525.Az

STEAM təhsil metodu - Araşdırma


 

STEAM təhsil metodu - <b style="color:red">Araşdırma </b>

Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir.

Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. STEM abbreviaturasına əlavə olunan +A (art-incəsənət) təhsilalanlar üçün vacib hesab edilir. Çünki istər-istəməz layihə məhsullarının ərsəyə gəlməsi zamanı incəsənət sahələrinə inteqrasiya olunur. Eyni zamanda, STEAM humanist yanaşma, mənəviyyat, ümumi mənafeyə xidmət etmə məqsədləri daşıyır. Layihə ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.

Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində artıq STEAM layihəsinin tətbiqinə başlanılıb. Layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb edilir. Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədi ilə 42 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Təlimlərin məqsədi də STEAM dərslərini tədris edəcək müəllimləri yetişdirmək, onları bu istiqamətdə peşəkar inkişafa sövq etməkdir. Təlimlər nəticəsində müəllimlərə STEAM düşüncəsi və metodikası, 21-ci əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və s. bu kimi istiqamətlərdə praktik biliklər verildi və bacarıqlar formalaşdırmağa nail olundu. Yəni artıq STEAM müəllimi adlandıra biləcəyimiz müdavimlərimiz şagirdlərinə STEAM dərslərində mentorluq etməyə, onları yeniliklərə istiqamətləndirməyə hazırdırlar.

STEAM təhsil layihəsində nəzərdə tutulmuş məqsədlərə nail olunması, ümumiyyətlə, təhsil sistemi qarşısında duran bir sıra strateji hədəflərə çatmaqda mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Sərəncam imzalanıb. Bu sənəddən çıxan nəticələrə əsasən, biz innovativ ölkə qurmağa çalışırıq. Ölkəmizdə istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsi bu işin açarıdır. İnnovativ inkişafın açarı olan STEAM bizi strateji hədəflərə aparır. İstedadların aşkarlanması və yetişdirilməsi isə təhsil sisteminin keyfiyyətindən asılıdır. Bu səbəbdən, təşkil edilmiş STEAM təlimlərinin, yəni müasirləşən təhsil məzmununun ölkəmizin inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir.

STEAM dərsləri imkan verir ki, müəllim tədris ili boyunca icra edə biləcəyi fərdi kurikulumunu tərtib etsin. Müasir və STEAM düşüncəli müəllimlər üçün bu imkan geniş spektrli yaradıcılıq üfüqləri açır. Fənn kurikulumlarının icrası zamanı isə müəllim dərsin mövzusuna uyğun olaraq effektli və optimal təlim üsul və vasitələrini seçməkdə, müxtəlif resurslardan istifadə olunmaqla təlim nəticələrini əldə etməkdə sərbəstdir. Bu il STEAM dərslərinin tətbiqinin ilk ilidir, əldə olunan nəticələrə əsasən, qarşıdakı illərdə məzmunun təkmilləşdirilməsi işlərinə baxıla bilər.

Dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Xüsusilə, müəllim şagirdlərində 4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir.

STEAM xarici təlim metodudur. Təlim məzmununun hazırlanmasında DA xarici təcrübədən istifadə olunmalıdır. Təlim məzmununun hazırlanmasında iştirak edən yerli təhsil mütəxəssislər istifadə etdikləri xarici təcrübələri şəxsən beynəlxalq kurs və seminarlardan qazanıblar. Belə ki, yerli təhsil mütəxəssisləri, o cümlədən, mən də, mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsraildə "STEAM və innovativ təlim metodları" beynəlxalq kursunda iştirak edən şəxslərdir. Eyni zamanda, bu mütəxəssislərin bir qismi Türkiyədə təşkil edilən "STEM PD education conference"da iştirak ediblər.

STEAM metodunun bir çox sahələrə müsbət təsiri xarici təhsil mütəxəssisləri və menecerləri tərəfindən daim təsdiqlənir.

Layihədə iştirak etmiş müəllimlər də hesab edirlər ki, təlimlərin STEAM təhsilin prinsiplərinin şagirdlərə daha yaxından çatdırılmasında çox faydası olacaq. Onlar təhsil sahəsində mühüm istiqamət barədə yüksək fikirdədirlər.

