525.Az

Bakıda rusiyalı rəssamın Müslüm Maqomayevə həsr olunmuş sərgisi açılacaq


 

Bakıda rusiyalı rəssamın Müslüm Maqomayevə həsr olunmuş sərgisi açılacaq

Sentyabrın 10-da, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) tanınmış Rusiya rəssamı İrina Zaqovorçevanın “Müslüm Moqomayev: “Qızıl günəşin şüası” adlı sərgisi açılacaq.

RİMM-in mətbuat mərkəzindən 525.az-a bildiriblərki, “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyində İrina Zaqovorçevanın sərgiləri ənənəvi olaraq hər il keçirilir.

Sərgidə görkəmli müğənni Müslüm Maqomayev və onun doğma şəhəri Bakıya həsr olunmuş 40-a yaxın qrafika və foto işi nümayiş etdiriləcək.
İrina Zaqovorçevanın bu il keçirdiyi dörd fərdi sərginin ikisi Müslüm Maqomayevə həsr olunub.

İyunun 5-də Berlindəki Rusiya Elm və Mədəniyyət Mərkəzində “Müslüm Maqomayev. Sən mənim melodiyamsan” sərgisi təşkil olunub. Sərgidə Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Azərbaycanın Xalq Rəssamı Əşrəf Heybətov, mədəniyyət xadimləri, müğənninin pərəstişkarları, ictimaiyyətin və mətbuatın təmsilçiləri iştirak ediblər.

İ.Zaqovorçeva çıxışında Azərbaycanı çox sevdiyini bildirib: “O, mənim ikinci vətənimdir, onun gözəlliklərini bütün dünyaya nümayiş etdirmək istəyirəm. Mən Bakıya həmişə böyük sevinclə, aşıb-daşan sevgi, mənə göstərilən səmimiyyətə və xeyirxahlığa görə minnətdarlıq hissi ilə gəlirəm”.

 





04.09.2012    çap et  çap et