525.Az

"Əsrə bərabər ömür"ün işıqlı səhifələri - Şahanə Müşfiq yazır


 

"Əsrə bərabər ömür"ün işıqlı səhifələri - <b style="color:red">Şahanə Müşfiq yazır</b>

Əməkdar müəllim Səlim Əzimovun 90 illik yubileyi ərəfəsində çap etdirdiyi "Əsrə bərabər ömür" kitabı "Bir insan ömrünü girov qoymuşam, Bir müəllim ömrünü yaşatmaq üçün" misralarıyla başlayır.

Bundan öncə "Müəllim ömür", "Kamillik zirvəsi", "Yurd yeri", "Həyat hekayələri", "Ömür deyir yaşa hələ", "Ağdama gedən yol", "Ömrün işığı", "Ömür keçir, gün keçir", "Xatirələrdə yaşanan ömür" kitabları çap olunan, ömrünün 56 ilini orta məktəb rəhbəri işləmiş Əməkdar müəllim Səlim Əzimovun son kitabında keçdiyi fədakar əmək yolundan bəhs edilir. Eyni zamanda, kitabda görkəmli elm adamlarının mənalı həyatları, Qarabağ hadisələri haqqında məlumatlar, sənət adamları, şairlər, yazıçılar, ziyalılar, milli-mənəvi dəyərlər, maraqlı hadisələr, rəvayətlər, xatirələr, Ağdamın Novruzlu kəndinin dünəni, bu günü haqqında rəsmi məlumatlar mühüm yer tutur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, "Qızıl Qələm" mükafatı laureatı Sadıq Murtuzayev, rəyçisi Əməkdar jurnalist Bəbir Hüseynov, korrektoru Humay Mahmudovadır.

S.Murtuzayevin kitaba ön söz kimi verilmiş "Bütövlük mücəssəməsi" yazısında oxuyuruq: "...Bütöv şəxsiyyət fenomeni çox mürəkkəb bir anlayışdır və onun mahiyyətinə varmaq üçün elə keyfiyyətlər var ki, bunları saf-çürük etmək də çox böyük axtarış tələb edir. Səlim müəllimin nəşrinə hazırladığı bu kitabını məhz belə bir axtarış üçün zəngin mənbə kimi dəyərləndirmək olar. Kitabda özünə yer tapan 35 yazının hər biri Səlim müəllimin bu və ya digər keyfiyyətinə işıq salıb onu bu bütövlüyə yaxınlaşdırır və sonda tamamlayır".

S.Murtuzayev deyir ki, kitabın epiqrafı elə bu bütövlüyün başlanğıcıdır: "Kitab gözəl şairimiz və publisistik yazılarında məndə çox görkəmli bir ədəbiyyatşünmas alim təəssüratı yaradan dostumuz Ramiz Məmmədzadənin "Dostluğun dirijoru" yazısı ilə başlayır ki, bunun üçün də Səlim müəllimə əhsən demək olar. Bu yazı kitabın ən dəyərli və Səlim Əzimov şəxsiyyətini işıqlandırmaq baxımından ən tutarlı yazısı olduğuna görə yəqin ki, belə seçim edilib.

Ramiz Məmmədzadənin yazısı Səlim müəllimin "Əsrə bərabər ömür" kitabına verdiyi şərhdir və bu kitabına da həmin adı seçməsi (bu yerdə dünyaca böyük qırğız yazıçısı Çingiz Aytmatovun sovetlər dönəminin ən ali mükafatına - Lenin mükafatına layiq görülən kitabına nəzirə kimi səsləndiyini də dilə gətirmək olar) də diqqətəlayiqdir. Səlim müəllimin ömür yolunun 90 illiyi olsa da, o, bəlkə də öz məzmununa görə bir neçə belə ömür yaşamışdır".

Məqalənin müəllifi kitabda yer alan ayrı-ayrı yazılara diqqət ayırır, bəziləri haqqında şərhlərini əsirgəmir.

Kitab ümumilikdə dörd fəsildən ibarətdir. Fəsillər sırayla belə adlanır: "Publisistik məqalələr", "Poeziya nümunələri", "Mustafa həkimin dedikləri və maraqlı məlumatlar", "Novruzlu kəndi dünən, bu gün".

Əmək və müharibə veteranı Seyid Kamran Ağamirov kitabın təqdimatı və Səlim Əzimovun şəxsiyyəti haqqındakı yazısında yeni nəşr haqqında bu fikirləri vurğulayır: "Səlim müəllimin "Əsrə bərabər ömür" kitabı gənclərin öz tarixini, keçmişini öyrənmək nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Bu kitab rayonun bir kəndinin nəyə qadir olduğunu göstərməklə Ağdam və ağdamlılara verilən ən yüksək qiymətin təzahürüdür".

S.Əzimovun "Əsrə bərabər ömür" kitabı çap olunan ərəfədə Həşim Həsənoğlunun "525-ci qəzet"də çıxan "Müəllimlik zirvəsi" adlı yazısında onun şərəfli, əzmkar pedaqoq yolundan sayğıyla bəhs edilir: "Ağdamda bir çox böyük pedaqoqların öz məktəbləri olub: Surxay Qurbanov məktəbi, Kərrar Mikayılov məktəbi, Qara Hüseynov məktəbi və s. Rayonumuzun bu dəyərli, işıqlı ziyalılarının hərəsi öz dəst-xəttilə tanınıb. Səlim müəllimin məktəbi isə keçmişimizi bu günümüzə bağlayan maarif ocağıdır. Fərq isə ondadır ki, bu məktəbin taleyinə qaçqınlıq, didərginlik yazıldı. O, çöllərdə, çadır şəhərciklərdə, qəsəbələrdə, şəraitsiz, dar, taxta, dəmir otaqlarda balalarımıza elm verdi, dərs öyrətdi, vətənə məhəbbət, düşmənə nifrət hissləri aşıladı.

Bütün məclislərdə, görüşlərində, söhbətlərində əzəli mövzusu Qarabağ, yalnız Qarabağdır. Ərsəyə gətirdiyi kitablarında, məqalələrində Qarabağ həsrəti daima qırmızı xətt kimi keçir. O, Ağdamın qayıdacağına inanır və bu inamla da yaşayır, yaradır. Məclislərimizin yaraşığı, camaatımızın güvənc yeri, müdrik ağsaqqalı, əvəzedilməz pedaqoq və dəyərli ziyalımız Səlim müəllim minlərlə həmyerliləri kimi bu gün ağır qaçqınlıq həyatı yaşayır. Amma bir gün işğal altındakı torpaqlarımızın mütləq azad olunacağına inanır. Onu yaşadan da elə bu ümid, bu inancdır".

Özünün mətbuatda çap olunan "Dostlara açıq məktub"unda da yubilyarın 90 yaşını Ağdamdan, Novruzludan uzaqda- Bakıda keçirməyinin nisgili hiss olunur.

Biz də, "525-ci qəzet" olaraq, əzizimiz Səlim Əzimovu yubileyi və yeni kitabı münasibətilə təbrik edir, möhkəm cansağlığı, doğma yurd həsrətinin tezliklə bitməsini diləyirik!

 





29.01.2020    çap et  çap et