525.Az

Qocaman şərqşünas dostum haqqında vida sözü - Qəzənfər Paşayevin yazısı


 

Qocaman şərqşünas dostum haqqında vida sözü - <b style="color:red">Qəzənfər Paşayevin yazısı </b>

Vaxt var idi, yaradıcılığın möhtəşəm aldanışı məni qanadları üstünə alıb əlçatmaz, ünyetməz aləmə aparırdı. Heç ağlıma da gəlmirdi, ölüm var, itim var. Ağrılı-acılı ömrün yarpaqtökən çağı var...

Lap bu yaxınlarda onun "Hacının səxavəti" və "Ağsaqqal məsləhəti faydasız olmaz" yazılarını "Doxsanı arxada qoyan, qələmi əlindən qoymayan dostum" adlı təqdimatla "525-ci qəzet"də çap etdirdim. Telefon çalıb təşəkkür etdi. Səsi çox gümrah idi. Dünya əhalisinin yalnız bir faizini təşkil edən uzunömürlülər sırasında vüqarla addımlayırdı. Yazıb-yaradır, xeyriyyəçiliklə məşğul olurdu. Qəfil ölüm xəbəri ürəyimi sızıldatdı, sanki qəlbimdən bir sap qopdu.

İtki çox ağır olur. Xüsusən də uzun illərin dostunun itkisi. Dost itkisi haqda vida sözü yazmaq isə daha da ağrılı-acılı olur. Mən bunu Əzizə Cəfərzadə, Qasım Qasımzadə, Bəkir Nəbiyev, İmamverdi Əbilov, Zəlimxan Yaqub, Rasim Kərimli, tələbə yoldaşım Ənvər Rza, sevimli tələbəm Zeydulla Ağayev, eləcə də kərküklü soydaşlarımız Sinan Səid, Əbdüllətif Bəndəroğlu, Əbdülvahid Küzəçioğlu, Mövlud Taha Qayaçı və başqaları haqqında vida sözü yazanda öz üzərimdə hiss etmişəm. Nə edəsən ki, "gəlimli-gedimli, son ucu ölümlü dünyanın" sərt və dəyişməz qanunu vardır. Yaranan bir gün köç edir.

Belə halda Yəhya Kamalın misraları təsəlli olur:

Biçarə könüllər, nə gedən son gəmidir bu,
Hicranlı həyatın nə də son matəmidir bu.

Sadə, təvazökar, səmimi ürəyi, xeyirxahlıqla döyünən Cümşüd Muradov mənalı bir ömür yaşadı. O, ADU-nun Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölümündə görkəmli pedaqoq və alimlərdən dərs almış, müdriklik məktəbi keçmişdi. Uzun müddət Əfqanıstan və İranda tərcüməçi işləmişdi. Vətənə döndükdən sonra yalnız bir yerdə - Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində işləmiş, Həmid Araslının yanında həyat və müdriklik məktəbi keçmişdi. Ona Abbas Zamanov və dostluq etdiyi Bəkir Nəbiyevlə bir yerdə işləmək də qismət olmuşdu.

Neçə illərdən bəri onun mətbuatda çap olunan xatirələrini, tarixi şəxsiyyətlə, xüsusən də böyük bacanağı Mir Cəlal müəllimlə bağlı xatirələrini, ibrətamiz hekayələrini oxuyub düşüncələrə qərq olmuşam. Bir dəfə görüşümüz zamanı dedim ki, niyə xatirələrinizi toplayıb kitab halında çap etdirmirsiniz?

- Bunu mənə dostum Bəkir müəllim də deyib. Yaradanın köməyi ilə arzumuz yerinə yetər - dedi.

Belə də oldu. Bir gün zəngin hadisələrlə dolu, mənalı yaşanmış uzun bir ömrün salnaməsi olan "Unudulmaz xatirələr" kitabının əlyazmasını ortaya qoydu. Kitaba akademik Telman Əliyev "El ağsaqqalının üçüncü gəncliyi", mən isə "Bənzərsiz əsər" adlı ön söz yazdıq.

Kitabda Cümşüd müəllimin oxuculara ünvanlanan iki səhifəlik "Bir neçə söz"ünün hər cümləsi qızıl qiymətli fikirlər olub, onun müəllifinin necə dərin biliyə, həyat təcrübəsinə malik olduğundan, müdriklik zirvəsində dayanan, həyat və insanlıq barədə, dünyanın keşməkeşləri barədə nüfuzlu söz sahibi, qadir bir insanla üz-üzə dayandığımızdan xəbər verir: "...qazancım insanların hörmət və ehtiramı, itkim isə nəfsimin çəkib aparmaq istədiyi arzularım, istəklərim olub".

Taledən gələn qismətdir ki, Cümşüd müəllim böyük ədibimiz, görkəmli alimimiz, təkrarsız pedaqoqumuz Mir Cəlal müəllimin bacanağı olub. O, Mir Cəlal müəllim vasitəsi ilə bir çox görkəmli şəxsiyyətlərlə ünsiyyətdə olmuş, Səməd Vurğun, Şıxəli Qurbanov, Muxtar Maniyev, Mansurovlar ailəsi, Seyid Hüseyn Sadıqzadə, Almas İldırım, Əlibala Hacızadə, Heydər Hüseynov, Telman Əliyev, Nəriman Həsənzadə haqqında "Unudulmaz xatirələr" kitabında qələmə aldığı maraqlı hadisələr, epizodlar, onların, eləcə də Mir Cəlal müəllimin xarakterinin müəyyən məqamlarını, bəzilərinin talelərinin qaranlıq səhifələrini açıb göstərməkdə əvəzsiz xəzinədir. Bu yazıları, eləcə də İran və Əfqanıstan xatirələrini həyəcansız oxumaq olmur.

Cümşüd müəllim "Unudulmaz xatirələr" kitabını mənə avtoqrafla bağışlamışdı:

"Əziz qardaşım Qəzənfər!

Çoxdan arzuladığımız kitab işıq üzü gördü.

Sevincimə şərik olmağınıza görə çox məmnunam!

Çox hörmətlə, Sizin Cümşüd.

14.VI.2016."

Cümşüd müəllim düz doxsan il bundan əvvəl həmin tarixdə anadan olubmuş.

Həyat belədir. Dahi Səməd Vurğun təsadüfi demirdi:

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Lakin nə qəm. Cümşüd müəllim kimi müdrik və xeyirxah adamlar cismani cəhətdən bizdən ayrılsalar da, övladlarının, qohumlarının, dostlarının, dar gündə maddi və mənəvi dayaq olduğu insanların qəlbində daimi yaşayırlar, unudulmurlar.

 

 





28.01.2020    çap et  çap et