525.Az

Əjdər Dadaşov: "Çox vaxt adamlar bir iş görməsələr də, məşhur olmaq istəyirlər" - Foto


 

"TƏƏSSÜF Kİ, HƏR YERDƏ, HƏR KƏSDƏN SƏMİMİYYƏT GÖRMƏK OLMUR"

Əjdər Dadaşov: "Çox vaxt adamlar bir iş görməsələr də, məşhur olmaq istəyirlər" - <b style="color:red">Foto</b>

Sosial şəbəkələrdə parlayanlar

Sosial şəbəkələr ayrı-ayrı insanların məşhurlaşmasına kömək etməklə yanaşı, həm də onların bu platforma vasitəsilə öz işlərini qurmalarına, ideyalarını gerçəkləşdirmələrinə imkan verir.

İllər əvvəl öz saytını yaradan və Feysbukda "Teatrımızın inciləri" adlı qrup açıb bir xeyli izləyicinin marağına səbəb olan, "Dörd bacının bir qardaşı" şou teatrının rəhbəri, gənc aktyor Əjdər Dadaşovla həmsöhbət olduq.

Söhbətimizə ondan teatra, səhnəyə marağın az olduğu bir dövrdə belə bir sayt və qrup yaratmağın hansı zərurətdən irəli gəldiyini soruşmaqla başladıq. 

"Sosial şəbəkələr TV-lərə nisbətən daha geniş imkanlara malikdir"  

- "Teatrımızın inciləri"ni 7 il əvvəl həm sayt, həm də Feysbukda qrup şəklində yaratdım. "Teatrımızın inciləri"ndə teatr sənətkarlarımızın doğum və anım günləri, onların həyatında baş verən hadisələr haqqında yazılar olur. Təbii ki, hər biri də redaktor süzgəcindən keçir. Arxiv materialları, videolar, fotoşəkillər də burda yer alır. Tamaşaçılar keçmişdən yadlarına düşən bir filmi bizdən istəyəndə onu tapıb saytda və səhifəmizdə yerləşdiririk. Mənim qızıl fond adlandırdığım bir bazam var. Bu materialları orda saxlayıram. Bizim təşəbbüsümüzdən sonra təxminən bu stildə bir çox səhifələr, saytlar və TV verilişləri  açıldı. Düzü, əvvəllər onlara materiallar verib, kömək edirdim. Sonradan heç bir mənbəyə istinad etmədiklərini görəndə bundan bir qədər uzaqlaşdım və tək fəaliyyət göstərməyə davam etdim. Öz Yutub kanalım da var. Bu paylaşımları həm də orda yayımlayıram. İzləyicilərin kanal və səhifələr barədə fikirləri, paylaşımları sevərək izləməsi mənə xoş gəlir. Xüsusən də onlardan gələn səmimi hisslər məni daha da ruhlandırır. Təəssüf ki, hər yerdə, hər kəsdən səmimiyyət görmək olmur. Elə bil, səmimiyyət bir qədər itib. Düşünürəm ki, hər məsələdə səmimi davransaq, daha yaxşı olar...

- Sosial şəbəkələrin teatr fəaliyyətinizdə hansı rolu və əhəmiyyəti var?

- Nəzərə alsaq ki, indi internet dövrüdür, sosial şəbəkələr bu səbəbdən işlərimizdə də əhəmiyyətli yerə malikdir. İnsanlar TV kanallarından çox sosial şəbəkələrə maraq göstərirlər. Ona görə də bu platformalarda teatrın təbliği nə qədər çox olsa, o qədər yaxşı nəticələr əldə edə bilərik. Həm də gənclərin teatra marağı artar. "Teatrımızın inciləri" saytında  afişalar bölməsi var. Orda tamaşaların məkanı və vaxtı ilə bağlı məlumatlar yerləşdirilir. TV-lərdə bunlar verilir, amma hər bir tamaşa xüsusi qeyd edilmir. Sosial şəbəkələr isə TV-lərə nisbətən daha geniş imkanlara malikdir. Ona görə də bu platformaların həyatımızdakı rolu danılmazdır. 

"Dörd bacının bir qardaşı" 

- Teatra marağınız necə formalaşıb?

- Teatra marağım 5 yaşımda olarkən yaranıb. O vaxtlar ailəm məni tez-tez teatra aparırdı. Necə deyərlər, elə o vaxtdan teatra vurulmuşam. Tar üzrə incəsənət məktəbini, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Özümü məktəb vaxtlarından kəşf etmişəm. Anım günlərində, bayram tədbirlərində ssenariləri, mətnləri yazırdım. Komanda yığıb bu səhnələri canlandırırdıq, izləyənlər tərəfindən bəyənilirdi, hətta başqa məktəblərdən də dəvət gəlirdi. Uşaqlıqdan AzTV-də yayımlanan aktyorların çıxışlarına maraqla baxırdım. İstəyirdim ki, mən də bu yolla gedim. İndi tanınmaq dəb halını alıb, çox vaxt adamlar bir iş görməsələr də, məşhur olmaq istəyirlər. Amma tamaşaçılar əsl sənətə və sənətkara dəyər verməyi bacarır.

- Necə oldu ki, "Dörd bacının bir qardaşı" şou teatrını yaratmaq qərarına gəldiniz?

