525.Az

İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb


 

İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb<b style="color:red"></b>

“Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı”

ABŞ ilə İran arasında gərginliyin artması Azərbaycanda da böyük narahatlıq doğurur. Regional təhlükəsizliyə ən ciddi təhdidlərdən biri 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini hələ də işğal altında saxlayır. Bu, regionda qeyri-sabitlik mənbəyi olaraq qalır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında regional təhlükəsizliyə ciddi təhdid yaradan bu və digər qaynar nöqtələrlə bağlı fikirlərini bölüşüb.

Hazırda ən vacib məsələnin regional sabitlik olduğunu bildirən dövlətimizin başçısı deyib: “Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gərginliklər Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir. “Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan özü Ermənistan tərəfindən işğala məruz qalıb və bu, daimi təhdid mənbəyidir. Azərbaycan ərazilərinin 20 faizi beynəlxalq hüququn normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır.

Son vaxtlar regionda Azərbaycanın yaxın qonşusu olan İran ilə ABŞ arasında artan gərginliyə də toxunan Prezident İlham Əliyev deyib: “Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.

 





28.01.2020    çap et  çap et