525.Az

Xocalı üçün özünü fəda etməyə hazır olan şuşalı


 

Xocalı üçün özünü fəda etməyə hazır olan şuşalı<b style="color:red"></b>

İyirminci əsrin sonlarında xalqımızın başına gətirilmiş çoxsaylı faciə və fəlakətlərdən birinin - 20 Yanvar qırğınının 30 illiyini dərin bir kədər və böyük qürur hissi ilə yad etdik.

Xalqımız həm yanvarın 19-dan 20-nə keçən gecə - tank tırtılları və gülləbaran altında qalanda, həm də Sovet ordusunun silahlarının istənilən azərbaycanlıya tuşlandığı gün - yanvarın 22-də şəhidlərin milyonlarla insanın iştirakı ilə dəfni zamanı sübut etmişdi ki, bu millət möhtəşəm birlik  sərgiləmək iqtidarındadır. Amma... birləşmədən, fərd olaraq da mükəmməl vətənpərvərlik nümunəsi yaradan soydaşlarımız da az deyil. Bu yazıda məhz həmin insanlardan biri barədə söz açmaq istəyirik.

... 20 Yanvar faciəsinin ildönümündən 37 gün sonra Xocalı soyqırımının növbəti ildönümünü qeyd edəcəyik. Nədənsə, hər dəfə Xocalı sözünü eşidəndə mənim yadıma düşən ilk insan məhz Arif Abbasov olur. Çünki o, Şuşada doğulub böyüsə də, Bakıda yaşayıb, işləsə də, Xocalını xocalılılardan çox sevir və bu məkan üçün fədakarlıq edirdi. Çünki o, Şah İsmayıl Xətainin tövsiyə etdiyi dəyərlərin - ana dilimizin, vicdanımızın, Vətənimizin nə demək olduğunu çoxlarııdan yaxşı bilən soydaşlarımızdan idi. Doğrudur, Xocalı deyiləndə dərhal Əlif Hacıyevi, Səriyyə Müslümqızını, fotoqraf Əliş kişini də  xatırlayıram. Çünki onların fədakarlığı barədə də dəfələrlə yazmışam.

Söhbət Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun - indiki Memarlıq və İnşaat Universitetinin dosenti, texnika elmləri namizədi Arif Abbasovdan gedir. Onu 1990-cı ilin payızından tanıyırdım. Həmin illərdə mən "Bilik" Maarifçilik Cəmiyyətinin orqanı olan "Dalğa" qəzetində işləyirdim. Bir gün baş redaktorumuz - mərhum yazıçı Nahid Hacızadə məni otağına çağırıb dedi ki, Arif müəllimlə tanış ol və onun danışdıqları əsasında bir yazı hazırla. Hansısa texniki məsələ ilə bağlı mövzu idi. Hazırladım. Sonra bir neçə məqalə üzərində birlikdə işlədik. Ona qədər yazımız qoşa imza ilə getdi.

Azərbaycan dövləti Xocalı rayonunu yaradanda və həmin rayon mərkəzinə şəhər statusu verilməsi məsələsi ortaya çıxanda Arif müəllimin göstərdiyi təəssübkeşliyi, təşəbbüskarlığı və yorulmazlığı heç zaman unuda bilməyəcəyəm.

Yadımdadır, Xocalı şəhər xəstəxanasının tikintisində iştirak edəcək tələbə inşaat dəstəsinin rəhbəri vəzifəsini məhz Arif müəllim öz üzərinə götürmüşdü. Tələbələr iki mövsüm Xocalıda həm güllə altında işlədilər, həm də əlli yaşlı Arif müəllimin rəhbərliyi altında. Amma Arif müəllim təkcə xəstəxana tikintisində deyil, Xocalı həyatının bütün sahələrində camaatın arasında olurdu. İndi mənim əlimdə Əliş kişinin çəkdiyi, arxasında müxtəlif qeydlər olan foto şəkillər var: "Tələbələr xəstəxananın tikintisində", "Xocalı Aeroportu tikilir", "Buradan yol çəkiləcək" (qışda çəkilmiş fotodur), "Arif Abbasov Xocalının vəzifəli şəxsləri arasında", "Tələbələr ot yığımında", "Arif müəllim ot "presi" daşıyır", "Məhəmməd babanın özü və nəvələri ilə" və başqa fotolar sübut edir ki, Arif müəllim yağı düşmənin diş qıcartdığı Xocalının dirçəldilməsi üçün sözün həqiqi mənasında fədakarlıq etmişdir.

