525.Az

Dünya şöhrətli iki soydaşımızın birgə kitabı


 

PROFESSOR RAFİQ ƏLİYEVİN DAHİ LÜTFİ ZADƏ İLƏ BİRGƏ YAZDIĞI VƏ XARİCDƏ ÇAP EDİLMİŞ ƏSƏR BU YAXINLARDA AZƏRBAYCAN OXUCULARINA TƏQDİM EDİLƏCƏK

Dünya şöhrətli iki soydaşımızın birgə kitabı<b style="color:red"></b>

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı "Fuzzy logic theory and applications" (Qeyri-səlis məntiq - nəzəriyyə və tətbiqetmələr) kitabı bu yaxınlarda soydaşlarımızın vətənində ölkə ictimaiyyətinə təqdim ediləcək.

Ölkə mediasının yaydığı xəbərdə bildirilir ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin ətraf aləmə ənənəvi baxışını dəyişmiş dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan "World scientific"də işıq üzü görüb. Bu nadir nəşr çap olunduğu ilk günlərdən dünya elmi ictimaiyyətində böyük maraq doğurub. Nə qədər qəribə olsa da, həmin kitab Lütfi Zadənin müəllifi olduğu (burada həmmüəllifi - R.T) sayca ikinci kitabıdır.

Dünya elmində əsl hadisə sayılmış kitabın çapı barəsində ölkə mediasına açıqlamasında professor Rafiq Əliyev bildirib ki, Lütfi Zadə ömrü boyu ən mürəkkəb elmi nəzəriyyələrini də özü kitablaşdırmayıb. O, hər nəzəriyyə haqqında məqalə yazır, onların vasitəsilə ideyalar verirdi. Daha sonra isə həmin məqalə yüzlərlə kitabın yazılmasına səbəb olurdu. Bütün həyatını elmə həsr edən Zadənin, nə qədər qəribə olsa da, cəmi bir kitabı çap olunub. Həmişə məqalələrə üstünlük verən  Lütfi Zadə özünün yazmaq və qismən də həyatını əks etdirmək istədiyi bircə kitabın çapında maraqlı olub.

Həyatının son illərində isə dahi soydaşımız elmi varisi professor Rafiq Əliyevə qeyri-səlis məntiqə aid birgə kitab yazmağı təklif edib. Zadə kitab üzərində bir müddət ən istedadlı yetirməsi Rafiq Əliyevlə bərabər çalışıb. Zadənin ömrü həmin kitabı nəşrə tam hazırlayıb çap etdirməyə çatmasa da, Rafiq Əliyev öz sevimli müəlliminin istəyini uzunmüddətli və böyük zəhmət hesabına gerçəkləşdirərək bu dəyərli elmi əsərin işıq üzü görməsinə nail olub.

Yenicə çap olunmasına baxmayaraq, artıq dünyanın bir sıra ölkələrinin ən məşhur universitetləri Lütfi Zadə və Rafiq Əliyevin həmmüəllifi olduğu kitabı əldə etmək şansını qaçırmayıblar.

"Qeyri-səlis məntiq - nəzəriyyə və tətbiqetmələr" kitabı qeyri-səlis məntiq nəzəriyyəsinə aid ikihissəli topludur. Lütfi Zadənin Rafiq Əliyevlə birgə yazdığı birinci hissə qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixi, metodologiyası, tətbiq sahələri, yeni perspektivləri barədədir. İkinci hissədə isə qeyri-səlis məntiqin tətbiq olunduğu hər elm sahəsinin bir mütəxəssisinin məqaləsi yer alıb.

Dünyaca məşhur soydaşlarımızın beynəlxalq elmi dairələrdə böyük marağa səbəb olmuş kitabının təqdimat mərasimində oxucular Lüvfi Zadənin elmi xələfi olan Rafiq Əliyevə həsr olunmuş "Su kimi sakit və güclü" kitabı ilə də tanış olacaqlar. Bu topluda dünya şöhrətli alimin müxtəlif illərdə yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və onun barəsində qələmə alınmış yazılar yer alıb. Kitabın tərtibçisi şair-publisist Rafael Tağızadədir.

Təqdimat mərasimibu il fevralın 10-da saat 18:00-da Xəzər Universitetinin "Mərmər salonunda keçiriləcək (Ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi 41.)

T.AYDINOĞU

 





27.01.2020    çap et  çap et