525.Az

Bir müəllimin həyat hekayəsi


 

Bir müəllimin həyat hekayəsi<b style="color:red"></b>

Rayondan təzəcə qayıtmışam, fakültəyə gələn kimi adətimə sadiq qalaraq, Cahangir müəllimlə - professor Cahangir Məmmədli ilə hal-əhval tutmaq üçün onun otağına gedirəm.

Qapını açıb otağa daxil olanda həmişəki kimi üzümə baxıb gülümsəyir və ayağa qalxıb "Xoş gəlmisən, nənə" deyib mənimlə görüşür. Sonra üzündə qəribə bir ifadə və heç vaxt yadımdan çıxmayacaq titrəyişli bir səslə "Elə bil, Qarabağın havasını gətirmisən bura", - deyir. Onu ilk dəfə idi bu cür qəmgin görürdüm. Ürəyindəki Qarabağ həsrətini gözlərindən oxuyurdum.

Hələ semestr təzə başladığından dərsim yox idi. Fikirləşdim ki, oturub onunla bir az söhbət edim, bəlkə bir az dərdinə şərik olaram. Ancaq söhbətimizin bir hekayə üslubunda irəliləyəcəyini təxmin etməmişdim. Cahangir müəllim sözə lap uşaqlığından danışmaqla başladı. Maraqla onu dinləyirdim, ilk sözü "Ağdam" oldu.  Bir az duruxandan sonra kövrək səslə "Mən Ağdamda doğulmuşam", - deyərək davam etdi. Gözləri dola-dola öz hekayəsinin ardını gətirirdi... Atasının sadə bir kənd adamı olduğunu biləndə üzümdəki ifadəni dəqiqləşdirmək üçün "Bilirsən, alimin uşağının alim olmağı asandır. Onlar onsuz da kitabların arasında böyüyüblər, amma mən balaca bir kitabxanası olan kənddə böyümüşəm".

Bunlar mənə təəccüblü və heyranlıq doğuran bir hekayə kimi gəlirdi. Hələ biləndə ki, atası onun doğulmasından 10 gün əvvəl cəbhəyə gedib və qayıtmayıb, çox mütəəssir oldum. Titrəyən əllərini bir-birinə sıxaraq bu haqda sadəcə bir cümlə dedi: "Yetim böyümək yaman çətin olur". Nə deyəcəyimi bilmirdim, sadəcə dinləyirdim. Uşaqlıqdan boynuna düşən ağır yüklərdən bəhs etdikcə o illərin Cahangir müəllimin ömür fəlsəfəsinin ən ciddi çağları olduğunu və onun sadəcə böyüməyə məcbur olduğunu görmək çətin deyildi. Bir az onu bu fikirdən ayırmaq istədim. Yağan yağışa pəncərədən işarə etdim. O isə "Mən bu yağışdan deyil, ömür yollarında yağan yağışdan qorxuram" desə də, əslində, özü də bilirdi ki, bu "yağışlar" onun bir ziyalı kimi yetişməsində əhəmiyyətli rol oynayıb. Amma yenə də keçirdiyi çətin günlər onu öz təsirinə salmışdı. Bir az qəmgin notlardan çıxıb jurnalistikaya necə gəldiyindən bəhs etdi. İlk məqaləsi hələ orta məktəb illərində oxuduğu məktəbin həyətində çalışan yaşlı bağbanın işinin ağırlığı ilə bağlı yazıb. Hətta buna görə məktəb direktoru onu yanına çağırıb bir qədər də tənbeh edib. Amma otaqdan çıxanda arxadan "Yaxşı yazı idi, üslubun xoşuma gəldi" sözləri, Cahangir müəllimin təbirincə desək, "Zülfüqar müəllimin son cümləsi" onun publisistika həyatında açar rolunu oynayıb.

Danışdıqca ona necə heyranlıqla qulaq asdığımı görüb "İstedadlı tələbə müəllimindən də yüksəkdə olmalıdır, ona görə ki, o istedad müəllimin biliyi ilə də qarışanda daha keyfiyyətli olur", - dedi. Hekayənin ən sevdiyim yerini danışmağa başlayanda əvvəlkindən də böyük həvəslə onu dinləyirdim. Bəli, söhbət Cahangir Məmmədlinin illərin dəyişə bilmədiyi sevgisindən gedir. Əvvəlcədən də bu barədə eşitmişdim. Amma necə tanış olduqlarını bilmirdim. Sevdiyi qızı ilk dəfə Şuşada avtobusdan düşəndə görməsi, onun universitetə qəbul zamanı ədalətsizliklə qarşılaşdığı barədə rektora yazdığı məktubu, məktubuna cavab gələndə yaşadığı sevinci mənə bədii filmləri xatırladırdı. Bu eşq romanının ən acılı bölməsi sevdiyi xanımın qəfil həyatdan köçməsinin Cahangir müəllimdə qoyduğu izlər idi. Hər dəfə özünü yaxşı hiss etməyəndə ruhunun dincəldiyi yerdən - Qubadakı bağ evindəki otağından və onun Ağdamdakı məzarından danışdıqca kövrəlməyə bilmirdi. Elə bu anda "Füyuzat" jurnalını qaldırıb "Payız gülləri" essesini oxumağım üçün mənə verdi. Oxuduqca onu daha yaxşı başa düşürdüm. Həm qəmlənirdim, həm də bu sevgini yaşadığı üçün onu xoşbəxt hesab edirdim. Bilirdim ki, onun içində həm vətən, həm sevgi sarıdan böyük bir boşluq var və o boşluğu doldurmağa təkcə xatirələr bəs etmir. Acılı-şirinli həyatın onun üçün ən böyük təsəllisi 5 qız övladıdır. Bunu övladlarından danışanda gözlərində parlayan işıqdan duyuram. Məni narahat edən məqam onun "70 yaşından sonra ölməyə nə var ki?.." deməyidir. Çünki onu yeni tanıyanlar üçün önündə dayanan illərin də çox böyük əhəmiyyəti var. O, təkcə mənim deyil, mənim müəllimlərimin də müəllimidir. Cahangir müəllimi tanıyandan bu yana hansısa bir problemimi ona danışanda ürəyimdə bir rahatlıq tapıram. Çünki bilirəm ki, məni başa düşür və mütləq düzgün yolu göstərəcək. Bizi qarşıda uğurlu və keşməkeşli yollar gözləyir Cahangir müəllim. Və mən istəyirəm ki, hər dəfə o qapını açıb kafedraya girəndə sizi yenə öz masanızın arxasında əyləşən görüm. Bütün uğurlarıma sizinlə bir yerdə sevinib, hər kiçik problemdə belə sizdən tövsiyə alım.

Doğum gününüz mübarək, hamımızın əzizimiz!..

Günel ABBAS
BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi

 





27.01.2020    çap et  çap et