525.Az

Paşinyan Davosa niyə getmədi?


 

Paşinyan Davosa niyə getmədi?<b style="color:red"></b>

Ermənistanda siyasi gündəm gərgin olaraq qalmaqdadır. Baş nazir Nikol Paşinyan özünə potensial təhlükə gördüyü sabiq hakimiyyətin nümayəndələrinə qarşı repressiya siyasətini davam etdirir. Hazırda ikinci prezident Robert Koçaryan həbsdədir.

Dəfələrlə vəkillərin vəsatətlərinə baxmayaraq, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib. Üçüncü prezident Serj Sarkisyana qarşı da cinayət işi açılıb. Onun cinayət işinin ibtidai istintaqı yekunlaşıb və Sarkisyan 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Sabiq müdafiə naziri Sergey Ohanyan, müdafiə nazirinin müavini olmuş, eyni zamanda, sabiq deputat Yuri Xaçaturov və digərləri də 1 mart 2008-ci il hadisələrinə, yəni ölkənin konstitusiya quruluşunu dəyişdirməyə cəhddə, etiraz aksiyasını dağıtmaqda ittiham olunurlar. Paşinyan hakimiyyəti itirə biləcəyindən o dərəcədə narahatdır ki, hətta Davos İqtisadi Forumunda da iştirak etməyib.     

Erməni mətbuatının yazdığına görə, Paşinyanın Davosda keçirilən illik Dünya İqtisadi Forumunda iştirakdan imtina etməsinin əsas səbəblərdən biri ölkədə hökm sürən gərgin atmosferlə əlaqədar daxili narahatlıqdır. Paşinyan vəziyyətin nəzarətdən çıxa bilməsindən qorxur. Xatırladaq ki, Ermənistan ilk dəfə 2000-ci ildə Davos forumunda iştirak edib. Bu zaman nümayəndə heyətinə ikinci prezident Robert Koçaryan rəhbərlik edib. Növbəti dəfə Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti 2009-cu ildə Davosda olub. 2018-ci ildə baş nazir Karen Karapetyan, 2019-cu ildə Nikol Paşinyan Davos iqtisadi foruma qatılıb.

İndi Paşinyan üçün əsas hədəf Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı sıradan çıxarmaqdır. Ona qarşı cinayət işi açılıb, dəfələrlə evində axtarış aparılıb, istintaqda dindirilib, telefonları dinlənilməyə başlayıb. Tovmasyanın sıradan çıxarılması həm də onun Koçaryanla yaxın münasibətlərinə görədir.

Tovmasyan bildirib ki, onu iki-üç dəfə dindirməyə çağırıblar, bu gün də evində axtarış aparılıb: "Hakimiyyətin istəyi ən qısa müddətdə Konstitusiya Məhkəməsinin sədri kimi məndən qurtulmaqdır. Sizi inandırıram ki, bu hərəkətlər davam edəcək və yeni cinayət hadisələri üçün əsas tapacaqlar. Bu günlər Ermənistanda baş verənlər, Konstitusiya Məhkəməsi ətrafında yaşanan problemlər mövcud hakimiyyətin əsas vəzifəsinin məndən qurtulmaq olduğunu sübut edir. Bütün bunlar çox kobud, açıq şəkildə edilir və bütün ictimaiyyət, beynəlxalq aləm bunu görür. O, jurnalistlərin ətrafında cərəyan edən proseslərin yalnız on faizini gördüklərini vurğulayıb: "Milli təhlükəsizlik xidmətinin sabiq direktoru bütün bunları görürdü və onun zabit şərəfi səssiz qalmasına imkan vermədi. Baş verənlər siyasi mahiyyət daşıyır və bunlar ölkənin maraqlarına ziddir. Telefon danışıqlarına qulaq asılmasına gəlincə, Tovmasyan deyib: "Qoy qulaq assınlar. Dostlarıma dəfələrlə demişəm ki, danışanda və yazanda dinlənildiklərinə uyğun hərəkət etsinlər. Heç bir qərar gözləməyin, həyatımın rejimi dəyişməyib, telefon nömrələrim eynidir, özüm də rahat yaşayıram".

