamı
Mənim adamım!
Mən
O dərin baxışlarda
İlmək-ilmək
Dara çəkilmişəm!

***

Ağırdır yalqızlıq
Nə ürəyim çəkir, nə dizlərim,
Gedişimi eşit,
Səs ver!
Kim öz arxasından su səpər?!
Mən səpdim,
Sənə sarı döndüm,
Çarəsizliyi durulayıb
Ürəyimin bəndi
Oraya sərdim.

Əlirza BƏXŞİ

1975-ci ildə Ərdəbildə anadan olub. İlk məktəbi Ərdəbilin Panizdəhi-xurdad oxulunda bitirib. Orta təhsilini isə Əbuzər oxulunda və Əkabir mədrəsəsində alıb. 2010-cu ildən ardıcıl olaraq öz ana dilində - Azərbaycan türkcəsində şeir yazmağa başlayıb. Qısa və ağır, əzablı bir ömür yaşayıb. 2015-ci il iyun 1-də hələ 40 yaşına çatmadan, ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.  

Can Azərbaycan

Anama söylədim can,
Bacıma söylədim can,
Balama söylədim can,
Sevgilimə söylədim can,
Bəlkə də sən candan yarandın,
Azərbaycan!

Tək ağac

Silkələmə ağacı, nə olar
Qızıl almalarını
səndən qabaq çırpışdırıblar
Nə veribsən, ala bilmirsən ondan?
Ya ona nə olub
Ondan savay ki adı ağacdır?
Hələ də
Başına gəldiyi
Düşündüyünə güləcək

Titrədiblər onu
Ondan alçaq dostluqlar.

Küləklər
Gediblər duman dalıycan
Və uşaq
Arzuların əkəndən
Zumar daşıyır ətcələrinə
Tərlən yuduğu dəstmalın arasında.

Boşla onu
O, tək qalmaq istəyir
Yalqızlığıylan
Axı
O, söz verib yaşıllığa
Pulsuz kölgə sərə
Ucuz yoldaşlıqlara.

Gecə çapağanları

Siqaretlərim
Köz öpüşündən doymayırlar
Xoruz banından köpək hürüşünə qədər
Porsuqlar
Ölüləri nişan barmaqlarından
Başlayırlar yeməyə
Niyə də
Göstərməyələr
Çürümüş rəfidən asılan
Çəlimsiz ildırım şəkilin.

Məndən yaxşı olmaq

Məndən yaxşı olmaq
Elə də çətin deyil, dostum,
Əl-qolum kölələnəndən
Özümü ötüb keçmişəm
Sənə daha
o şəkillərdən deməyəcəyəm
Onlar çəkiliblər
Cavan qalmaq ücün
Mən
Çirkab atanlardan deyirəm
Orada
Yenə pişiklər
Əl-üzlərini yuyacaqlar
Tüpürcəklərlən
Quduz itlər də
Sülənirlər
Lüt həvəslər kürsəyində
Və almalar
Almalar
Bölünməmiş
İnanmazlar
Çürüyüblər içəridən.

 





24.01.2020    çap et  çap et