525.Az

DİM 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək


 

DİM 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

Sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz,  Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.

Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

 





27.01.2020    çap et  çap et