"Ədalət yolu" ictimai təşkilatının həmtəsisçisi Ruben Melikyan isə hesab edir ki, Tovmasyana qarşı irəli sürülən ittiham öz xarakterinə görə elədir ki, onu hətta təsəvvürə gətirmək mümkün deyil: "Məhkəmə hansı hüquqi çərçivədə axtarışın aparılmasına icazə verib?" Onun sözlərinə görə, Tovmasyanın vəkili Konstitusiya məhkəməsinin rəhbərinə qarşı başladılan işləri qanunsuzluq və repressiya adlandırıb: "Özü də, ona qarşı ittihamın irəli sürülməsinin üzərindən təxminən 25 gün keçdikdən sonra", xatırladan Melikyan bildirib ki, bu eyni zamanda, cinayət-prosesual, konstitusiya-hüquq və taktiki-istintaq məntiqinə uyğun gəlmir: "Ancaq bütün bunların yerinə, baş verənlər "yeni Ermənistanın" bilavasitə repressiya məntiqinə yazılır. Mən çox istərdim ki, axtarışa icazə verilən məhkəmə aktını görüm".

Bu günlərdə Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsi üzrə eksperti Qriqori Trofimçuk Ermənistanda baş verənləri şərh edib. O deyib ki, Ermənistanın hazırkı rəhbərliyinə etimad azalmaqda davam edir: "Əgər Rusiya nöqteyi-nəzərindən iki sözlə Ermənistan rəhbərliyinin imicini xarakterizə etsək, bu, gözlənilməzlik və səriştəsizlikdir". Onun sözlərinə görə, Ermənistan baş nazirinin birbaşa ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edərək keçmiş prezident Serj Sarkisyanın ölkənin dövlət aktivlərini qanunsuz köçürməsi ilə bağlı bir növ "sirri" aşkarlaması üçün kömək istəməsindən danışmağa dəyməz. "Təbii olaraq bir sual yaranır: Paşinyanın rəhbərliyi altında Ermənistanın xüsusi xidmət orqanları özləri necə, işləməyi unudublar? Xüsusən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Vanetsyanla baş vermiş insdentdən sonra. Niyə rəsmi İrəvanın, eyni zamanda, avtomatik olaraq Ermənistanın KTMT-yə üzvlüyü nəzərə alınaraq, bu hərbi-siyasi blokun sirləri amerkanlara açılmalıdır? Bu, ciddi narahatlıq doğurur.

Buna görə də, belə fonda Ermənistan üçün qaz qiymətləri məsələsi ən azı üçüncü dərəcəli görünür. Yuxarıda dediklərimlə əlaqəli deyil. Ancaq hansısa mərhələdə birbaşa əlaqənin olacağını da istisna etmirəm. Buna baxmayaraq, bu məsələ siyasətlə deyil, iqtisadiyyatla bağlıdır. Bildiyimiz kimi, bütövlükdə iqtisadi vəziyyət indi o qədər də əlverişli deyil. Ermənistan problemin digər tərəfini də başa düşməlidir: Rusiya qazı olmasa, başqa bir tərəf oxşar xammal ilə ən azı ikiqat tariflə təmin etməyə hazır olacaq", - deyə ekspert əlavə edib. Trofimçuk vurğulayıb ki, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin Ermənistana rəsmi səfərlərindən narahat olmağa dəyməz, bu səfərlər olub və olacaq: "Bu cür ziyarətlər arasındakı fasilələri saymaq sadəcə mənasız olardı, mənim fikrimcə, bunlar Moskvanın İrəvana münasibətdə mövqeyinin dəyişməsi ilə əlaqəli olmayan məsələlərdir. Düşünürəm ki, əgər Paşinyan qəti şəkildə Moskvanı qane etmirsə, bunu ona birbaşa söyləmək üçün variant tapmaq olar, burada gizlətməli heç bir şey yoxdur".

Paşinyanın hakimiyyəti uzandıqca onun səriştəsizliyi, düzgün qərar qəbuletmə, idarəçilik bacarığnın olmaması özünü daha aydın büruzə verir. Hazırda onun siyasətinin əsasını qisasçılıq təşkil edir ki, bununla da çox uzağa gedilməsinin mümkünsüzlüyü çox aydın şəkildə görünməkdədir.

PƏRVANƏ

 





25.01.2020    çap et  çap et