***

... Xocalının işğalından üç ay sonra Arif müəllimlə birlikdə Pirşağıda - sanatoriyada məskunlaşmış xocalılıların görüşünə getmişdik. Xocalı camaatı onu necə qarşıladı, ilahi? Onunla necə görüşdülər, qələmə almaq mümkün deyildi. Arif müəllim həmin adamların hamısını adı ilə tanıyırdı. Şəhərin işğal edilməsindən üç il sonra işğaldan qabaq nişanlanmış gəncəlin Bakıda keçirilən toyunda da birlikdə iştirak etmişdik. Bir gözü uşaqların xeyir işinə  sevinsə də, bir gözü hələ də yaşlı olan toy sahibləri Arif müəllimi Xocalının ağsaqqalı kimi qəbul etdilər və ... o, 3-4 saat davam edən toyda bir dəqiqə də olsun, oturmadı. "Təki toy yaxşı keçsin" - deyə, əsl Qarabağ ağsaqqalı kimi bütün məsələlərlə, detallarla maraqlanırdı ki, problem olmasın. Olmadı. Anası ölmüşlər, o qədər problem görmüşdülər ki, toyda da qulaqları səsdə idi.

***

Şəhərin işğalından sonrakı ilin aprelində Arif müəllimi yenə də redaksiyamızda gördüm. Elə bil ki, dindirən olsa, ağlayacaqdı. Salamlaşdıq. Dedi: "Müəllim, Xocalıda gilənarın gül çağıdır". Sonra heç nə danışmadı. O danışmasa da, mən qəzetin növbəti sayına yazı verdim: "Xocalıda gilənarın gül çağıdır..." Arif müəllim həmin yazını Qarabağın ən təəsübkeş oğullarından olan, "Xocalının səsi" qəzetinin redaktoru, "Qızıl qələm" mükafatı laueratı Sərdar Mehdiyevə göndərdi.

***

Yadımdadır ki, qəzetimizin 16 iyul 1991-ci il tarixli (işğaldan 7-8 ay qabaq)  nömrəsində verilmiş "Xocalının səsi" "Dalğa" da təbriklərə qoşulur" adlı məqalə də məhz Arif Abbasovun təşəbbüsü ilə hazırlanmışdı. Həmin yazıda bildirilirdi ki, yeni yaradılmış Xocalı rayonunun orqanı olan "Xocalının səsi" qəzeti nəşrə başlayır. Həmin günlər Xocalının səsinin hər yerdə, xüsusən, Bakıda eşidilməsinə çox böyük ehtiyac var idi.

***

Yeri gəlmişkən, Arif müəllimin Finlandiyada yaşayan oğlu, rəssam Çingiz Abbasov "Helsinki sonamat" ("Helsinki xəbərləri") qəzetinin 27 fevral 1992-ci il tarixli nömrəsini də bizə gətirmişdi. Həmin qəzetdə çöldə, yamacda, qar üstündə  səpələnmiş insan meyitlərini göstərən foto verilmiş və yazılmışdı ki, Xocalıda yüzlərlə azərbaycanlı qətlə yetirilib. Bizim informasiya vasitələrimiz isə hələ martın ilk günlərində də deyirdilər ki, Xocalıda iki azərbaycanlı öldürülüb. Arif müəllimin xahişi ilə mən finlandiyalı jurnalistin həmin məqaləsi barədə hazırladığım materialı öz qəzetimizdən əlavə "Xocalının səsi" və "Səhər" qəzetlərində də verdim. Həm Sərdar Mehdiyev, həm də Məzahir Süleymanzadə həmin yazıya görə mənə, Arif müəllimə və oğluna xüsusi minnətdarlıq etdilər.

***

... Əlimdə kiçik bir kitabça var. "İbn Sina ilə Bəhmənyarın söhbəti" adlı bu kitabçanın ərsəyə gəlməsinin qəribə bir tarixçəsi var idi. Belə ki, Nahid müəllim bir dəfə mənə dedi ki, Arif Abbasovun qəzetdə vermək üçün gətirdiyi məqaləni oxuyub çapa hazırla. Əlavə etdi ki, məsuliyyətlə oxu. Mən də məsuliyyətlə oxudum və gördüm ki, xeyli düzəlişə ehtiyac var. Yazını hazırladım və qəzetdə verilməsi üçün təqdim etdim. Materialın xeyli dəyişdiyini görən Arif müəllim xahiş etdi ki, onu qəzetdə verməyin, kitab kimi çıxardım. Redaksiya rəhbərliyi etiraz etmədi. Amma mən ürəyimdə etiraz edirdim. Çünki zəhmət çəkmişdim.

Bir neçə ay sonra Arif müəllim həmin kitabçanı gətirdi. Müəlliflər yerində  Arif Xanlaroğlu və İttifaq Mirzəbəyli yazılmışdı. İnsan nə qədər halallıqsevən olarmış? Mənim zəhmətimi qiymətləndirmək üçün özünün hazırladığı kitaba məni də müəllif kimi yazdırmışdı.

***

Arif müəllim rəhmətə gedəndə mən İranda olmuşdum. Ötən ilin dekabrında - anım günündə isə Tbilisidə - müalicədə idim. Yəni heç bir məclisində iştirak edə bilmədiyimə görə bu sətirləri qələmə aldım ki, ruhuna duaçı olduğumu bilsin. Allah rəhmət eləsin!

 





24.01.2020    çap et  çap et