525.Az

Deputatlığa namizəd Möhsüm Aslanov Daşkəsəndə seçiciləri ilə görüşdü


 

Deputatlığa namizəd Möhsüm Aslanov Daşkəsəndə seçiciləri ilə görüşdü<b style="color:red"></b>

Qarlı-boranlı bir qış günündə seçki-təbliğat məqsədi ilə yolumuzu Daşkəsəndən saldıq. Yollar sürüşkən, keçilməz olmasına baxmayaraq, ən ucqar dağ kəndinə qədər gedib seçicilərimizə yetişə bildik.

İlk görüşümüz Xoşbulaq qəsəbəsində oldu. 6-7 dərəcə şaxta olmasına baxmayaraq, sakinlər bizi isti nəfəsləri ilə qarşıladılar. Xüsusilə də kəndin xanım seçicilərinin deməyə sözü vardı. Kənd sakinlərinin arzu-istəklərini dinlədik, ehtiyaclarını eşitdik. Xoşbulaqlılar ölkə başçısı İlham Əliyevin Daşkəsənə diqqətindən ağızdolusu danışdılar. İcra başçısı Əhəd Abıyevin onların hər istəyinə dərhal cavab verməsindən söhbət açdılar. Möhsüm Aslanova deputat seçilərsə, onlar kimi xalqa yaxın olmasını istədiklərini bildirdilər. Xoşbulaqlı xanımlara öz xoş arzularımızı çatdırıb yolumuza davam etdik.

Növbəti dayanacağımız Zağalı və Qaraqollar kəndi oldu. Zağalıda məktəbə baş çəkdik, məktəb direktorundan ziyalı fikrini dinlədik. Qaraqollarda isə kənd sakinləri bizi isti soba başında, çay stolu arxasında qonaq etdilər. Söylədilər ki, prezidentimizdən, icra başçımızdan çox razıyıq. Yolumuz, qazımız, suyumuz, hər şeyimiz var. Bir cavanlarımıza iş yerləri də olsa, elə xoşbəxtik ki, xoşbəxt. Deputatlığa namizəd Möhsüm Aslanov kənd cavanları ilə söhbətləşdi, birlikdə sobaya odun atdılar və çay süzdülər.

Növbəti görüş yeri Zinzahal kəndi oldu. Sadə kənd camaatı qol-qola, əl-ələ tutub bağırlarına basdılar. Birlik, mehribançılıq söylədilər. Dedilər ki, biz problemlərimizi tək dövlətin üstünə atmaq fikrində deyilik. Kənddə içməli su problemimiz var, biz də qollarımız çırmayıb birlikdə bu çətinliyimizi də yoluna qoymağa hazırıq. Layihə hazırlansın, fəhlə kimi pulsuz-parasız işləməyə hazırıq. Sonra ağsaqqallar deputatlığa namizəd Möhsüm Aslanova öz xeyir-dualarını verib yola saldılar.

Çanaqlının qış günündə keçilməz yolları seçicilərimizlə görüşməyə mane ola bilmədi. Yeni tikilmiş mobil kənd məktəbində vəziyyətlə tanış olduq, seçicilərimizlə qış qayğılarından danışdıq. Sonra üz tutduq Yuxarı Daşkəsən qəsəbəsinə. Məktəbin qapısından keçər-keçməz qar topu oynayan uşaqlar dövrəmizi sardılar. Deputatlığa namizədlərini qartopuna qonaq edib, şəkil çəkdirdilər.



Xoş ovqatla ayrılıb qəsəbənin mərkəzinə yetişdik. Burda da bizi çaya dəvət edib, söz-söhbət yağışına tutdular. Ağsaqqallar söylədilər ki, biz gördüyümüzü görüb, yaşadığımızı yaşamışıq. Gələcəyimiz üçün, uşaqlarımız üçün yaxşı işlər görün. Deputatllğa namizəd Möhsüm Aslanov ölkə başçısının apardığı dövlətçilik siyasətindən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəni və sosial sferada inasanlarımız üçün gördüyü işlərdən danışdı. Aparılan son islahatların mahiyyətini açıqladı. Xalq-dövlət vəhdətinin vacibliyini vurğuladı.

Ağsaqqallar da ölkə başçısı İlham Əliyevə, birinci-vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini çatdırdılar. Sonra “Uğura qənşər” deyib, yola saldılar.

Artıq axşam düşürdü, sabah isə bizi başqa seçicilərimiz gözləyir. Yolçu yolda deyib, üz tutduq Göygöldəki seçki qərargahımıza.

Vəli ƏKBƏR

 





27.01.2020    çap et  çap et