525.Az

BDU-da imtahanlara ictimai baxış keçirildi


 

BDU-da imtahanlara ictimai baxış keçirildi<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədi ilə zəruri tədbirlər görülüb. İmtahanlar ciddi nəzarət altındadır. Eyni vaxtda bir prosesə həm müəllim-koordinatorlar, həm rəhbər koordinatorlar, həm də kameralar vasitəsi ilə nəzarət olunur. Auditoriyalarda 330 nəfər müəllim-koordinator işləyir. Elektron mərkəzin əməkdaşları kameraların ötürdüyü görüntüləri diqqətindən qaçırmamaq üçün gözünü monitordan ayırmır. Buna baxmayaraq, kameralar da gördüyünü yaddaşına yazır. Bu isə imtahandan sonra hər hansı mübahisəli durum yaranarsa, həqiqəti üzə çıxartmaq, ədaləti bərpa etmək üçündür.

Dünən Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib. BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə əvvəlcə müzakirələr aparan rektor Elçin Babayev mövcud qanunvericiliyin və Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinin nəzərə alındığını, bütün texniki-təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini, imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını və fakültə dekanları, kafedra müdirlərinin qarşısında konkret vəzifələr qoyulduğunu bildirib.

İmtahanların bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçirildiyini bildirən rektor E.Babayev tələbələrin imtahanlarla bağlı yaranan istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən operativ qaydada baxıldığını bildirib: "Başqa bir istisna isə universitetin sağlamlıq imkanları məhdud tələbələri üçün nəzərdə tutulub. Təhsil müəssisəsində belə tələbələr üçün xüsusi şərait yaradılır. Sağlamlıq imkanı ilə əlaqədar olaraq yazmaq çətinliyi olan tələbələr üçün şifahi imtahanlar təşkil edilir".

Rektorun dediyinə görə, universitetdə bir çox istiqamətlərdə işlər gedir: "Böyük sürətlə universitetin elektronlaşdırılmasına başlanılıb. BDU bu məsələdə bir az geciksə də, artıq prosesə start verilib. Böyük üstünlük ondadır ki, proses bizim tələbə və müəllimlərin iştirakı ilə həyata keçirilir. Bu məsələ üçün müəyyən maliyyə vəsaiti ayırsaq da, üstünlüyümüz kadrların hazırlanmasıdır. Bu sahədə bizim böyük potensialı olan iki böyük fakültəmiz var ki, onların imkanlarından istifadə edəcəyik''.

Sonra proses iştirakçıları imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədi görülən işlər, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin, ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən imtahan Qərargahının fəaliyyəti ilə də tanış olublar.

İmtahan Qərargahına "Qaynar xətt" telefon xidməti vasitəsi ilə müraciət imkanı yaradılıb. Bunun üçün 3 nəfər elan edilən zənglərə cavab verir, daxil olan müraciətləri "Qeydiyat kitab"ına qeyd edir. Müraciətdən asılı olaraq, ya dərhal cavab verilir, ya da müraciət Apellyasiya komissiyalarında müzakirə olunur. Telefonla müraciətlər əsasən məlumat xarakteri daşıyır. Tələbələr zəng edərək İmtahan Qərargahına müraciətin formaları, ərizələri necə yazacaqları ilə maraqlanıblar.

Qərargahın sədri, professor Elşad Qurbanov bildirib ki, Qərargah imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə yaradılıb. "Qaynar xətt", elektron poçt və Universitetin bütün tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt" xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir. Eyni zamanda, apellyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edirlər.

Tələbə İmtahan Qərargahına gələrək müraciət edə, ərizəsini də burada yaza bilər. Bundan sonra müraciət müvafiq sahələr üzrə Apellyasiya komissiyalarına yönəldilir.

İştirakçılara məlumat verilib ki, hər gün imtahanlar başlamamışdan öncə müəllim-koordinatorların bölgüsü aparılır və onlar müvafiq auditoriyalara təhkim edilirlər. İmtahanlar başa çatdıqdan sonra rektorluğun qərarı və yerdəyişmə qaydası gözlənilməklə yazı işlərinin yoxlanılması üçün ayrılmış auditoriyalara təhkim edilmiş rəhbər koordinatorlar orada müəllim-koordinatorlar tərəfindən gətirilmiş imtahan yazı işlərinin qəbulunu həyata keçirirlər. Koordinatorların gətirdiyi imtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər aparılır. Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Təxminən saat 14:00-da kodlaşma bitir və işlər fakültələr üzrə yoxlamanı aparacaq müəllimlərə təqdim edilir. Hər bir sual yoxlayan müəllim tərəfindən əsaslandırılmaqla 0-10 bal arasında qiymətləndirilir. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır.

Məlumat olaraq bildirilib ki, universitetin qərarı ilə bu semestrdən tətbiq edilən qaydaya görə, imtahan zamanı qayda pozuntularına yol verən tələbələr imtahandan birbaşa çıxarılmır. Onlara əvvəlcə xəbərdarlıq edilir və bu barədə tələbəyə akt təqdim olunur. Bu, imtahandan kənarlaşdırma faktlarının sayının azalmasına səbəb olub.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar imtahan keçirilən auditoriyalarda olub və imtahanların gedişini izləyiblər. Eyni zamanda, monitorinq otağında auditoriyalara kameralar vasitəsilə baxış keçirilməsi prosesi ilə də tanış olublar. Onlar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, universitetin inkişafı üçün rəqəmsallaşdırma lazımdır: "Universitetin reytinq cədvəllərində yer tutması, daha da irəliləməsi üçün yataqxanasınının olması vacibdir. İnanırıq ki, BDU öz işləri ilə Azərbaycan elminə şöhrət gətirəcək".

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

İmtahan prosesində, eyni zamanda, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Report İnformasiya Agentiliyinin baş redaktoru Murad Əliyev, Məktəbguşəsi.az saytının baş redaktoru Məzahir Məmmədli, o cümlədən, təhsil eksperti Kamran Əsədov da iştirak edib.

Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Səkinəxanım Məmmədova hesab edir ki, hər bir tələbənin imtahana hazırlıq səviyyəsi semestr ərzində bəlli olur. Əgər semestr müddətində seminarlara hazırlaşıb, dərslərə cavab verirsənsə, nəticə olaraq faydasını imtahanlarda görəcəksən. S.Məmmədova təkcə bununla kifayətlənmir. O, mühazirələrlə bağlı müxtəlif ədəbiyyatlara, kurs işlərinə və müxtəlif internet materiallarına müraciət edir: "Jurnalistika fakültəsinin ingilis dili bölməsində təhsil alan tələbələr üçün dərs vəsaiti azdır. Bu məqamda seçim arasında qalırsan - ya əlindəki materialı "əzbərləməli", ya da internetdən mövzu ilə bağlı axtarış edib daha aydın və lakonik material tapmalısan. Birinci variant heç vaxt seçimlərim arasında olmayıb. İmtahan ərəfəsində ilk dəfə, sözün əsl mənasında, "gecə yatmadan oxuduğum" fənn sosial psixologiya idi. Mövzu və material çətin idi, nəticə isə əla oldu.

S.QARAYEVA

 





24.01.2020    çap et  çap et