- 5 yaşında oğlan uşağının TV qarşısında əyləşib tamaşa izləyərkən gözlərindəki teatr sevgisindən yola çıxaraq  bu teatrı yaratmışam. Sonralar hər tamaşanın sonunda tamaşaçılardan gələn alqışlar gözlərimdəki  həmin parıltını yenidən alovlandırdı. Teatrı 2016-cı ildə yaratdım. Düzü, əvvəl çox fikirləşdim ki, görəsən, bu işi apara bilərəm, ya  yox?! Axırda teatra olan sevgimi də göz önünə gətirib qərar verdim ki, bu layihə çox gözəl alınacaq. İndi də qət etdiyim yol onu göstərir ki, mən öz fikirlərimdə yanılmamışam. Teatrımızda tanınmış simalar da iştirak edirlər. Bizim çıxışlarımız əlillər evində, teatr salonlarında, xarici ölkələrdə, hərbi hissələrdə olub. Hazırda bizim öz teatr salonumuz yoxdur. Əsas çıxışlarımız musiqili səhnəciklərdən ibarətdir. Tanınmış yazarların və öz qələmimizdən keçən səhnəciklər, musiqilər səhnələşdirilir. Tamaşaçılardan da çox razıyam ki, buna hər zaman dəyər verirlər. Onların bu sevgisi bizim sənət eşqimizi daha da artırır. Aktyora ən vacib olan tamaşaçının alqışı, sevgisi və bir dəstə güldür.

- Teatrın maliyyələşdirilməsini necə təşkil edirsiniz?

- Mənim öz əməyim və satılan biletlərin hesabına maliyyələşdirilir. Çox şükür ki, bu cəhətdən hansısa çətinliyimiz olmur. Çünki oturub nəyinsə baş verməyini gözləmirik. Bizə gələn dəvətlərdən yola çıxaraq işlər görürük.

- Teatrın adı haradan götürülüb?

- Dostlarımla bu barədə söhbət edirdik,  soruşdular ki, bəs adı necə olsun, ilk ağlıma gələn elə "Dörd bacının bir qardaşı" oldu. Belə də adlandırdıq.  

"Mən hər vəziyyətdən çıxmağı bacarıram" 

- Ailənizin sizin bu layihənizə reaksiyası necə oldu?

- Görünür, teatr sənətinin ağırlığından irəli gəlir ki, ilk vaxtlar bir qədər narazı idilər. Çünki bu sənət həm gözəl, həm də çox keşməkeşlidir. Bu sahədə istəməyənlər, düşmənlər də çox olur. Amma çox xoşbəxtik ki, nə mənə, nə komandama qarşı belə bir hal baş verib. Ailə üzvlərim də bu kimi məsələlərə görə əvvəl narazı olsalar da, elə ilk konsert olan axşamı məni alqışladılar və bunun davamlı olmasını istədilər. Bu gün  yaxınlarım, ailə üzvlərim - hər kəs bizi dəstəkləyir.

- Özünüz də həmin teatrda rol alırsınız. Bu mövzuda başınıza gələn ən çıxılmaz vəziyyət nə olub?

- Əslində, mən hər vəziyyətdən çıxmağı bacarıram (gülür). Amma yadıma gəlir, bir dəfə səhnədə olarkən qəfil ayağım ilişdi və dizim bir qədər yerə dəydi. Yerdəki dəmirin üstündə mismar var imiş. Bu anda özümü itirmədən tez ayağa qalxdım. Bir az sonra gördüm ki, şalvarımda qan ləkəsi var. Görünür, səhnədəki həyəcan bu ağrını üstələmişdi. Çünki heç nə hiss etməmişdim və axıra qədər öz səhnəciyimi ifa etmişdim.

- Bəs, səhnədə yaşadığınız ən maraqlı hadisə nə olub?

- Belə hallar çox olur. Bir neçəsi daha yaxşı yadımda qalıb. Bir dəfə aktrisamız rola gecikmişdi, özünü səhnəyə tez çatdırmaq istəyərkən yıxılmışdı (gülür). Bir dəfə də özümün səhnədə bığım qopub. Bir aktrisamızın da pariki dəsmalla bir yerdə düşmüşdü. Əslində, səhnədən əvvəl də bizim aktyorlarla maraqlı hadisələr baş verir. Ancaq hamısını da açıqlamaq olmur.

- Bir teatr aktyoru kimi teatrın bugünkü vəziyyəti və ona göstərilən qayğı ilə bağlı nə deyə bilərsiniz?

- Prezidentimizin töhfəsi ilə təqaüdlər, mükafatlar verilir, məvaciblər artırılır. Evi olmayan aktyorlar, aktrisalar evlə təmin olunur. Son vaxtlar vəziyyəti yaxşı olmayan teatrlar təmir edilir. Hazırda teatrın vəziyyətindən çox razıyam.

- Hansı aktyoru özünüzə ideal kimi görürsünüz?

- Düşünürəm ki, insanların gözü tərəzidir. Tamaşaçılar hər şeyi yaxşı görür. Deməzdim,  kimisə özümə ideal bilirəm, hər aktyorun öz yeri var.

- Bəs müasir dövr aktyorlarından kimləri yaxşı aktyor adlandırarsınız?

- Xətrini istədiyim gənc aktyorlar həddindən artıq çoxdur. Ona görə də bu barədə ayrıseçkilik etmək istəmirəm.

- Yaxın gələcəkdə görəcəyiniz işlər barədə nə deyə bilərsiniz?

- Bizə yeni əsərlər təqdim ediblər, hazırda onlarla məşğulam. Mövzuları gözdən keçirirəm. Bu il ərzində yeni proyektlərimiz olacaq. Xarici ölkələrə səyahətlər də gözlənilir. Elə Novruz bayramı münasibətilə bizi xarici ölkələrdən birinə tədbirə dəvət ediblər. Səfərlərimiz çoxdur. Tamaşaçılarımızdan həmişə olduğu kimi bizi izləmələrini istəyirəm. Çünki biz onların gözlədikləri, bəyənəcəkləri işlərə imza atmağa çalışırıq.

Günel ABBAS

 





29.01.2020    çap et  çap et