"Tərəqqi" texniki-humanitar liseyinin müəllimi Aysel Hüseynova deyir ki, hər birimiz hələ uşaq yaşlarından öz gələcək peşəmizlə bağlı xəyallar qururuq. Bəlkə də müəllim ailəsində doğulub boya-başa çatmağımın nətiəsidir ki, özümü müəllim kimi görməyi həmişə arzulamışam: "Bu şərəfli peşəyə yiyələnmək üçün Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin bakalavr və magistr piləsini müvəffəqiyyətlə bitirmişəm. 2008-ci ildən isə "Tərəqqi" texniki-humanitar liseyində müəllim kimi fəaliyyətə başlamışam. Şübhəsiz ki, hər bir gənc müəllim kimi belə bir mötəbər təhsil ocağında peşə fəaliyyətinə başlamaq mənim üçün də böyük bir şans idi. Liseyimiz Birincilər sırasında olmaqla yanaşı, hər zaman yeni layihələrə açıq olub. Rəhbərliyimizin müəllimlərə, xüsusən, gənc kadrlara böyük dəstəyi var. Adından da göründüyü kimi, liseyimizdə atılan bütün addımlar Azərbaycanımızın Tərəqqisi naminədir. Bunun göstəricisi olaraq da "STEAM Azerbaijan" layihəsinə ilk qoşulanlar sırasındayıq. Layihəyə şagirdlərimiz tərəfindən çox böyük maraq var. Tədris prosesi təhsil nazirliyi tərəfindən texnoloji avadanlıqlarla, tədris materialları ilə tam təmin olunur. Lisey rəhbərliyinin layihəyə çox böyük maraq və dəstəyi var. Belə bir mühitdə həm şagird, həm də müəllim kimi çalışmaq insana daha çox stimul verir. Nəzərə alsaq ki, müasir şagirdin maraq mərkəzində texnologiya, əl əməyi, öyrəndiyi nəzəri bilikləri tətbiq etmə istəyi, robototexnika, əməkdaşlıq durur və STEAM bütün bunları özündə birləşdirir, o zaman STEAM həqiqətən də XXI əsr şagirdi üçün çox maraqlıdır".

Aysel Hüseynovanın sözlərinə görə, STEAM şagirdlərdə həm də sərbəst düşünmə bacarığını önə çıxarır. Belə ki, hər hansı layihə işlənərkən şagirdə diktə edilmir, ona öz ideyalarını realllaşdırmaq şansı verilir. Nəticədə maraqlı və fərqli layihələr ortaya çıxır. STEAM-da artıq "Uğursuz şagird" anlayışı yoxdur, səhvlərindən düzgün nəticə çıxarıb mükəmməlləşən şagird var. STEAM-də həm də əməkdaşlıq, komandada işləmək bacarığı formalaşır. Məncə, bu, özü də gələcəkdə sağlam cəmiyyətin formalaşmasına xidmət edən bir amildir. Hesab edirəm ki, bu günün STEAM layihəsi gələcəyin mükəmməl dizaynerlərinin, proqramçılarının, texnoloqlarının, müəllimlərinin, həkimlərinin yetişməsinə təkan verən bir layihədir. Çünki STEAM fənlərarası inteqrasiyaya əsaslanaraq şagirdin bilik və bacarığını inkişaf etdirir. Bir müəllim kimi layihənin gedişatında öyrədərək öyrənirəm və düşünürəm ki, layihə getdikcə daha da təkmilləşəcək, müasir müəllim və müasir şagirdin inkişafına öz müsbət təsirini gğstərəcəkdir. Bu günün uğurlu şagirdləri Azərbaycanın uğurlu gələcəyidir və biz müəllimlər bu gələcəyin daha parlaq olması və inkişafı naminə əzmlə çalışırıq. Bu işdə əməyi keçən hər bir kəsə təşəkkür edirəm və uğurlar arzulayıram".

Orta məktəblərdə STEAM yanaşması uşaqları eksperimentlərin aparılmasına, modellərin hazırlanmasına, musiqi və filmlərin müstəqil yaradılmasına, ideyalarının reallığa çevrilməsinə və son məhsulun yaradılmasına həvəsləndirir. Bu təlim yanaşması uşaqlara nəzəriyyə və praktiki bacarıqları effektiv şəkildə birləşdirməyə imkan verir və gələcəkdə universitetə daxil olmaq və daha da inkişaf etdirməyi asanlaşdırır.

STEAM layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, sözügedən layihə eyni anda bir neçə aspekti - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirir. Tədris prosesi beşinci sinifdən məktəblərdə tədris olunan "Alqoritmika" layihəsinin bir növ davamıdır. İ.Nəzərov, gələcəkdə artıq uzun müddətdir xaricdə olduğu kimi STEAM-ın bir fənn olaraq bütün təhsil səviyyələrində tədris olunacağını istisna etməyib: "Prosesin hansı istiqamətdə getdiyini başa düşmək üçün ilin birinci yarısının qiymətləndirməsinin nəticələrini görmək istəyirik. İlin birinci yarısının sonuna qədər məktəblilər artıq öz layihələrinin ardınca gedə biləcəklər. Məsələn, TINKERCAD proqramını öyrəndikdən sonra, stəkan dizayn edə və onu 3D printerdə çap edə biləcəklər. Şagirdlərin tam fəaliyyət azadlığı var".

Sevinc QARAYEVA

 





28.01.2020    çap et  çap et