525.Az

Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub


 

Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub  <b style="color:red"></b>

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində yanvarın 22-də Moskvada "Dostlar məclisi" ("Veçer dlə druzey") adlı konsert olub.

AZƏRTAC xəbər verir ki, Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq "Bakı" mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib. Yubilyarı təbrik edənlər arasında qızı Leyla, oğlu, gənc dirijor Murtuza, nəvəsi Anna da var idi.

Gecənin aparıcısı, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman, kinorejissor Yuli Qusman, Rusiyanın Xalq artisti Lev Leşenko, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxışlarında Polad Bülbüloğlunu sədaqətli dost, görkəmli bəstəkar və müğənni, məharətli diplomat, müdrik insan, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndiriblər. Çıxış edənlər onun dahi Bülbülün oğlu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdırıblar. Səhnədə quraşdırılmış ekranda Polad Bülbüloğlunu həyat yolunda müşayiət edən insanlar - ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, sənət dostları və həmkarları canlanıb.

Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirərək deyib: "Çox şadam ki, bu konsert baş tutdu. Çoxdandır ki, oxumurdum. Axırıncı dəfə beş il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Şadam ki, zal dolu idi, pərəstişkarlarım gəlmişdi. Azərbaycan musiqisinin Moskvanın mərkəzində səslənməsi məni qürurlandırır. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert verəcəyəm. İndi ona hazırlaşırıq".

Gecənin qonaqları Polad Bülbüloğlu haqqında fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər:

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib: "Söz tapa bilmirəm, emosiyalarım aşıb-daşır. Nostalji hislər keçirdim. O, parlaq bəstəkar, parlaq müğənnidir. Onun hitə çevrilmiş bütün mahnılarını özü ilə birlikdə oxumaq istəyirsən".

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu fikirləri önə çəkib: "Polad Bülbüloğlunun ifasını Sovet İttifaqı kimi nəhəng bir ölkənin xalqı alqışlayırdı. Elə indi də həm Azərbaycanda, həm də Rusiyada, MDB-nin digər ölkələrində milyonlar onu sevməkdə, yaradıcılığını qiymətləndirməkdə davam edir, çünki onun həyat və yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifəsidir".

Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib: "Bu gün Moskvada yaşayıb, qəlbən hər zaman Bakı ilə olanlar üçün əlamətdar gündür. Bu gün sevimlimiz Polad Bülbüloğlunun 75 illik yubileyini qeyd edirik. O, hər cəhətdən unikal insandır. Mən onu həm dostluq, həm ifaçılıq sənəti, həm bəstəkarlıq sahəsində dünya çempionu adlandırardım. Şübhəsiz ki, o, həm də müasir dövrümüzün görkəmli diplomatıdır. Mənim əziz dostum Mixail Qusman da bu günlər yubileyini qeyd edir. Biz onunla 40 ildən artıqdır ki, tanışıq. Hələ sovet dövründə gənclər təşkilatında birgə işləmişik. Mən Rusiyada yaşayan bütün azərbaycanlıları bu iki yubiley münasibətilə təbrik edirəm".

Federasiya Şurası Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçyov bildirib: "Polad Bülbüloğlu şəxsiyyətinin böyüklüyü mənim üçün onun insanların qəlbində tutduğu yer ilə ölçülür. Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata, insanlara münasibəti bizim hamımız üçün nümunə olub. Mən Polad Bülbüloğlunu özümə müəllim hesab edirəm. O, nə yaradıcılığında, nə diplomatiyada, nə də həyatında heç zaman xaric tonlara yol verməyib. Polad Bülbüloğlu çətin missiya yerinə yetirir. Ümumiyyətlə, onun heç asan missiyası da olmayıb. O, hər zaman yüksəklərdə olub və mən ona bu səviyyəni hər zaman qorumağı arzu edirəm".

"Soyuzmultfilm" kinostudiyası İdarə Heyətinin sədri, M.Qorki adına Kinostudiyanın direktoru Yuliana Slaşyova, NTV telekanalı Baş direktorunun müavini Timur Vaynşteyn də yubilyar haqqında yüksək fikirlər söyləyiblər.

 

 





24.01.2020    çap et  çap et